Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT-lərlə iş sektorunun müdiri təyin olunan Vüsal Quliyev kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri vəzifəsinə Prezident Administrasiyasında uzun müddət qeyri-hökumət təşkilatları ilə iş sahəsində çalışan Vüsal Quliyev təyin edilib.

Gənc olmasına baxmayaraq, Vüsal Quliyev müxtəlif sahələrdə çalışaraq uğur qazanmağı, önə getməyi bacara bilib. Hansı sahədə olmasından asılı olmayaraq, daim öndə olub və fərqlənməyi bacarıb.

QHT.az  Vüsal Quliyevin dosyesini tədim edir.


Vüsal İlham oğlu Quliyev —Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, dövlət qulluğunun baş müşaviri.

Vüsal Quliyev 31 dekabr 1982-ci ildə Kürdəmir rayonunun Sığırlı kəndində anadan olmuşdur.

Evlidir, 1 oğlu var. Atası Quliyev İlham Qədir oğlu Birinci Qarabağ müharibəsi veteranıdır.

Təhsili

1989–1999-cu illərə Bakı şəhəri 244 nömrəli məktəbdə orta təhsil, 1999–2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetində hüquq üzrə bakalavr, 2003–2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət hüququ üzrə magistr təhsili almışdır.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri” mövzusunda magistr dissertasiyası müdafiə etmiş və hazırda həmin akademiyanın doktorantıdır.

2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən “Sense” Proqramının məzunu olmuşdur.

Fəaliyyəti

İctimai fəaliyyəti

1999–2000 – BMT-nin Könüllülər Proqramında qrup koordinatoru.

2000–2008-ci illərdə “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin, 2003–2005-ci illərdə gənclər təşkilatlarının vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təhsil komissiyasının sədri olmuşdur.

2006-cı ildə Niderlandın “Olde Vechte” Fondunun keçirdiyi uzunmüddətli ixtisasartırma kursunda qeyri-formal təhsil üzrə beynəlxalq təlimçi dərəcəsini almışdır.

2007-ci ilin may ayında Avropa Birliyi Gənclər Proqramının Azərbaycan üzrə informasiya təmsilçisi seçilmiş və 3 il müddətində ölkəni bu qurumda təmsil etmişdir.

Dövlət qulluğunda

2008-ci ilin iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının hüquqşünası, daha sonra aparıcı məsləhətçi-hüquqşünası vəzifəsinə təyin olunmuşdur.

2010–2012-ci illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əlil və şəhid ailələrinin sosial təminat məsələləri üzrə Komissiyanın, “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” üzrə işçi qrupunun və “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının üzvü olmuşdur.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuş, 2014-cü ilin mart ayında isə aparıcı məsləhətçi vəzifəsinə keçirilmişdir.

2014-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 20 aprel tarixli 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü təyin edilmiş, aprelin 22-də Şuranın ilk iclasında sədr müavini seçilmişdir.

2018-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış ictimai-siyasi işin təşkili sektorunun müdiri vəzifəsinə təyin olunmuşdur.

2019-cu ilin noyabr ayında Prezident Administrasiyasında yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2021-cı il tarixli Sərəncamı ilə yeni yaradılmış Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmiş, aprelin 30-da Şuranın ilk iclasında sədr müavini seçilmişdir.

Müəllifi olduğu nəşrlər

Azərbaycanda müasir könüllülüyün tarixi (ingiliscə nəşr);

Qeyri-hökumət təşkilatları üçün yaddaş kitabı;

Qeyri-hökumət təşkilatlarının idarə olunması;

Müasir təlim metodları;

Təltifləri

2021-ci il iyunun 26-da Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …