Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasının fəaliyyəti davamlı və planlıdır

Dünya ictimaiyyəti bilməlidir ki, yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan qovulub”

  “Qərbi Azərbaycan İcması öz hüquqlarını müdafiə etməklə və reallaşdırmaq üçün davamlı addımlar atmaqla beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun, mövqeyinin real görüntüsünü yaradır”. Bu sözləri “Şərq”ə açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib. QHT rəhbəri bildirib ki, 44 günlük Vətən müharibəsindən öncə bu barədə, məhz bu formada danışmağı və addımlar atmağı əlbəttə təsvir edə bilməzdik: “Azərbaycanın qalib gəldiyi müharibədən sonra regionda baş verən dəyişikliklər azərbaycanlıların öz hüquqlarının yeni müstəvidə müdafiəsini tələb edir. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayımlaması siyasi və hüquqi baxımdan çox əhəmiyyətli məqamları özündə ehtiva edir. Öncə onu qeyd etmək vacibdir ki, həmin sənədin yayımlanması Qərbi Azərbaycan İcmasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir və artıq bu icmaya istinad ediləcək. Sənədin BMT emblemi və Təhlükəsizlik Şurası adı altında paylaşılması da Konsepsiyanı beynəlxalq münasibətlər sisteminə daxil olan bir sənəd kimi xarakterizə edir. Qurumun rəsmi saytında yayımlanması həmçinin sənədin rəsmi və etibarlı olmasına, müxtəlif məqamlarda istinad edilməsinə səbəb olacaq. Qayıdış Konsepsiyasının xüsusi və vacib başlıqlar altında yayımlanmasına da diqqəti çəkilməlidir. Qeyd olunan bəndlərin hər bir üzrə Ermənistanın hüquqi məsuliyyəti yaranmalıdır”. 

 Cəsarət Hüseynzadə vurğulayıb ki, indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Konsepsiyanın dünya ictimaiyyətinə çatdırılması çox vacibdir: “Dünya ictimaiyyəti bilməlidir ki, yüz minlərlə azərbaycanlı öz ata-baba yurdundan qovulub. Hər bir Qərbi azərbaycanlının əlində bu faktları təsdiq edən bir neçə rəsmi sənəd var. Doğum şəhadətnaməsi, orta və ali təhsili bitirmə haqqında sənədlər, mülklərin sənədləri və digər sübutlar yüz minlərlə azərbaycanlının Ermənistan ərazində anadan olduğunu və uzun müddət yaşadığını təsdiqləyir. Bütün beynəlxalq konvensiya və prinsiplərlə təsdiq olunmuş yaşamaq hüququnun pozulması faktının aradan qaldırılması vaxtı çatıb. Konsepsiya dünya ictimaiyyətinə Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq istəklərini də bildirir. Qərbi Azərbaycan İcması bu istiqamətdə davamlı addımlar atacağını bəyan edir. Yayımlanan sənəddə İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivə öz əksini tapıb. Tarixi ədalət, beynəlxalq hüquq və digər vacib mexanizmlərə əsaslanan konsepsiya eyni zamanda sülhün və birgəyaşayışın vacibliyini dünya ictimaiyyətinə çatdırır. Azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq üçün israrlı olduğunu göstərir”. 

  Ekspertə görə, çox müsbət haldır ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyəti davamlı və planlıdır: “Bu, İcmanın BMT sənədi kimi yayılmış ikinci sənədidir. Bundan əvvəl yanvar ayında İcmanın beynəlxalq ictimaiyyətə müraciəti yayılmışdı. Eyni zamanda İcma Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə, Avropa Şurası Parlament Assambleyasına müraciətlər göndərib. Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə də məktub göndərərək Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərməyi xahiş edib. Bu addımların hər biri olduqca əhəmiyyətlidir”. 

Check Also

Rəsulzadənin baxımsız vəziyyətdə olan heykəli hansı rayondadır? (FOTO/AÇIQLAMA)

Sosial şəbəkələrdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin bərbad vəziyyətdə olan heykəlinin fotoları yayılıb. …