Şimali Kipr Türk Cümhuriyyətinin Qapalı Maraş bölgəsində yerləşən və 20 iyulda 47 ildən sonra yenidən ibadətə açılan Bilal ağa məscidində ilk cümə namazı qılınıb.
Boyukmillet.com xəbər verir ki, 1974-cü il Kıbrıs Barış Hərəkatından bu yana qapalı olan, bərpa işləri tamamlandıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın canlı yayımla qatıldığı Bilal ağa məscidində ilk cümə namazı qılınıb.
Bilal ağa məscidindəki cümə namazına Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türkiyənin Lefkoşadakı səfiri Ali Murat Başçeri, Gazimağusa bələdiyyə sədri İsmail Arter, hərbi heyət və vətəndaşlar qatılıb.
Cümə namazından sonra Prezident Ersin Tatar jurnalistlərə açıqlama verib.
“Bu gün bayramın dördüncü günü Qapalı Maraşın açılması ilə birlikdə Bilal ağa məscidində cümə namazı qıldıq. Bu da ayrı bir huzur və gözəllikdir. Çünki bura illər öncə Bilal ağa Fondu, atalarımız və əcdadlarımız tərəfindən istifadə olunmaqda olan bir məscid idi. Bu anda ilk dəfə illərdən sonra bərpa edilib, cümə namazı qılınıb. Qurban bayramının dördüncü günü burada birlikdə bu namazı qılmağın huzuru və gözəlliyini yaşayıram”, -deyə o bildirib.
Maraşdakı həyatın da yavaş-yavaş xalqa açıldığını söyləyən Ersin Tatar Qapalı Maraşın açılış siyasətinin həm haqsızlığın aradan qaldırılmasına, həm də 47 il qapalı olan bölgənin açılımını əhatə etdiyini vurğulayıb.
Bilal ağa məscidinin 200 illik tarixə sahib olduğu bildirilir.