Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi təsdiqlənib.
Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Nizmanaməyə əsasən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra – Agentlik) qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
Agentliyin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
Agentlik Bakı şəhərində yerləşir.
Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. müvafiq sahənin inkişafını təmin etmək;
2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
3. dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etmək;
4. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri layihələrin mövzularını qiymətləndirmək və onlara dair rəy vermək;
5. qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində fəaliyyətini təşviq etmək;
6. qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirmək;
7. dövlət büdcəsinin vəsaiti hesabına ayrılan qrantlardan qeyri-hökumət təşkilatları tərəfindən təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
8. qeyri-hökumət təşkilatlarına məlumatlandırma, konsultativ, metodiki, maliyyə yardımı göstərmək;
9. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:
1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2. dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərini təşviq etmək, bu məqsədlə təhlillər və monitorinqlər aparmaq, sorğular keçirmək və onlar arasında qarşılıqlı əməkdaşlığın stimullaşdırılması və inkişafı istiqamətində tədbirlər görmək;
3. vətəndaş cəmiyyətinin prioritet istiqamətlərini öyrənmək, ictimai təşəbbüskarlığın inkişafına dair təklifləri dəstəkləmək, eləcə də aidiyyəti dövlət orqanlarının (qurumlarının), qeyri-hökumət təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və digər maraqlı tərəflərin iştirakı ilə həmin təkliflərin ictimai müzakirəsini təşkil etmək;
4. qeyri-hökumət təşkilatlarına və onların iştirakı ilə keçirilən layihələrə dair bu Nizamnamənin 3.1.15-ci yarımbəndinə uyğun informasiya ehtiyatı formalaşdırmaq;
5. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin hazırlanmasına və həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarını cəlb etmək, bu sahədə onlar üçün bərabər şərait və imkan yaratmaq, həmin layihələrin həyata keçirilməsi üçün tələb olunan vəsaitə dair tələbatı müəyyən etmək;
6. Agentlik tərəfindən layihələrin dövlət büdcəsinin vəsaiti hesabına qrant maliyyələşdirilməsi zamanı şəffaflığın, obyektivliyin və hesabatlılığın təmin olunmasında iştirak etmək, eləcə də bu sahədə səmərəliliyin artırılmasına dair mexanizmlərin inkişaf etdirilməsi üçün təkliflər vermək;
7. bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri nəzərə alınmaqla, təqvim ili üzrə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulmuş qurumlar tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nin müvafiq yarımbəndi nəzərə alınmaqla, qiymətləndirmək və bu qrantlara dair rəy vermək;
8. Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, dövlət büdcəsindən ayrılmış, habelə qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsait hesabına layihələrin müsabiqə əsasında maliyyələşdirilməsini həyata keçirmək, müsabiqədənkənar fondun həcmini və ondan istifadə qaydasını müəyyən etmək;
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq, Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, icra olunan layihələrin monitorinqini və qiymətləndirilməsini aparmaq;
10. Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının Agentliyə təqdim etdiyi layihələrin ekspertizasını aparmaq, bu sahədə təcrübənin ümumiləşdirilməsi və ekspertiza prosedurlarının təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək;
11. qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyəti təşviq etmək, beynəlxalq tədbirlərdə qeyri-hökumət təşkilatlarının iştirakını təmin etmək üçün vəsait ayırmaq;
12. qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi üzrə müsabiqələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya müvafiq təşkil etmək, habelə bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına verilmiş qrantlardan qeyri-hökumət təşkilatlarının təyinatı üzrə istifadə etmələrinə nəzarət etmək;
13. qeyri-hökumət təşkilatları tərəfindən layihələrin həyata keçirilməsi zamanı müqavilə öhdəliklərinin pozulması və digər sui-istifadə hallarını aşkar etdikdə, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək;
14. layihələrlə bağlı qrant müqaviləsi üzrə öhdəliklərini pozan qeyri-hökumət təşkilatlarını 2 (iki) ilədək müddətə qrant müsabiqələrində iştirak hüququndan məhrum etmək;
15. fəaliyyət istiqamətləri üzrə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
16. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
17. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, Agentlik əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
18. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
19. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
20. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
21. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
22. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
23. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
24. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təmin etmək;
25. Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Öz vəzifələrini yerinə yetirmək üçün Agentliyin aşağıdakı hüquqları vardır:
1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişikliklər edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;
2. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının ictimai təşəbbüskarlıq meyillərinin artırılmasına dair təkliflər vermək;
4. dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair layihələrin həyata keçirilməsində özəl sektorun iştirakını təşviq etmək, bu sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə və maraqlı tərəflərlə müzakirələr və məsləhətləşmələr aparmaq;
5. dövlət-özəl tərəfdaşlığının inkişafı ilə bağlı qeyri-hökumət təşkilatlarının, eləcə də müstəqil ekspertlərin və mütəxəssislərin potensialından səmərəli istifadə edilməsi ilə bağlı təkliflər vermək;
6. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli priroritetlər sahəsində yerli və xarici qeyri-hökumət təşkilatlarının təşəbbüslərini dəstəkləmək;
7. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
8. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
9. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
10. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
11. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
12. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
15. bu Nizamnamə ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Agentliyin idarə olunması qaydası isə belədir:
1. Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.
2. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur.
3. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 11 (on bir) üzvdən ibarətdir. Şuranın 8 (səkkiz) üzvü qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, digər 3 (üç) üzvü isə dövlət orqanlarının nümayəndələrindən 4 (dörd) il müddətinə təyin edilir. Şuranın sədri və onun müavini Şuranın iclasında Şura üzvləri sırasından 2 (iki) il müddətinə seçilir.
5. Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı Şuranın sədrinə və sədrin müavininə rübdə bir dəfə Agentliyin İcraçı direktorunun aylıq əməkhaqqının 2 (iki) misli, Şura üzvlərinə isə 1 (bir) misli həcmində təmsilçilik xərcləri ödənilir. Təmsilçilik xərcləri dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına ödənilir.
6. Şura qərar qəbul etməkdə müstəqildir.
Şuranın vəzifələri aşağıdakılardır:
1. təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər vermək və müvafiq sənədlər (o cümlədən Agentliyin maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
2. Agentliyin inkişaf istiqamətlərini, strateji məqsədlərini və planlarını müəyyən etmək;
3. Agentliyin fəaliyyətinə nəzarət etmək;
4. İcraçı direktoru və onun müavinini vəzifəyə təyin və vəzifədən azad etmək;
5. Agentliyin əməyin ödənişi fondunu, strukturunu, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq etmək, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sistemini müəyyənləşdirmək;
6. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək;
7. Agentliyin maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək;
8. Agentliyin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək;
9. İcraçı direktorun fəaliyyətinə nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
10. Nizamnamənin müvafiq yarımbəndində nəzərdə tutulan qrant müsabiqələrinin nəticələrinə dair qərar qəbul etmək;
11. Şura üzvlərinin, İcraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
12. Agentliyin fəaliyyətinə dair illik hesabatı dinləmək;
13. Agentliyin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
14. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
15. Agentliyin daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək, fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
16. Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Agentliyin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək.
Şuranın sədri rübdə bir dəfədən az olmayaraq Şuranın iclasını çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya İcraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Şura sədrinin (və ya onu əvəz edən müavinin) səsi həlledicidir.
Şuranın üzvlərinə, habelə İcraçı direktora və Şuranın iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
Şuranın iclasında İcraçı direktor da iştirak edə bilər.
İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.
Gündəliyə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan qabaq təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək İcraçı direktora göndərir.
Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
Şuranın katibinin vəzifələri aşağıdakı kimidir:
1. Şuranın iclaslarını təşkil edir;
2. Nizamnamənin müvafiq bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
3. Şuranın iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;
4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şuranın sədrinə təqdim edir;
5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
Şuranın sədrinin vəzifələri aşağıdakı kimidir:
1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, habelə özünün və İcraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və iclaslara sədrlik edir;
3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İcraçı direktorun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
Şura sədri müvəqqəti olmadıqda onun səlahiyyətlərini müvafiq əmrlə Şura sədrinin müavini, Şura sədrinin müavini olmadıqda isə Şura üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
Şuranın üzvlərinin vəzifələri aşağıdakı kimidir:
1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;
2. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olurlar;
3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif verirlər;
5. Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
İcraçı direktor Agentliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.
İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə onun müavini icra edir.
İcraçı direktorun vəzifələri aşağıdakılardır:
1. Agentliyin fəaliyyətini təşkil etmək və onu təmsil etmək;
2. Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər vermək və sənədlər təqdim etmək;
3. Şuranın qərarlarını icra etmək;
4. aidiyyəti şəxslə dəyəri Agentliyin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
5. Agentliyin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət etmək;
6. Nizamnamənin müvafiq yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
7. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırmaq;
8. Nizamnamənin müvafiq yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görmək;
9. Agentliyin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;
10. Agentliyin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil etmək, yoxlamaq və buna nəzarəti həyata keçirmək;
11. özünün və Agentliyin struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
12. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq etmək;
13. Agentlik işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməyin ödənişi fondu çərçivəsində təşkil etmək;
14. bu Nizamnamədə müəyyən edilmiş hallar istisna olmaqla, Agentliyin, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul etmək;
15. Agentliyin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət etmək;
16. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Agentliyin adından əməliyyatlar aparmaq, müqavilələr bağlamaq və onların yerinə yetirilməsini təmin etmək;
17. Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaratmaq;
18. Agentliyin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görmək;
19. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin etmək;
20. Agentlikdə müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin etmək;
21. Şuranın səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar vermək.
İcraçı direktor və onun müavini adlarına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
Agentliyin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları aşağıdakı kimidir:
1. Agentliyin nizamnamə fondunun məbləği 100 000 (yüz min) manatdır.
2. Agentliyin əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
3. Agentlik öz əmlakından yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir, balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirir.
4. Agentlik qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Agentliyin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülür.
6. Agentliyin məhsulları tənzimlənən qiymətlərə aid deyildir.
Agentliyin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi aşığdakı kimi müəyyən edilib:
1. Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin idarəetmə orqanları həyata keçirirlər.
2. Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
Agentlikdə uçot və hesabat qaydası isə belə olacaq:
1. Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
2. Agentlik “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
3. Agentlik idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
4. Agentlik öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
Agentliyin ləğvi və yenidən təşkili qaydasınıAzərbaycan Respublikasının Prezidenti həyata keçirir.