Cümə , 22 Noyabr 2024
Drone Cameras

Psixoloji problemləri olan birinin üzərindən dövləti etibarsızlaşdırmağa cəhd etmək ən azı vicdansızlıqdır Oktay Hacımusalı

Şəhid və qazi ailələrinə göstərilən göstərilən xüsusi diqqət və qayğı hər zaman hiss olunub, olunur və olunacaq. Bundan heç kimin şübhəsi olmasın. Amma suyu bulandırmağa cəhd edənlər, hər vəchlə dövlətlə xalq arasında uçurum, qarşıdurma yaratmağa cəhd göstərənlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını heçə endirməyə çalışmaqdan yorulmurlar. Bu dünən də belə idi, bu gün də belədir… Su uyuyur, düşmən dəyirmanına su tökən qüvvələr əsla uyumur. Bəs sabah da belə olacaqmı? Hə, bax, sabah bu dəllalların meydan sulamaması üçün əlimizdən gələni etməliyik. Xəbərin mənbəyini araşdırmadan, kimin kim olduğunu bilmədən xəbər hazırlayanda nəticəsi də məhz elə bu cür də olmalı idi. Düşünün, açırsınız telefonunuzu ya da bilgisayarınızı və görürsünüz nitq qüsurlu bir qadın iki övladının itkin düşdüyünü jurnalistə, ki, əgər ona jurnalist demək mümkündürsə, danışır və bütün ovqatınız olur alt -üst. Və siz Vanqa deyilsiniz ki; biləsiniz bu qadın düz danışır yaxud da yalan. Deyək ki, nəsə bir şübhəniz yarandı və bunu yaza bilərsinizmi? Sosial mediada bir qaragüruh sürüsü var ki, o dəqiqə hazırdılar: gözün elə bunu görür, gücün, hünərin çatır, harınlamış məmurlardan və onların balalarından yaz! deyirlər. Qəribə tendensiyadır, elə deyilmi? Deyirəm, yaxşı ki, bu məmurlar da var. Dövləti, ordunu, güc strukturlarını etibarsızlaşdırmağa cəhd edəndə dərhal keçirsən sığınırsan arxasına. Heç kim də heç nə demir. Əksinə, deyirlər, halaldır, bax, görürsən, qəhrəmandır… ama heç kim bircə dəfə də olsun, lütf edib beynini işə salıb düşünmür ki, Azərbaycan bapbalaca ovuc qədər bir yerdir təbiri caizsə, özümə zəhmət verim, araşdırıb baxım görək ki, deyilənlər düzdür mü? Yox, nə danışırsınız, elə şey olar? Nurlan Librelərin, Mehman Hüseynovların qışqıra qışqıra qəhrəman olduğu bir dönəmdə yaşayırıq. Əsli, üzü, astarı olmayan xəbəri ötür sosial mediaya, dalınca bax kefinə! Bir də belələrinə araşdırmaçı jurnalist demirlər? Pah, kefə bax da!
Müxalifət mediası ilə işim yoxdur, onlar Məşədi Ibad demişkən bir növ adətkərdədirlər, həftədə ən azı üç dörd xəbərləri feyk çıxır, arlanıb abırlanmaq əvəzinə hələ bir adamı borclu da çıxarırlar. Bəs bu özünü müstəqil media adlandıranlara nə deyək? Bu sətirləri yaza yaza yadıma bir hadisə düşdü: “Yeni Azərbaycan” qəzetində çalışdığım zamanlarda Nərgiz xanım kimi bir xanımı tapıb danışdırmışdılar ki, guya Xoxalıdandır. Amma Xocalı rayonunun müvafiq qurumlarından aldığımız məlumat nəticəsində məlum olmuşdu ki, həmin xanımın Xocalı rayonu ilə heç bir əlaqəsi yoxdur və ümumiyyətlə həmin xanım o rayonda qeydiyyatda belə deyil. Bunu yazmışdıq və deyəsən Azadlıq radiosu vermişdi xəbəri, xəbəri hazırlayan “jurnalist” də mənə yazmışdı ki, nə olar, xanım Xocalıdan deyil, evsiz qalmalıdır? Əlim üzümə yapışmışdı, eləcə key-key baxmışdım monitora. Onlar onsuz da o məktəbi keçiblər, ağa qara demək vərdişləridir, ay gün boyunca sosial mediada nifrin yağdıranlar, siz nə qazandınız? Hələ bir politoloq da var idi aralarında, deyəsən Fərhad Mehdiyevdi də, ay yoldaş, politoloq, yazdıqlarından, dövləti etibarsızlaşdırmağa cəhd göstərməyindən utandın bir damcı?!
Sonda, Allah o xanıma şəfa versin! Elə o reytinq xətrinə o xəbəri tirajlayanlara da!

Boyukmillet.com

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …