Ağdam, Füzuli, Cəbrayılın minalarla çirklənmə səviyyəsinin dünyada analoqu yoxdur.
Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “İşğaldan azad edilən ərazilərin bərpası və “Böyük Qayıdış” proqramı mövzusunda çıxışı zamanı deyib.
Prezidentin xüsusi nümayəndəsinin sözlərinə görə, Qarabağda mənfur düşmən tarixi və mədəni abidələri, iqtisadiyyata, ekologiyaya elə zərbə endirib ki, bunun fəsadlarını aradan qaldırmaq üçün uzun illər lazım olunacaq: “Ağdam, Füzuli, Cəbrayılın minalarla çirklənmə səviyyəsinin dünyada analoqu yoxdur. 30 illik işğal dünya qlobal proseslərin elə dövrünə təsadüf etdi ki, bu dövrdə inqilabi hadisələr baş verdi. Əgər bu fəsadlar prta əsrlərdə baş versəydi fəsadlar o qədər bilinməzdi. Tamamilə dağıdılan ərazilərin bərpası böyük prosesdir. Bu işi sistemli və mərhələli şəkildə həyata keçirmək üçün innovativ layihələr həyata keçirilir. İlham Əliyevin həyata keçirdiyi quruculuq işləri vahid strategiya əsasında icra olunur. Bütün proseslər tənzimlənir”.
O qeyd edib ki, şanlı qələbə yeni inkişaf perspektivləri yaratmış oldu: “Ölkə başçısı İlham Əliyev elə bir şanlı qələbə əldə etdi ki, doğma torpaqlar öz xalqımıza geri qayıtdı. Ölkənin ərazi bütövlüyü və suverenlik bərpa edildi. Dayanıqlı sosial iqtisadi inkişaf ölkənin ən böyük hədəfinə çevrilib. Azərbaycandakı vəziyyət və 30 il ərzində düşmənin törətdiyi vandalizm aktları misli görünməmiş vəziyyətdir və bunun dünyada analoqu yoxdur. Digər dövlətlərin də münaqişələrində dağıntılar olub, lakin hansısa şəhərin yer üzündən silinməsi miqyası olmayıb”.