Son 1 ayda artıq QHT Agentliyinin bir neçə tenderi ilə bağlı dəqiq faktlarla saxtakarlıqları ifşa olunur.
Təkcə Özbəkistan QHT-lərinin Azərbaycana səfər etməsi ilə bağlı baş verən maliyyə pozuntusuna Hesablama Palatasının və Maliyyə Nəzarət Xidmətinin susqun qalması başqa mətləblərdən xəbər verir.
Bu gün isə növbəti bir saxtakarlığı təqdim edirik:
Artıq 2023-cü ilin bitməsinə sayılı günlər qalır. QHT Agentliyi isə ötən aydan böyük bir tender elan edib. Adına diqqət edə bilərsiniz – Bir sıra tədbirlərin keçirilməsi. Elə bu o anlama gəlir ki, ilin sonunda nə silsək qənimətdir.
Xatırlatmaq istəyirik ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 4-1.1-ci maddəsinə əsasən ciddi pozuntudur.
Tender elanının içərisindəki xidmətlərə diqqət edək. Onları bazar qiymətləri ilə hesablayanda 200 min manatdan çox vəsaitin xərclənməsi nəzərdə tutulur.
Biz maliyyəçi olmasaq da, bu tenderə baxanda hər şey gün kimi aydın olur.
Təqdim etdiyimiz skrinlərdən görə bilərsiniz ki, büdcəni şişirtmək və pulu silmək üçün ağıllarına gələn xərcləri yazıblar. Məsələn: 10 ədəd əklil – 5 ədədi 300 gül, 5 ədədi isə 400 gül həcmində. Bu qədər əklil heç il ərzində anım tədbirlərinin sayı qədər etmir. Sadə bir misalla korrupsiyanın həcmini izləmək olur.
Digər xərclərə sizlər də diqqət yetirin. Görəcəksiniz ki, belə korrupsiyanı heç həbsdə olan icra başçıları da etməzdi.
İnanırıq ki, bu qanun pozuntuları bir gün rəhbərliyin diqqətinə doğru dürüst çatdırılacaq. Bunları gizlətməklə heç kim cəzadan boyun qaçıra bilməyəcək.
Mətanət Əsgərqızı