Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasından”Qalib əsgərə, təşəkkür!”

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması 27 sentyabr – anım günü ilə əlaqədar tədbir keçirib.

Məlumdur ki, öllkə başçısının müvafiq sərəncamı ilə bu ildən 27 sentyabr tarixi Azərbaycanda Anım günü kimi qeyd olunacaq.     Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşəbbüsü ilə  Zəfər tarixinin başladığı günün ilk ildönümü əlaqədar “Azərkitab”da  “Qalib əsgərə, təşəkkür!” -adlı tədbir keçirildi.  Azərbaycanın haqq və şərəf işi, ərazi bütövlüyünün bərpasında  qəhrəmanlıq və şücaət göstərərək Vətənin müdafiəsinə qalxmış bir qrup Qərbi Azərbaycan kökənli  müharibə iştirakçısının dəvət olunduğu tədbirdə Türkiyəli ictimai xadim, tarixçi-alim Ziya Zakir Avcar da iştirak edib. Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə  ilk olaraq Vətən müharibəsinin tarixi döyüş səhnələrini əks etdirən sənədli kadrlar nümayiş etdirilib .

Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad olunub. Bu duyğusal və kövrək anlardan  sonra tədbirin məramı və məqsədi haqda söz açan Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri Telli Pənahqızı ilk olaraq tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçılarına, habelə bu tarixin yazılmasında müstəsna rolu, qətiyyəti və iradəsi ilə iz qoyaraq Azərbaycanın yeni tarixini yazan sərkərdəmiz, cənab Ali Baş Komandan İlham Əliyevə bütün xalqımız və Qaçqınlar Cəmiyyəti adından təşəkkürünü bildirdi.

O qeyd etdi ki, zaman-zaman taleyinə mənfur qonşularımız  tərəfindən təcavüz, işğal və xəyanət yazılan xalqımız bu günkü qələbəni məhz bu yolda canlarından keçən şəhidlərimizə və qazilərimizə borcludur. Qərbi Azərbaycan kökənli insanlar tarixin 200 ili boyunca erməni vəhşilikləri ilə üz- üzə qalıb, mənfur düşmən bu böyük elatı dəfələrlə  yurd-yuvasından  didərgin salıb, bədnam havadarlarının  köməyi ilə özünə “dövlət” yaratmağa nail olan haylar zaman- zaman torpaqlarımıza sahib çıxıb, özünə vətən düzəldib- deyən  Qadınlar Şurasının sədri, Qərbi azərbaycanlıların da tezliklə əzəli və əbədi  torpaqlarına qayıdacaqları günün uzaqda olmadığına inandığını söylədi. 

O həmçinin qeyd etdi ki, 44 günlük Vətən Müharibəsində hər bir azərbaycanlının ürəyi döyüş meydanındakı  qəhrəman oğulların yanında olub. Bu gün bütün dünyanı heyrətə gətirən qəhrəman ordumuzun, qalib əsgərlərimizin yazdığı tarixlə qürur duyduğumuzu bir daha fəxrlə söyləyən sədr, sözü Azərbaycan Qaçqınlar cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərliyə verdi.

Qərbi Azərbaycanla bağlı həqiqətləri araşdırıb, tarixi faktlar və tutarlı əsaslarla diqqətdə saxlayan alim qeyd etdi ki, artıq bir ildir ki, hamılıqla Azərbaycanın böyük qələbəsinin qürurunu yaşayırıq.

Bu qələbə asan əldə olunmayıb! Bu qələbə  Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, səriştəli diplomatik gedişləri, sərkərdəlik qabiliyyəti, Azərbaycan Ordusunun hərbi rəşadəti,  xalqımızın birliyi və həmrəyliyi ilə qazanılıb. 44 günlük müharibədə düşmənlə üz-üzə duran Vətən övladlarının qəhrəmanlığından söz açan millət vəkili bildirib ki, istər şəhidlərimizin, istərsə də qazilərimizin nümayiş etdirdikləri şücaət hər birimiz üçün örnəkdir. Biz bunları heç vaxt unutmayacağıq və bu qəhrəman övladlar hər zaman bizim baş tacımızdırlar. 27 sentyabrı 200 illik tarixi prosesdə dönüş nöqtəsi adlandıran millət vəkili, məhz bu gündən Qərbi Azərbaycana qayıdış üçün geriyə sayımın başlandığını da vurğulayıb.


” 200 ildən bəri itirdiyimiz torpaqların geri alınması prosesi 27 sentyabrdan başlayıbsa, əmin olmalıyıq ki, bu sıfır nöqtəsinədək davam edəcək.” – deyən millət vəkili onu da vurğulayıb ki, bu gün bir xalqın  prezidenti Zod aşırımında, Ömər aşırımından Qərbi Azərbaycanla bağlı çox önəmli ismarışlar verirsə, demək ki, bizim xalqımız  mütləq o torpaqlara da qayıdacaqdır!


Sonda tədbir iştirakçılarına təşəkkür edən Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri qarşıda çox məsuliyyətli və vacib məsələlərin də durduğunu diqqətə çatdırdı. Daha sonra Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədr müavini Rahilə Abdullayeva söz alaraq tədbirə qatılan Vətən mühatibəsi iştirakçıları haqda məlumat verdi. Hər biri alqışla qarşılanan qazilər də öz ürək sözlərini,  44 günlük Vətən Müharibəsinin ağrılı və sevincli   təəssüratlarını paylaşdılar.


Türkiyəli qonaq, araşdırmaçı və daha çox Qərbi Azərbaycanla bağlı tədqiqatlar aparan Ziya Acar da xalqımızın 44 günlük müharibə tarixinə töhfələrini verən hər bir əsgərimiz üçün türk qardaşlarımızı keçirdiyi qürur və sevinci dilə gətirdi, xalqımızın haqq işini dəstəkləyən qardaş Türkiyənin hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirdi.


Tədbirdə eyni zamanda icma üzvü olan əsgər valideynləri,  şəhid ailələri və keçmiş döyüşçülər də öz düşüncələrini bölüşdülər.
Tədbirin sonunda qazilərimizə İcmanın hazırladığı hədiyyələr, təşəkkürnamələr və kitablar təqdim olundu. Yığıncaq  çay süfrəsi arxasında da davam etdirildi.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …