“Ölkələrimiz arasındakı əlaqələr çox yüksək səviyyədədir. Bu əlaqələr xalqlarımızın iradəsi əsasında qurulubdur. Son illərdə həm qarşılıqlı səfərlər, həm əldə edilmiş razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrini daha yüksək pilləyə qaldırıbdır”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın ölkəmizdəki yeni səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul etməsi ilə əlaqədar keçirilən görüşdə söyləyib.
“Bildiyiniz kimi, mənim bu yaxınlarda Türkmənistana səfərim, səfər zamanı yeni seçilmiş Prezidentlə və Xalq Məsləhəti Şurasının Sədri ilə görüşlərim həm qardaşlığımızın növbəti təzahürü, eyni zamanda, gələcək əməkdaşlıq üçün hesablanmış görüşlər idi. Biz bütün sahələrdə iki qardaş ölkə kimi uğurla hərəkət edirik, bir-birimizi dəstəkləyirik, istər beynəlxalq müstəvidə, istər ikitərəfli, istər çoxtərəfli formatda. Son vaxtlar iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə biz yeni nəticələr görürük. Bu, bizi çox məmnun edir”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti bir daha qeyd edib ki, bu yüksək səviyyəli çoxşaxəli əməkdaşlıq tarixi köklərə əsaslanır.