Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Qazilərimizin zəhməti, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri xidmət, qəhrəmanlıqlar hər birimizin qəlbindədir

Samir Adıgözəlli: “Bu cür görüntülərə təkcə biz yox, Ermənistan da, xaricdə oturub dövlət əleyhinə danışanlar da baxır”

Azərbaycanda son günlərdə Vətən müharibəsi qaziləri və sosial müdafiə strukturları arasında  baş verən hadisələr ağrı və narahatlıq doğurur.

Burada qazilərin və veteranların sosial, sağlıq, hüquqi və sair məsələlərinin həlli üzrə müəyyən nizamsızlıq və sistemsizlik hiss olunur. Ölkədə müharibə ilə əlaqəli böyük bir toplum mövcuddur: bu, şəhid ailələləri, qazilər və veteranlardır. Belə böyük, həssas təbəqənin həyatı və yaşayış şəraiti, sağlamlığı və təminatı, eynilə də dövlətlə, hökumətlə münasibətlərinin tənzimi elə də asan məsələ sayılmamalıdır. Problemlər isə müxtəlif ola bilir – bu təbəqənin problemlərinin həllinə qarşı bəzi yerli aidiyyətli məmurların qeyri-adekvat yanaşmasından, bəzi qazilərin də tələb və davranışlarının qeyri -adekvat halda olmasından tutmuş, bu təbəqə ilə dövlət orqanları arasındakı anlaşılmazlıq və mübahisələrdən fürsət kimi yararlanan, bir sıra daxili siyasi və xarici, anti-Azərbaycan qüvvələrin ictimai hirs yaratma cəhdlərinədək.

Bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşaraq  əlillik təyinatı ilə bağlı yoxlamanın nəticələrinə etiraz edib.

 Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etiraz edənləri dinləyib. Bəzi məsələlərin araşdırılacağını bildirib.

F.Talıbov qeyd edib ki, əlillik təyinatını təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirmir. Komissiyanın tərkibinə digər qurumların mütəxəssiləri də daxildir. Bu zaman gərginlik yaranıb. Qazi Hacı Vəliyev Fazil Talıbovun yaxasından yapışaraq etiraz edib.

Ardınca bir neçə qazi nazirliyin şüşələrini sındıraraq binaya daxil olub.

Fazil Talıbov bildirib ki, bu hadisə eyni qazilər tərəfindən bundan əvvəl bir neçə dəfə də təkrarlanıb:

“Bir qrup qazi YAŞAT Fondunun, Dövlət Tibbi Sosial Ekspetiza Agentliyi, AzərSığorta və nazirlikdən sürəkli, hətta bir çox hallarda qeyri-qanuni tələblər irəli sürür”.

Təbiidir ki, bu məsələdə nazirliyin də işini lazımi səviyyədə təşkil etmədiyini deyə bilərik. Ancaq qazilər də bilməlidir ki, bu cür hallardan sui-istifadə etməyə çalışan daxili və xarici qüvvələr var.

Rəşad Quliyev adlı vətəndaş yazır:

“Şəhid ailəsiyik, bugünə qədər müxtəlif qurumların haqsızlığı, qanunsuzluğu, sayğısızlığı, hüquqsuzluğu ilə qarşılaşmışıq. Ancaq nə qapı qırmışıq, nə pəncərə sındırmışıq. Təkcə ona görə ki, bu edilən hərəkətlər atalarımızın getdiyi müqəddəs yola hörmət gətirmir.

90-cı illərin şəhid ailələri, qaziləri o zaman belə qayğı, diqqət görmürdülər. Ölkə büdcəsi formalaşmamışdı, ölkədə 1 milyon qaçqın, 30 minə yaxın şəhid yüz minə yaxın Qarabağ əlili var idi. O zaman ölkəmiz də belə güclü deyildi, imkanlar indiki səviyyədən qat-qat aşağı idi.  İndi bəziləri bir şey olmamış hərbiçi paltarını əyninə geyinib hay-küy salır, qapı-pəncərə qırırlar. Minlərlə şəhid anası, yoldaşı, bacısı, qardaşı var bu ölkədə . Onların problemi yoxdurmu? Dost-düşmən baxır.  Düşmənə niyə güldürürsünüz həm özünüzü həm ölkəmizi?”

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunu edənlər bilsinlər ki, bu cür görüntülərə təkcə biz yox, Ermənistan da, xaricdə oturub dövlət əleyhinə danışanlar da baxır: “Bu cür hallar Ermənistana zövq verir. Qazilərimizdən bir qədər səbrli olmalarını xahiş edirik. Bilirik ki, onların arasında canları ağrıyan da var, haqlı olanlar da çoxdur. Dövlətimiz onların hər birinə dəstək verməyə çalışır. Yaxın zamanda bu məsələlərin hər biri bağlanacaq. Bizim daxilimizdə olub dövlətin çörəyini yeyən, bizimlə yanaşı oturub işləyən insanlar arasında dövlətimizi istəməyənlər də var. Belə insanların dediklərinə uymasınlar. Öz dövlətinə, xalqına, Ali Baş Komandanına dəstək olsunlar. Necə ki, 44 günlük müharibədə cənab Prezident onların yanında, onlar da cənab Prezidentin yanından olmuşdular, indi də öz dəstəklərini əsirgəməsinlər. Qazilərimizin zəhməti, 44 günlük Vətən müharibəsi zamanı göstərdikləri xidmət, qəhrəmanlıqlar hər birimizin qəlbindədir. Cənab Prezidentin qazilərlə bağlı verdiyi tapşırıqların, onlara göstərilən diqqət və qayğının şahidiyik. Prezident İlham Əliyev çıxışında da vurğulayıb ki, bəzi nöqsanlar hələ də qalır, məsələlərin həlli ləngiyir. Problemləri həll etməyə çalışırıq. Xaricdə müalicə alan qazilərimiz var. Bir qədər səbrli olmaq lazımdır. Dövlət qurumları da bu həssas təbəqə ilə işi bir qədər fərqli təşkil etməlidir ki, analoji hallar yaşanmasın”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

ASAP Almaniyada konfrans keçirib

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi …