Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir. Növbəti konfrans mayın 31-də Qəbələ şəhərində keçirilib.
Boyukmillet.com xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, agentliyin məsul əməkdaşları, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağdaş rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri, adıçəkilən rayonların icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri iştirak ediblər.
Qəbələ şəhərindəki Heydər Əliyev adına Konqres Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva konfransı açaraq tədbirin proqramı barədə geniş məlumat verib. Bildirib ki, indiyədək Quba, Gəncə və Şəmkir rayonlarında keçirilən və sayca dördüncü olan bu zona konfransı region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. Beş iqtisadi rayonu əhatə edəcək bu konfrans QHT-lərin fəaliyyətinə müsbət təsirini göstərəcək.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxışında qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və sair bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
Vüsal Quliyev bildirib ki, bu gün bu sahənin daha da təkmilləşdirilməsi üçün geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır. Regionlarda keçirilən zona konfranslarının əsas məqsədi bundan ibarətdir və gələcəkdə bütün təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq. Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsi məsələsinin də olduqca vacib məqamlardan biri olduğunu qeyd edib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək bildirib ki, dövlətimiz bu gün ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx işbirliyi qurur, bu sahənin inkişafına dəstək göstərir və regionlarda keçirilən zona konfransları da bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin daim diqqət və qayğısı nəticəsində Qəbələnin son illər sürətli inkişaf dövrünü yaşadığını vurğulayan icra başçısı qeyd edib ki, Qəbələ Azərbaycanın ən dilbər guşələrindən birinə, turizm diyarına çevrilib. Qəbələ beynəlxalq tədbirlərə, musiqi festivallarına, mötəbər idman yarışlarına, Avropa və dünya çempionatlarına ev sahibliyi edir.
Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova çıxışlarında zona toplantısının QHT nümayəndələri üçün faydalı olacağını bildiriblər. Çıxışlarda, həmçinin icra hakimiyyətləri yanında ictimai şuraların fəaliyyətinə toxunulub, onların işinin daha da genişləndirilməsinin və təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Zona konfransı müzakirələrlə davam edib.