Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Prezidentin güclü sosial siyasətinin başlıca hədəfi əhalinin rifahının təmin edilməsidir”

Qənirə PAŞAYEVA
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Koronavirus ÜST tərəfindən pandemiya elan edildikdən bəri Azərbaycan dövlətinin istər qlobal həmrəyliklə, istərsə də, əhalinin sosial rifah ilə bağlı həyata keçirdiyi ardıcıl tədbirlər, görülən işlər, özlüyündə bir örnək təşkil edir. Biz bu yazıda ölkənin sosial-iqtisadi sferası, pandemiyadan irəli gələn sosial-iqtisadi problemlərin əhaliyə, o cümlədən işgüzar aləmə təsirinin minimum endirilməsi, bu planda, dövlət dəstəyinə dair məsələlərə diqqət çəkmək istərdik.

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamının icrası ilə bağlı “Tədbirlər Planı”nda məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 əsas istiqamət üzrə 12 tədbir öz əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.

Rəsmi bilgilərə görə, “Tədbirlər Planı” üzrə ayrılan vəsaitin ümumi həcmi, təqribən 3,5 milyard manat təşkil edir.

Bu tədbirlər sayəsində dövlət və özəl sektorda muzdla çalışanların iş yerləri və əməkhaqqı gəlirləri qorundu. Dövlət dəstəyini rəqəmlərlə ifadə edib, sıralayası olsaq belə bir mənzərə ortalığa çıxar:

-Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz vətəndaşı əhatə edən (aylıq 190 manat) birdəfəlik ödəmə proqramı icra olunub;

-İşini itirən şəxslərin dəstəklənməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması qərarına uyğun olaraq, artıq 65 min insan “Əmək müqaviləsi” ilə ictimai işlərə cəlb edilib;

-20 minədək vətəndaşın işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılmaqdadır. Bundan başqa, məşğulluq imkanlarının genişləndirilməsi, insanların yoxsulluqdan qorunması üçün özünüməşğulluq proqramı qapsamında 50 min nəfəri əhatə edən – minimum 12 min ailə ilə kiçik təsərrüfatların qurulması işləri aparılmaqdadır;

-Dövlətin sosial siyasətinin tərkib hissəsi olaraq 85 min ailə (bu, 350 mindən çox üzvü əhatə edir) ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Pandemiyaya görə elan olunmuş karantin müd-dətində 100 minədək aztəminatlı ailə (bu, 400 min ailə üzvünü əhatə edir) ərzaq yardımı ilə təmin edilib;

-Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin (və işçilərin əməkhaqqı gəlirlərinin) qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Görülən tədbirlər sonucunda “Əmək müqaviləsi” sayında azalma deyil, əksinə, artım baş verib. Belə ki, 2020-ci ilin yanvarın ilk günündən özəl sektorda “Əmək müqavilələrin”in sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. “Əmək müqavilələri”nin sayının artımı sonucunda əməkhaqqı fondunda 8,24 faiz artım müşahidə edilib (o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur);

-Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də, ictimai işçilərin hər birinin siyahısı e-portal vasitəsi ilə ictimaiyyətə açıqlanıb;

– Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur;

-Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və cənab Prezident 14 iyulda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanununu təsdiq edib. (Bu Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək).

Beləliklə, ölkə üzrə ümumilikdə 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün

– 2 milyard 250 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 24,09 faiz çox),

743 min nəfərə sosial müavinət və təqaüd üçün – 475 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 46,6 faiz çox),

85 minə yaxın ailənin 350 mindən çox üzvü üçün 105 milyon manat (2019-cu ilin müvafiq dövrünə nisbətən 62 faiz çox) ünvanlı sosial yardım ödənilib.

Əhali üçün nəzərdə tutulan digər dəstək tədbirləri də var əlbəttə; bizim məqsədimiz statistikanı bütünlüklə bura köçürmək deyil. Biz misal çəkdiyimiz, xatırlatdığımız faktları da yalnız ona görə sadalayırıq ki ümumi mənzərə daha aydın görünsün; görünsün ki həyata keçirilən sosial-iqtisadi siyasət milyonlarla dövlət vəsaiti tələb edir. Və bu vəsaitlərin qazanılması zamanında düzgün dövlət idarəçilyi, düzgün iqtisadi siyasət sayəsində mümkün olub. Necə deyərlər, vaxtında yığılmış vəsait olmasaydı, bugün xərcləri qarşılamaq yaxud dövlət dəstək zərflərini qəbul etmək ya mümkün olmazdı ya da çox çətin olardı. Belə olan halda, bir çox yaxın-uzaq dövlətlər kimi biz də beynəlxalq donorlardan kredit almaq məcburiyyətində qala bilərdik. Habelə, söhbət yalnız pandemiyanın ilk aylarında xərclənən vəsaitlərdən getmir, dövlət büdcəmiz, dövlətin malik olduğu maliyyə resursları, yığımlar əsas verir ki qarşı aylar ərzində də əhalinin sağlamlığını prioritet tutub, karantin rejiminin uzanacağı təqdirdə də, əhalinin sosial müdafiəsini təşkil etmək mümkün olsun.

Bu yerdə mən istərdim son 1 ayda sosial-iqtisadi planda cənab Prezidentin şəxsən iştirakı ilə baş tutmuş açılış törənlərinin, mühüm yeniliklərin, dövlət tədbirlərinin və cənab Prezidentin uyğun sahə ilə bağlı Sərəncamlarından bir neçəsini xatırladım:

– Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (06 avqust 2020);

-Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (05 avqust 2020);

-“Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (04 avqust);

-Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-Balakən rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-Balakən rayonunun Yeni Şərif kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul); -Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-İsmayıllı rayonu ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul);

-İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (31 iyul)…

– Prezident koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib (06 avqust 2020); – Ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib (30 iyul);

– Əmirvan-Vəndam avtomobil yolunun açılışı olub (29 iyul); -Prezident Qobustan, İsmayıllı, Qəbələ və Şəkidə modul tipli xəstəxanalarda yaradılan şəraitlə tanış olub (29 iyul);

-Şəkidə Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub (29 iyul);

Prezident Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub (29 iyul);

Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib (29 iyul);

-“Azərişıq” ASC-nin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib (29 iyul);

Balakən regional “ASAN xidmət” mərkəzinin açılışı olub (29 iyul);

-Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib (29 iyul);

-Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun bir hissəsinin yenidən qurulub (29 iyul);

Prezidentin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib (23 iyul);

İlham Əliyev Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib (21 iyul);

-“Böyükşor” yarımstansiyasının açılışı olub (16 iyul);

İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib (15 iyul);

-Paytaxtın Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışı olub (09 iyul);

Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı olub (06 iyul) və s.

Bu – siyahısı tam olmayan 1 aylıq fəaliyyətlər bir çox ölkənin 1 illik gündəmini təşkil edir; bizdə isə cəmi 1 ay içində bu qədər irimiqyaslı tədbirlər həyata keçirilib, sənədlər imzalanıb, işlər görlüb.

Göründüyü kimi, Prezident İlham Əliyev tərəfindən görülən işlər, ölkəmizin davamlı inkişafı, vətəndaşların rifah halının yüksəldilməsi yönündə atılan addımlar, ölkənin inkişaf reysindən çıxmaması, bütün digər həyati vacib dövlət işləri ilə yanaşı əhalinin sosial rifahının yaxşılaşdırılması, gələcəkdə daha da yaxşı olması işinə xidmət edir. Azərbaycanın hər bir vətəndaşının problemlərinin mümkün olan ən qısa zamanda və ən yaxşı şəkildə həlli Prezidentin həyata keçirdiyi siyasətin mərkəzində durur. Bu da, ölkədə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlığın təmin edilməsi ilə şərtlənir.

Cənab Prezidentin imzaladığı sosialyönümlü Sərəncamların insanların həyatına, rifah halının yüksəldilməsinə təsirini özəlliklə pandemiya dönəmində mahiyyəti üzrə görmək mümkün oldu. Yəni, pandemiyadan öncəki dönəm bir başqaydı – o dövrün öz rahatlığı, üstünlükləri vardı və pandemiya, necə deyərlər, xəbərsiz gəldi – belə bir ortamda heç də hər dövlət inkişafdan geri qalmamağı bacarmadı. Qlobal pandemiya təhdidləri hələ davam edir və belə olan halda, bayaq da vurğuladığımız kimi, dövlətin malik olduğu resurslar və o resurslardan səmərəli, məqsədyönlü istifadə etmək sahəsində artıq bir Azərbaycan modeli yaranmaqdadır.

Bu modelin müəllifi cənab Prezidentdir. Cənab İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir və bu işlər arasıkəsilmədən davam və inkişaf edir.

Son Prezident seçkilərindən sonra imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olan İlham Əliyevin, ölkənin sosial həyatında inqilabi addımları da ən yaxın illərin payına düşür. – Minimum pensiya məbləği, minimum əməkhaqqı önəmli ölçüdə artırıldı; 2019-cu il 25 fevral tarixli Prezident Sərəncamı ilə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər böyük ölçüdə artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu; məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı. Həmçinin 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu.

Bir sözlə, Prezident İlham Əliyevin hər bir vətəndaşın yanında olduğunu təsdiqləyən çoxsaylı tədbir, sənəd, tapşırıq və digər zəruri addımlar pandemiya dönəmini daha az itkilərlə, xüsusi gərginliklərdən sığortalanaraq keçirməyimizi təmin etmişdir. Son illər sosial sahədə atılan mütərəqqi addımlar Prezidentin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …