Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq”

Bu gün “Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

Boyukmillet.com xəbər verir ki, “Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq” adlı veriliş Qərbi Azərbaycanın Loru mahalının, Kalinino (indiki Taşir) rayonunun Qızılşəfəq kənd sakini Nazirə Dəmirçiyevanın həyat hekayəsinə həsr olunub.

O, doğulub böyüdüyü kənddə uşaqlıq, orta məktəb və yeniyetmə çağlarının çox gözəl keçdiyini deyib: “Sinif yoldaşlarım, qonşular, uşaqlar həmişə bir yerdə, bir məhəllədə çox gözəl, mehriban, bir ailə kimi dolanmışıq, günlərimiz bir yerdə keçib. Çilingağac, beşdaş, voleybol, qaçdı-tutdu, gizlənqaç oynayırdıq. Meşəyə bulağa gedərdik, Novruz bayramını təmtəraqlı keçirərdik. Mənim ən yaralı yerim Qızılşəfəq kəndidir. Ona görə ki, anam 1988-ci ilin oktyabrın 20-də xəstəlikdən rəhmətə gedib. Amma elə bir vaxt rəhmətə gedib ki, biz onda kənddən çıxmışdıq. Bu, məni çox sızıldadır. İstəyərəm geri qayıdam, anamı ziyarət edəm. Heç anama başdaşı qoyulmayıb. Anam babamın yanında basdırılıb”.

N.Dəmirçiyeva qaçqınlıq dövrünün çətinliklərindən danışıb, əvvəlcə Yevlax rayonunun Şilyan kəndində, sonra isə Oğuz rayonunda məskunlaşdıqlarını, Vətən həsrətinin onun üçün çox ağır olduğunu bildirib.

Həyat hekayəsinin həm maraqlı, həm də kədərli olduğunu vurğulayan N.Dəmirçiyeva Qərbi Azərbaycandan köçən zaman böyük zərbə aldığını söyləyib: “Kəndimə ürəklə, qaça-qaça gedərəm. Orada mənim əzizlərim var, getsəm, sanki yenidən doğulmuş kimi həyatımı yaşayaram. Qarabağ qayıdıbsa, Qərbi Azərbaycan da qayıdacaq. Biz yenidən həmin yerlərimizə qayıdıb orada yaşayacağıq. Biz orada doğulmuşuq, yaşamışıq, amma bizə çox böyük haqsızlıq edilib. Orada erməni o qədər olmayıb. Sonradan haradansa gəlib çoxalıblar. Bizim kəndin təbiəti, havası, suyu gözəl olduğu üçün Vətənə qayıdacağıq. Ora bizim dədə-baba yurdumuzdur, yaşayış yerimizdir. Həyatımızın ən gözəl günlərini orada yaşamışıq. Ona görə, İnşallah, biz ora qayıdacağıq”.

Övladları Murad və Seymur Həsənli qardaşları da analarının kəndinə getmək istəyirlər: “Biz həmişə oranı beynimizdə canlandırırıq. Ora çox qəşəng, təbiəti gözəl kənddir. Ora getməyi çox istəyərik. İnşallah, gələcəkdə ora gedəcəyik, orada yaşayacağıq. Anam həmişə danışır ki, oranın gözəl təbiəti, gözəl çayları var. Anamızın doğma yurduna getmək istəyirik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Check Also

Bu gün Azərbaycanda matəm günüdür

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda …