Cümə , 22 Noyabr 2024
Drone Cameras

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Boyukmillet.com-un məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırıram.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilmişdir. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə ölkəniz beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanmışdır.

Bütün bunların təməlində Sizin zəhmətiniz və yorulmaz əməyiniz, müdrik rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq.

İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir.

Tarixin ən önəmli anlarında Azərbaycana dayaq olmuş qardaş Türkiyənin İkinci Qarabağ müharibəsi zamanı da yanımızda olmasını, Siz başda olmaqla bütün xalqınızın müharibənin ilk saatlarından son dəqiqələrinə qədər bizi dəstəkləməsini daim yüksək qiymətləndirir və heç zaman unutmuruq. Bu gün də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası işində və yenidən qurulmasında Azərbaycana ən çox dəstək verən yenə də qardaş Türkiyədir. Bir neçə gün bundan əvvəl Sizin Azərbaycana səfəriniz çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin açılışında iştirakımız, bir sıra mühüm infrastruktur layihələrinin təməlini birgə qoymağımız qardaşlıq münasibətlərimizin sarsılmaz ənənələrinin bariz ifadəsidir.

Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …