“Biz aktiv şəkildə Cənubi Qafqazda yeni eranı müdafiə edirdik. Sülh və əməkdaşlıq erası. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq”.
Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
“Hökumət Azərbaycanın irəli sürdüyü Ermənistanla sülh razılaşmasının təməli olacaq 5 baza prinsipini qəbul etdi. Eyni zamanda, Azərbaycanın təklifi əsasında Ermənistan nəhayət sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə İşçi qrupun yaradılmasına razılaşdı. Düşünürəm ki, bunlar vacib əlamətlərdir.
İkinci Qarabağ müharibəsindən ötən il yarım ərzində Ermənistan liderliyi və mən ümid edirəm ki, əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh razılaşması imzalansa və bu baza prinsipləri tanınsa, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Biz bunu istəyirik. Mən düşünürəm ki, bizim nümayiş etdirdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhə töhfə vermək niyyətimizin aydın nümunəsidir”, – dövlət başçısı qeyd edib.