Bir neçə gün əvvəl bir qrup Qərbi Azərbaycan ziyalısı tərəfindən mühacirətdə Qərbi Azərbaycan hökumətinin elan edilməsi böyük əks-səda doğurmaqla yanaşı, müəyyən müzakirələrə də zəmin yaradıb.Təşəbbüs cəmiyyətdə demək olar ki, böyük əksəriyyət tərəfindən dəstəklənir və alqışla qarşılanır. Lakin etiraz edənlər də yox deyil.
Mühacir hökumətin yaradılmasına qarşı çıxanlardan biri Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlidir.
Boyukmillet.com saytı millət vəkili ilə onun etirazına səbəb olan amillər və fərqli mövqe göstərməsinin səbəbləri ilə bağlı söhbət aparıb. Əziz Ələkbərli məsələyə narazılığı ilə bağlı suallarımızı cavablandırıb:
“Bu məsələ 2 ay əvvəl də ola bilərdi, 2 ay sonra da ortaya çıxa bilərdi. Niyə məhz indi?”
-Əziz müəllim, mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Hökumətinin yaradılması təşəbbüsünə qarşı çıxanlardan biri də siz oldunuz. Bunun səbəbi nədir?
-Təbii ki, Qərbi Azərbaycan uğrunda mübarizə son dərəcə aktual və cəlbedci məsələdir. Çoxları da məsələnin bu zahiri tərəfinə aludə olub münasibət bildirir.
Ancaq bu, göründüyü qədər də sadə məsələ deyil. Ən azı bir qrup adamın videogörüş keçirib, beş dəqiqənin içində “Biz Qərbi Azərbaycan Respublikasını yaratdıq” deyə elan edəcəyi qədər də sadə məsələ deyil. Mən ilk gündən bu hökumətin yaradılması ilə bağlı öz narazılığımı bildirmişəm.
Birincisi, belə bir təşəbbüsün ortaya çıxması ilk dəfə deyil. Bu, Qərbi Azərbaycan Hökuməti yaratmaq yolunda 6-cı təşəbbüsdür və bundan əvvəlki beş təşəbbüs iflasa uğrayıb. Niyə iflasa uğrayıb? Ona görə ki, bu təşəbbüsü irəli sürənlər hər zaman öz subyektiv maraqları naminə bu ideyanı irəli sürüblər. Çox vaxt da bu ideya ya hökumətə təzyiq vasitəsi kimi, ya da öz şəxsi məqsədlərini həyata keçirmək naminə ortaya atılıbdır. Bilirsiniz ki, Qərbi Azərbaycanlılar siyasi cəhətdən fəal təbəqədir, sosial baxımdan xeyli sayları var. Bundan əlavə torpaq itirmiş insanlardı, dərdli insanlardı və onların hər birinin içərisində vətən yanğısı var. Belə adamlardan sosial baza kimi istifadə etməyə dəfələrlə təşəbbüs göstərilib. Bu, heç şübhəsiz ki, nə Azərbaycan dövlətinin və xalqının xeyrinədi, nə də Qərbi Azərbaycanlıların özünün xeyrinədir.
Ona görə də mən bu gün bu məsələnin ortaya atılmasının bəzi şübhəli məqamlarını da görürəm. Bilirsiniz ki, bu gün Azərbaycanda kadr və struktur islahatları gedir, antikorrupsiya əməliyyatları həyata keçirilir. Bir sözlə, tarixin çox həssas bir zamanıdır və bu prosesdə ifşa olunan qruplar, 5-ci kolonun nümayəndələri hər vəchlə çalışırlar ki, diqqəti özlərindən yayındırsınlar, bu ifşadan yaxalarını kənara çəksinlər. Düşünürəm ki, bu məqsədlə də gündəmi dəyişmək niyyəti hiss olunur. Bax, belə bir məqamda gündəmi dəyişmək üçün bu məsələnin ortaya atılmasına mən xeyli şübhəli yanaşdım. Bu məsələ 2 ay əvvəl də ola bilərdi, 2 ay sonra da ortaya çıxa bilərdi. Niyə məhz indi? Bax bunun özü şübhəli məqamdır. Haradasa gündəmi dəyişmək məqsədi burada hiss edilir.
İkincisi, mən bu respublikanın elan olunmasının formasına etiraz etmişəm. Əvvəl də dediyim kimi, bu çox ciddi məsələ olduğu halda birdən-birə beş-on nəfərin yığılıb dövlət elan eləməsinə mən normal baxmıram. Bunun üçün bütün ömrünü Qərbi Azərbaycan məsələsinə həsr edən mütəxəssislər var, ziyalılar var, bizim politoloqlarımız, hüquqşünaslarımız var. Bu məsələ dönə-dönə müzakirə olunmalı idi. Müzakirə edilib ümumi rəylə “Biz erməniyə qarşı mübarizənin hansı forması ilə uğur qazanarıq” sualına cavab tapılmalı idi, bundan sonra mübarizənin forması tətbiq olunmalı idi.
Təəssüf ki, biz sözügedən vidokonfransda həmin ziyalıları, mütəxəssisləri demək olar ki, görmədik. Bu da şübhəli bir məqamdır. Mən o tədbiri təşkil edənlərin böyük hissəsinin müxalifətyönümlü olmasını da bir az normal qəbul etmirəm. Çünki bu elə ciddi ümumxalq məsələsədir ki, burada bütün kateqoriyadan olan insanlar təmsil olunmalı idi.
“Biz niyə qərargahımızı Azərbaycanda yox, xaricdə axtarmalıyıq?”
-Siz həm də bu hökumətin Türkiyədə elan edilməsinə etiraz edirsiniz. Bunun səbəbi nədir?
-Bəli. Mənim bir narahatçılığım da bu hökumətin qərargahının Azərbaycanda yox, qonşu ölkədə yerləşməsi məsələsidir, bu ideyanın Türkiyədən səslənməsidir. Türkiyə bizim qardaş ölkədir, burada təhlükəli cəhət odur ki, bu məsələ ilə biz qardaş Türkiyəni də zərbə altına qoymuş olarıq. Amma burada bir məqamı da vurğulamaq istəyirəm. Burada haradasa həmin qurumun gələcəkdə Azərbaycan dövlətinin nəzarətindən kənarda qalmasına hesablanmış kimi bir məqsəd də hiss edilməkdədir.
Mənim növbəti narahatlığımdan biri də hökumətin elan olunmasından dərhal sonra onun maliyyə məsələləri ilə bağlı xaricdəki iş adamlarına müraciət olunması və dərhal da onalrdan müsbət cavabın gəlməsidir.
Məlumdur ki, istər 1948-53-cü illər deportasiyası zamanı, istərsə də 1988-91-ci illər sonuncu deportasiya zamanı Qərbi Azərbaycan əhalisi demək olar ki, bütövlükdə Azərbaycana sığınıbdı və Azərbaycan dövlətindən, xalqından hər cür dəstək görübdü. Yəni, bu insanlar bu gün Azərbaycanda yaşadıqları halda niyə bu hökumətin qərargahı xarici ölkədə yerləşməlidir. Bu da mənim narahatlığıma səbəb olan cəhətlərdən biridir. Bu əhalinin Azərbaycan xalqından və dövlətindən heç bir narazılığı yoxdursa biz niyə qərargahımızı Azərbaycanda yox, xaricdə axtarmalıyıq? Bu da mənim şübhə etdiyim məqamlardan biridir.
Nəhayət, biz Qərbi Azərbaycan uğrunda mübarizəni elə qurmalıyıq ki, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərər gəlməsin. Yəni bizim bir dövlətimiz var: o da Azərbaycan dövlətidir. Bu hökumətin yaradılması Azərbaycan dövlətinin möhkəmliyinə, güclənməsinə xidmət etməlidi. Bu gün Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ məsələsidir və mən də müsahibələrimdə dəfələrlə demişəm ki, biz Qərbi Azərbaycan uğrunda mübarizəni Qarabağ uğrunda mübarizənin tərkib hissəsi hesab edirik. Biz bu mübarizəni bu gün ona görə gücləndirməliyik ki, Qarabağ məsələsində güzəştlərə nail olaq. Bu mübarizəni elə formada aparmalıyıq ki, ən azı beynəlxalq səviyyədə dəstək ala bilək. Yəni bu gün Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı yaşamadığı halda birdən-birə dövlət elan eləmək bir az mübahisəli məsələdir.
“Həmin qərarın altında Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırovun da imzası var”
-Sizin təklifləriniz nədən ibarətdir? Mübarizənin nəticəsini real görürsünüzmü?
-Bugünkü Ermənistan Respublikası hazırkı sərhədlər daixlində BMT və bütün xarici dövlətlər tərəfindən tanınıbdı. Bu gün qalxıb demək ki, biz bu dövləti ləğv edəcəyik, yerində öz dövlətimzi quracağıq, bu, bir az realıqdan çox uzaqdır. Biz Qərbi Azərbaycan İcmasını yaradanda da bu məsələləri dönə-dönə müzakirə etdik və belə qərara gəldik ki, əvvəlcə Azərbaycan İcması yaradılmalıdır və onun qarşısında konkret məsələlər qoyulmalıdır. Bu məsələlərdən biri Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icmalarını formalaşdırmaq olmalıdır. Bu insanlar demək olar ki, Azərbaycanın bütün bölgələrinə səpələnibdir. Qərbi Azərbaycan uğrunda mübarizəni effektiv aparmaq üçün ilk növbədə bu insanlaırın birliyi yaranmalıdır. Biz kəndlər və rayonlar üzrə icmaları formalaşdırmağa başladıq. Bu, eyni zamanda, insanların tarixi vətənlərinə bağlığını təmin etmək üçün lazım idi, Qərbi Azərbaycanın deporstasiya hadisələri zamanı soyqırımı ilə bağlı çoxlu materialları bir yerə toplamaq üçün lazım idi. Yəni, biz kifayət qədər erməniyə qarşı effektiv mübarizə aparmaq üçün sənədlərlə, sübutlarla təmin olunmalıyıq.
Biz 1948-53-cü il deportasiyası ilə bağlı ayrıca məsələ də qaldırmalıyıq. Çünki Sovet dövründə deportasiya olunan bütün xalqılara tarixi, siyasi-hüquqi bəraət verilib, ancaq Qərbi Azərbaycandan deportasiya olunmuş insanlara bu bəraət verilməyib. Bu tarixi bəraəti almaq lazımdır və həmin deportasiya qurbanlarını, onların övladlarının əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu (repatriasiya) bərpa etmək lazımdır. Bu da bizim mübarizəmizin tərkib hissəsidir.
Tarixdən məlumdur ki, 1918-ci il mayın 29-da Milli Şura İrəvanı ermənilərə güzəştə getməklə bağlı qərar veribdi. Bunu müəyyən şərtlərlə edibdi. Biz bu sənədin də ləğvi məsələsini qaldırmalıyıq. Həmin protokolda qoyulan şərtlərə ermənilər əməl etməyiblər. 1948-52-ci il deportasiyasının da ləğvini Azərbaycanın qərarı ilə edə bilərik. Çünki həmin qərarın altında Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırovun da imzası var. 1947-ci ildə M. Bağırov və Ermənistanın 1-ci katibi Arutunyan birlikdə Stalinə məktub ünvanlayıblar və Ermənistandakı azərbaycanlıların Azərbaycanın Kür-Araz ovalığına köçürülməsini xahiş ediblər. Bizim parlament bu məsələni müzakirə edə bilər.
Biz əvvəlcə azərbaycanlıların indiki Ermənistana qaytarılması və Azərbaycanda ermənilərə veriləcək statusun Ermənistanda da bizə verilməsi məsələsini də qaldıra və buna nail ola bilərik. Qalan mübarizə bundan sonra aparıla bilər. Yəni , bu daha real görünür, eyni zamanda beynəlxalq dəstək də ala bilər. Ancaq birdən-birə Respublika elan etmək, həm də həmin ərazilərdə bir nəfər də azərbaycanlının yaşamaması şəraitində, bu, bir qədər qeyri-realdır.
“Biz həmişə Qərbi Azərbaycan uğrunda mübarizə aparmışıq”
-Axı biz hər zaman deyirik ki, indiki Ermənistan dövlətinin əraziləri bizim tarixi torpaqlarımzıdır. Bu fikrin kifayət qədər tarixi, siyasi və hüquqi əsasları da mövcuddur. Belə olan halda haqqımız olanı almaq üçün real addımlar atmağın vaxtı deyilmi?
-Heç şübhəsiz Qərbi Azərbaycan torpaqları tarixi Azərbaycan əraziləridir. Min illər orada Azərbaycan xalqı yaşayıb. 1827-ci ildə İrəvan Xanlığı süqut edənədək, Rusiya tərəfindən işğal eidilənədək bu ərazilər vahid Azərbaycanın tərkibində olubdur. Ona görə də o torpaqlar uğrunda mübarizə aparmaq hər bir vətəndaşın, hər bir azərbaycanlının borcu və vəzifəsidir.
Onu da əlavə edim ki, bu mübarizə bütün dövrlərdə aparılıbdır. 70 il Sovet dövrünü çıxmaq şərtilə əvvəl də olubdur, 1988-ci ildən sonra da aparılıbdır. 1919-cu ildə Azərbaycan Parlamentində Fövqəladə Təhqiqat Komissiyası yaradılıbdı və həmin bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi bütün cinayətlər sənədləşdirilibdi. Lakin Cümhuriyyətin buna siyasi qiymət verməyə ömrü çatmadı.
Ancaq Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra bu məsələ yenidən gündəmə gəldi. 1997-ci il dekabrın 18-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlıların deportasiyası ilə bağlı Fərman hazırlanıb imzalandı. Bu fərmanda ilk dəfə azərbaycanlıların deportasiyasına siyasi-tarixi qiymət verildi.
Qərbi Azərbaycanlılar 1988-ci il son deportasiyadan sonra tarixi torpaqları uğrunda müxtəlif formalarda mübarizə aparıblar. Müxtəlif təşkilatlar və qurumlar yaradılıb. Digər tərəfdən xeyli faktlar və materiallar toplanıbdır, əsərlər, kitablar yazılıbdır və sair. Mən özüm bu mövzuda 20-dən artıq kitabın müəllifiyəm. Mərhum Sabir Əsədov, İsrafil Məmmədov, Həsən Mirzəyev, millət vəkili Musa Urud, professor İbrahim Bayramov, professor Ramiz Əsgər, professor Aslan Bayramov, tarixçi alim Nazim Mustafa, Flora Xəlilzadə – bu siyahını istənilən qədər artırmaq olar – bunlar hamısı bu mövzuda çox tədqiqatlar aparıb, kitablar yazıblar. O torpaqların tarixi Azərbaycan əraziləri olduğunu sübut edən xeyli fakrlar sənədləşdirilib. Bu da mübarizənin bir formasıdır. Bundan sonra da bu istiqamətdə çox iş görmək olar. Çünki xeyli hüquqi sənədlər mövcuddur.
Cənab Prezident İlham Əliyev bir sıra görüşlərdə indiki Ermənistan ərazilərinin tarixi Azərbaycan toraqları olması, oradan bizim soydaşlaırmızın qovulması məsələsini hər dəfə qaldırıbdı, gündəmə gətiribdi. Cənab Prezident də deyib ki, İrəvan, Göyçə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Biz mütləq o torpaqlara qayıdacağıq və bu bizim strateji hədəfimizdir. Dövlət başçısı səviyyəsində bu fikirlər dəfələrlə sasləndirilib.
Ona görə də mən bu fikirlə razı deyiləm ki, biz bu ideya uğrunda nə vaxt mübarizə aparacağıq. Biz həmişə Qərbi Azərbaycan uğrunda mübarizə aparmışıq. Bu mübarizə sonadək davam edəcəkdir.