Cümə axşamı , 1 Oktyabr 2026
Drone Cameras

Prezidentin parlamentə qaytardığı qanun layihəsi qəbul olundu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov innovativ iqtisadiyyatın stimullaşdırılmasını və güzəştlərin tətbiqini nəzərdə tutan və Prezident tərəfindən imzalanmadan qaytarılan qanunun plenar iclasda təqdimatı zamanı çıxış edib.

Boyukmillet.com-un məlumatına görə, komitə sədri xatırladıb ki, Milli Məclis tərəfindən növbədənkənar sessiya dövründə dövlətimizin rəqəmsal inkişaf strategiyasının, innovasiya ekosisteminin hüquqi bazasının yaradılması məqsədi ilə 4 layihədən ibarət qanunvericilik paketi müzakirə edilərək qəbul olunub və imzalanmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib:

“Bu paketə daxil edilmiş və 3 oxunuşdan keçən qanunlardan biri Vergi Məcəlləsinə və digər 5 qanuna dəyişikliklərdən ibarət olan, rəqəmsal iqtisadiyyatın stimullaşdırılmasını, bu sahədə güzəştlərin tətbiqini nəzərdə tutan qanun olub. Dövlət başçısı innovativ fəaliyyətə dövlət dəstəyi və güzəştlərlə bağlı bu qanunu Azərbaycan Respublikası Konstitusiyasının 110-cu maddəsinə uyğun olaraq, təklif etdiyi dəyişikliklərlə təkrar baxılması üçün Milli Məclisə qaytarıb.

Biz 3 oxunuşda qəbul edilmiş qanunların Azərbaycan Respublikası Prezidenti tərəfindən təklif edilən dəyişikliklərlə qaytarılması ilə qanunun məqsədəuyğun hesab edilməməklə imzalanmadan qaytarılmasını konstitusion prosedurlar olaraq fərqləndirməliyik.

Ümumiyyətlə, qanunun imzalanmadan qaytarılması dövlət başçısının Əsas Qanunumuzda təsbit edilmiş müstəsna hüququ və bu hüququn reallaşdırılmasıdır. Bu, bir tərəfdən qanunvericilik prosesinin konstitusion davamı, digər tərəfdən də ali icra hakimiyyəti ilə qanunverici hakimiyyətin konstitusiya normalarına əsaslanan qarşılıqlı fəaliyyət mexanizmidir.

Beləliklə, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra mühüm dəyişikliklər təklif edib”.

Azər Əmiraslanov deyib ki, bugünkü plenar iclasda həmin qanun yeni redaksiyada təkrar baxılmaq üçün təqdim olunur:

“Yenilənmiş qanun Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinə uyğun olaraq aparıcı komitə kimi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilib və onun dövlət başçısının təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub. Müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəkənib. Bugünkü plenar iclasda Qanuna təklif olunan dəyişikliklərlə bağlı Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, çox hörmətli həmkarımız Şahmar Mövsümov Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi statusunda qanuna təklif edilən dəyişiklikləri təqdim etdi və onun mahiyyəti ilə bağlı ətraflı məlumat verdi.

Hörmətli həmkarlar!

Qanuna daxil edilmiş yeni müddəaların məqsədəuyğun olması barədə Komitəmizin rəyini təqdim etməklə yanaşı, bəzi məqamları da xüsusi olaraq vurğulamaq istərdik. İlk növbədə nəzərə almalıyıq ki, Milli Məclisin üç oxunuşda qəbul etdiyi qanunun yeni redaksiyada əsas konsepsiyası dəyişmir. Prezidentin təklifləri həmin konsepsiyanın həyata keçirilməsi mexanizmlərini təkmilləşdirir.

Başlıca məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi, bu sahəyə çoxşaxəli dövlət dəstəyinin göstərilməsi, özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır. İlkin yanaşmada sektor üzrə müəyyən edilən güzəştlər ümumi qaydada tətbiq edilirdi. Təklif edilən yeni dəyişikliklər isə innovativ fəaliyyətə dövlət dəstəyini konkret meyarlarla – ixrac göstəriciləri və valyuta daxilolmaları ilə əlaqələndirir və şərtləndirir.

Mühüm dəyişikliklərdən biri güzəştlərin tətbiq dairəsinin daha dəqiq müəyyən edilməsi və dövlət dəstəyinin konkret olaraq özəl innovativ sahibkarlığa istiqamətləndirilməsidir. Dövlət innovativ məhsullar üçün bazarın və tələbin formalaşmasına şərait yaratmaq məqsədi ilə 20 faizlik satınalma güzəşti müəyyən edir və yeni redaksiyada bu imperativ norma kimi təsbit olunur.

Nəhayət, yenilənmiş qanuna innovativ iqtisadiyyatın iştirakçısı olan sahibkarların hüquqlarının müdafiəsi baxımından mühüm əlavələr daxil edilir”.

Komitə sədri vurğulayıb ki, beləliklə, dövlət innovativ sahibkarlığı dəstəkləməyə davam edir, lakin bu dəstəyi şəffaf meyarlar əsasında konkret iqtisadi nəticəyə görə hədəfləyir:

“Bu o deməkdir ki, uzunmüddətli dövlət dəstəyi son nəticədə iqtisadiyyat üçün əlavə dəyər yaratmalı, ixracı və investisiyaların həcmini genişləndirməli, ölkəyə valyuta daxilolmalarını artırmalı və yerli şirkətlərin xarici bazarlara çıxışını stimullaşdırmalıdır. Başqa sözlə, söhbət dövlət dəstəyinin məhdudlaşdırılmasından deyil, onun daha ünvanlı və nəticəyönümlü tətbiq edilməsindən gedir.

Bu baxımdan hesab edirik ki, Prezidentin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Bir məqamı da nəzərə almalıyıq ki, rəqəmsal və innovativ iqtisadiyyat sürətlə dəyişən sahədir və onun kompleks hüquqi tənzimlənməsi ölkəmiz üçün də nisbətən yeni təcrübədir. Yeni texnologiyalar, biznes və maliyyələşmə modelləri yarandıqca və inkişaf etdikcə tənzimləmə mexanizmlərinin, o cümlədən bu sahədə qanunvericiliyin davamlı təkmilləşdirilməsi təbii və zəruri olacaq.

Əsas məsələ müvafiq hüquqi bazanın rəqəmsal və innovativ iqtisadiyyatın inkişaf tempinə uyğunlaşdırılması və yeni çağırışları çevik nəzərə almasıdır”.

Komitə sədri spikerə xitabən bildirib ki, qeyd edilənləri nəzərə alaraq, Milli Məclisin 3 oxunuşda qəbul etdiyi innovasiya ekosisteminə dövlət dəstəyi ilə bağlı qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsini məqsədəuyğun sayır və qanunun təqdim olunan redaksiyada səsə qoyulmasını xahiş edir.

Layihə səsə qoyulub və yekdilliklə qəbul olunub.

Check Also

Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, iş …