Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT Agentliyi Qubada Respublika Zona Konfransı keçirib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının keçirilməsinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, mayın 20-də Qubada təşkil olunan ilk konfrans Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarını əhatə edib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, agentliyin məsul əməkdaşları, şimal rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verərək bildirib ki, ilk dəfə keçirilən bu konfrans region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətində dönüş yaradacaq. Bu konfrans, həmçinin paytaxt və region QHT-lərinin kommunikasiya baxımından birləşməsinə təkan verəcək.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.
Vüsal Quliyev bildirib ki, bu gün bu sahənin daha da təkmilləşdirilməsi üçün geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır. Regionlarda başlanan zona konfranslarının əsas məqsədi bundan ibarətdir və gələcəkdə bütün təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq. Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsi məsələsinin də olduqca vacib məqamlardan biri olduğunu qeyd edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov çıxışlarında zona toplantısının QHT nümayəndələri üçün faydalı olacağını və bu sahənin daha da təkmiləşməsinə böyük töhfə verəcəyini vurğulayıblar.
Çıxışlardan sonra konfrans iştirakçıların müzakirələri ilə davam edib.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …