Əziz həmvətənlər!
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibədə olduğu kimi yenə telefonla müxtəlif ölkələrə zəng edərək Azərbaycandan şikayət edir. Nahaq əziyyətdir, nəyisə dəyişə bilməyəcək. Azərbaycan ordusu öz ərazisində mövqelərini gücləndirmək hüququna malikdir və buna Ermənistan qarışa bilməz. Qarabağda azad etdiyimiz şəhər və kəndlərimizin ətrafındakı yüksəkliklər nəzarətimizdə olmalıdır.
Ermənistan 2020-ci ilin 10 noyabr bəyanatına zidd olaraq silahlı qüvvələrini Azərbaycandan tam çıxarmayıb. Bundan başqa Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin tərksilah olunması vacibdir. Odur ki, Azərbaycan ordusu bu məsələlərin həlli ilə məşğuldur və bu məsələlərin həllində bizə heç bir dövlət və beynəlxalq təşkilat mane ola bilməz, mane olmamalıdır. Dövlətlər və beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Bizə irad tutanlara da gərəkli cavablar verilir, 30 il topraqlarımızın işğalına, şəhərlərimizin dağıdılmasına, bir milyon qaçqınımıza göz yuman mərkəzlər bizə öz ölkəmizdə qayda-qanun yaratmağımıza irad tuta bilməzlər. Həmin mərkəzlər 27 ildə bir dəfə Ermənistana irad tutmadılar ki, bu ölkə BMT kimi mötəbər təşkilatın 4 qətnaməsini niyə yetirə yetirmir?
Ermənistandakı revanşist qüvvələr Rusiya hakimiyyətinə müxtəlif müraciətlər göndərirlər ki, rusiyalı hərbçilər Azərbaycan ordusunun mövqelərinin möhkəmlənməsinə imkan verməsinlər. Ayrıca, Qarabağdakı rusiyalı hərbçilərin sayının artırılmasıyla bağlı da Moskvaya müraciətlər ünvanlayırlar. 2020-ci ilin 10 noyabr bəyanatına görə bölgədə rusiyalı hərbçilərin sayı dəqiq göstərilib və bu say artırıla bilməz. Bölgədə müvəqqəti yerləşdirilən sülhməramlılar fəaliyyətlərini Azərbaycanın müvafiq strukturları ilə razılaşdırmalıdırlar.
Qarabağın tamamında Azərbaycan qanunları işləyəcək, buna kimsə mane ola bilməz! Qarabağın erməni əhalisi bunu nə qədər tez anlasa onların özü üçün bir o qədər yaxşıdır.
Fatma Yıldırım
Milli Məclisin deputatı