Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Prezident: “Ermənistan üçün qatar getdi, o qatara minə bilərlər, əgər bizim icazəmiz olsa”

“Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri kim olub? 20 il quldurlar – Koçaryan-Sarkisyan xunta rejimi, iki il yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə olacaq!”

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

“Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər və kimə şərt qoya bilər? Hanı o yeddi şərt? Getdi işinə. Azərbaycan qondarma “Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə getdi.

“Dağlıq Qarabağ Ermənistandır və nöqtə” – bunu necə deyərlər, belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu. Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər.

Özləri etiraf edirlər ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada – bizim tarixi, qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma “Dağlıq Qarabağın” parlamentini inşa edəcəklər. Nə oldu o parlament? Vurduq, dağıtdıq, məhv etdik.

Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi axırı nə olacaq. Dərsini verdik. Öz bayrağımızı ucaltdıq Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi”, – deyə Prezident bildirib.

İlham Əliyev vurğulayıb ki, bu, birlik yumruğudur, bu, güc yumruğudur:

“Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi. İradəmiz də var, təcrübəmiz də var – əvəzolunmaz təcrübə. İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər.

Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!

Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi.

Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.

Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir.

Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”. 

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …