KTMT-nin Kollektiv Sülhyaratma Qüvvələrinin sırasında 70 nəfər Ermənistan hərbçisi də Qazaxıstana göndərildi. Olduqca pis xəbərdir. Qırğızıstan hələ öz qüvvələrini göndərməyib. Qırğızlar türk həmrəyliyi çərçivəsində hələlik ehtiyatlı davranır. Başa düşülür ki, qazaxlara silah qaldırmağa tələsmirlər.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Nə qədər doğrudur ki, Qarabağ müharibəsində ağır məğlubiyyətdən çıxmış acıqlı erməni əsgərini türkdilli dövlətə qayda-qanun yaratmağa göndərəsən? Onların kəmfürsətlik edərək türk qazaxlardan qisas almayacağına kim təminat verəcək? Bolşevik inqilabından sonra ötən əsrin 30-cu illərində Mirzoyanın Qazaxıstanda milyonlarla qazaxın repressiya edilməsində iştirakını kim unudub?
Bəs 2020-ci ilin noyabrında Qarabağda sülhyaratma qüvvələrinin tərkibi müzakirə olunanda Putin demədi ki, ora türk əsgərləri göndərmək olmaz, çünki ermənilər qıcıqlanır. Bəs Putin Qazaxıstana erməni əsgəri göndərəndə türk qazaxların bundan qıcıqlana biləcəyini niyə nəzərə almadı?..”