Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında fərman imzalayıb.
Boyukmillet.com-un xəbərinə görə, fərmanla Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır.
“Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə” təsdiq ediləcək (əlavə olunur).
Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.
Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı müvafiq yerin ayrılması, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək və Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yaradılması ilə bağlı zəruri tədbirlərin görülməsini və həmin İdarə fəaliyyətə başlayanadək tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini, habelə icazələrin verilməsindən irəli gələn digər səlahiyyətlərin həyata keçirilməsini təmin etsin.
6. “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1095; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2016, № 11, maddə 1831; 2017, № 1, maddə 39; 2019, № 3, maddə 437) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3-cü hissədə “220” rəqəmləri “350” rəqəmləri, “170” rəqəmləri “220” rəqəmləri ilə əvəz edilsin və “50 ştat vahidi” sözlərindən sonra “, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə isə 80 ştat vahidi” sözləri əlavə edilsin;
6.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Strukturu”na aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi.”.
7. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581; 2020, № 5, maddə 559, № 6, maddə 684, № 7, maddə 891; 2020, № 11, maddə 1341) 4.7-1.2.1-ci yarımbəndində və 4.7-4-cü, 4.12-ci bəndlərində “inzibati ərazisində” sözləri “və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində” sözləri ilə əvəz edilsin.