Lənkəran rayonunun bir sıra kəndləri qar yağması səbəbindən işıqsız qalıb.
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, ötən gecə Lənkəran rayonu ərazisində “Azərişığ”a məxsus 1 №-li yarımstansiyanın 3 №-li hava xəttində qısaqapanma baş verməsi səbəbindən Sütəmurdov, Velədi kəndləri və bu ərazilərdə Ələt-Astara magistralı boyunca yerləşən obyektlərin elektrik enerjisi verilişində problem yaranıb.
Ötən gün saat 21:00-dan etibarən işıqlar sönüb. Bundan əlavə, digər yaşayış məntəqələrində də elektrik enerjisinin verilişində fasilələr yaranıb. Hazırda baş vermiş qəzalar aradan qaldırılır.
“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Şəbəkəsindən “Report”a bildirilib ki, Lənkəran-Velədi xəttində elektrik enerjisi verilişinin bərpası istiqamətində tədbirlər görülür: “Şəbəkənin tabeliyində olan texnika və canlı qüvvənin köməyi ilə naqillərin üzərinə əyilən ağac gövdələrinin qarı təmizlənir, zədələnən xətlər bərpa olunur”.
Qeyd edək ki, Lənkəranda ötən gecədən yağmağa başlayan qarın qalınlığı müxtəlif ərazilər üzrə 9-22 sm təşkil edir.