“Bu görüş üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm, cənab Prezident. Mən təşkilatçılara Sizə sual vermək məqsədilə məni buraya dəvət etdikləri üçün minnətdarlığımı ifadə etmək istəyirəm. İcazə verin, regional əməkdaşlığa qayıdaq. Müharibə bitəndən sonra Türkiyə Prezidenti Ərdoğan Bakını ziyarət etmiş və bir daha 3+3 formatı kimi məlum olan regional əməkdaşlığı qeyd etmişdir. Bu əməkdaşlıq on ildən çoxdur ki, mövcuddur. Hesab edirəm ki, o, bu məsələnin qaldırılması üçün düzgün vaxtın olduğunu düşünürdü”.
Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstanın Strateji Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi, ictimai yayımçı George Qvimradze ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
O, diqqəti bu əməkdaşlığa və bu əməkdaşlığın perspektivlərinə, xüsusilə bu formatın bir potensial iştirakçısına yönəldib: “Mən Gürcüstanı nəzərdə tuturam. Siz əvvəl qeyd etmişdiniz ki, region ölkələrindən olan həmkarlarınızla regional əməkdaşlıq perspektivlərini müzakirə etmisiniz. Sizcə Gürcüstanın bir tərəfdən Rusiya ilə çox mürəkkəb münasibətlərinin olması, digər tərəfdən isə Qərbə inteqrasiya etmək arzularını nəzərə alaraq, Gürcüstan bu növ layihələrdə, əməkdaşlıqda nə dərəcədə iştirak edə bilər? Biz bilirik ki, regional güclərin Qərblə münasibətləri pisləşməkdə davam edir”.
Prezident İlham Əliyev bu məsələni Gürcüstanın Baş naziri ilə müzakirə etməli olduğunu, lakin Baş nazirin koronavirusa yoluxması səbəbindən alınmadığını bildirib: “Mən ona möhkəm cansağlığı və tezliklə sağalmağı arzulayıram. Onun səfəri aprelin 12-nə nəzərdə tutulmuşdu. Lakin əlbəttə ki, o, koronavirusa yoluxduqdan sonra səfər təxirə salındı. Buna görə mənim onunla bu məsələ ilə bağlı birbaşa danışmaq fürsətim olmayıb. Lakin sağalan kimi biz onun səfərini gözləyəcəyik. Ancaq digər qonşularla, Prezident Ərdoğanla, Prezident Putinlə mən bunu açıq şəkildə müzakirə etmişəm və Azərbaycan və İran rəsmiləri arasında da çox yüksək səviyyədə müzakirələr olub. Mən bizim yanaşmamızda heç bir fərqin olmadığını görürəm. Azərbaycan, Türkiyə, Rusiya, İran regional əməkdaşlıqla bağlı eyni yanaşmanı bölüşür və indi əsas diqqət nəqliyyat sahəsinə yönəlib. Çünki bu vəziyyətdə uduzan tərəf yoxdur. Bundan hamı udur. Ermənistan da səssiz olaraq qoşulub, lakin açıqlamalarda onlar qoşulmadıqlarını deyirlər. Onlar bu xəstəliyi, azərbaycanofobiya və türkofobiyanı müalicə etməlidirlər. Beləliklə, bu əməkdaşlığın ölkələr üçün hansı üstünlüklərinin olması çox aydındır. Hesab edirəm ki, Ermənistan da bu üstünlüyün böyük bir payını əldə edən ölkə olacaq, çünki bu gün onların Rusiya ilə dəmir yolu bağlantısı yoxdur, İranla dəmir yolu bağlantısı yoxdur. Ermənistandan İrana dəmir yolunu inşa etmək üçün bir qeyri-real plan var idi. Lakin düşünürəm ki, onlar hesablamalar aparıb bunun 3 milyard dollara başa gələcəyini anladılar. Yaxşı layihədir, lakin onun pulunu kim ödəyəcək? Bu, sualdır. Beləliklə, onlar bu layihədən artıq vaz keçdilər.
Hesab edirəm ki, Gürcüstan üçün Rusiya dəmir yolları ilə bağlantı yaratmaq baxımından istənilən imkan real deyil və siz bunun səbəbini məndən yaxşı bilirsiniz. Azərbaycan ərazisindən də bu, mümkün deyildi. Beləliklə, əgər bu layihə baş tutsa, Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq. Azərbaycan Zəngəzur dəhlizi vasitəsilə öz dəmir yolunu Naxçıvan və Türkiyə ilə birləşdirəcək. Buna baxmayaraq, Türkiyə ilə bizim artıq Gürcüstan ərazisindən bağlantımız var – Bakı-Tbilisi-Qars. Rusiyanın Azərbaycan, Ermənistan ərazilərindən Türkiyə ilə əlavə bağlantısı olacaq. İranın da Ermənistanla bağlantısı olacaq. Bu, İrandan Rusiyaya Cənub-Şimal nəqliyyat dəhlizinin də bir hissəsi ola bilər. Çünki siz də yəqin bilirsiniz ki, İran ərazisində dəmir yolunun sonuncu seqmenti olan Astara-Rəşt tikilməyib. Orada işlər gedir. Lakin biz Ermənistanla sərhədimizə dəmir yolu bağlantısını növbəti iki ilə, maksimum iki il yarıma inşa etməyi planlaşdırırıq. Bu, dəqiq tikiləcək. Çünki biz artıq büdcə ayırmışıq və işlər başlayıb. Bu işlər və Zəngəzurun da 40 kilometri bitənə kimi. Lakin bu Rusiya dəmir yolu tərəfindən həyata keçirilməlidir. Buna da səbəb odur ki, Ermənistan dəmir yolları Rusiya dəmir yolları şirkətinə məxsusdur. Bizə artıq onların bunu etməyi planlaşdırdığı ilə bağlı məlumat verilib. Beləliklə, bu, Ermənistan, Naxçıvan, Zəngilan və sair ərazilərdən keçən Cənub-Şimal dəhlizidir. Bunlar açıq-aydın üstünlüklərdir və biz bu istiqamətlərdə çalışmalıyıq.
Gürcüstanın ehtiyat etməsi ilə bağlı eşitmişəm, mən bu haqda heç nə söyləyə bilmərəm. Mən Baş nazirlə danışmalıyam, onun mövqeyini dinləməliyəm. Lakin bizim üçün Gürcüstan təkcə strateji tərəfdaş deyil, həm də qardaş və çox yaxın ölkədir. Bu gün Gürcüstan və Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün çox önəmli rol oynayır. Beləliklə, hesab edirəm ki, əməkdaşlığın müvafiq formatını tapa bilərik, bizim niyyətimiz belədir.
Qərb ölkələri və bəzi regional ölkələr arasında gərginliklərə gəldikdə, bu, yeni bir şey deyil. Münasibətlərin pisləşməsi, tənəzzül dövrləri həmişə olub, lakin bizim regionda bu, daimi xarakter daşıyır. Odur ki, biz buna alışmışıq. Düşünmürəm ki, bu növ anlaşılmazlıq və ya qarşıdurmalar, yaxud da nəsə bizim planlarımıza ciddi zərbə vursun. Biz hamımız bəzi Qərb tərəfdaşlarımızın Bakı-Tbilisi-Qarsın inşasına qarşı çıxış etdiyini və Ermənistanı bu layihəyə cəlb etmək üçün cəhd etdiklərini yaxşı xatırlayırıq. Burada məqsəd yolun Gürcüstandan yox, Ermənistan ərazisindən keçməsinə nail olmaq idi. Mən Azərbaycan Dövlət Neft Şirkətində işləyəndə Qərb tərəfdaşlarının boru kəmərinin Gürcüstan ərazisindən yox, Ermənistan ərazisindən keçməsini təşviq etdiyini xatırlayıram. Bütün bunlara şahid olmuşam və bu proseslərdə iştirak etmişəm. Bu kəmərin inşasının necə çətin ərsəyə gəlməsinin də şahidiyəm. Çünki buna görə Dünya Bankı bir il ərzində maliyyələşməni dayandırmışdı. Lakin bu, nəyisə dəyişdi? Xeyr. İndi də heç nəyi dəyişməyəcək. Buna görə hesab edirəm ki, bu layihəni dəstəkləməyənlər qoy, dəstəkləməsinlər. Bizim buna etirazımız yoxdur. Lakin hesab etmirəm ki, hər hansı bir müdaxilə, qarşımızı almaq cəhdləri uğur qazanacaq. Buna görə bütün tərəddüd edənləri bu prosesin iştirakçıları olmağa dəvət edirəm, çünki bu, Avropaya əlavə dəhliz ola bilər və əslində, Türkiyə ərazisindən Avropaya gedəcək. Hər kəs bundan faydalanacaq. Bakı-Tbilisi-Qarsa qarşı çıxış edənlər bu gün bizə ona görə minnətdardırlar. Hesab edirəm ki, bu da onun kimi olacaq. Lakin biz, əlbəttə ki, bu məsələ ilə bağlı Gürcüstanın ehtiyat etdiyi istənilən məsələləri nəzərə alacağıq”.