Bazar , 29 Sentyabr 2024
Drone Cameras

QHT sektoru ictimai iştirakçılıqla bağlı güclərini artırmalıdır – Cəsarət Hüseynzadə

“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Editor.az-a açıqlamasında bildirib ki, Dövlət Başçısının QHT-lərə dəstək və onların fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı hər zaman təşəbbüsləri olub:
” Bu təşəbbüslər QHT üzvləri, sədrləri tərəfindən müsbət qarşılanır və müsbət qiymətləndirilir. Ötən il QHT-lərə ayrılan qrant müsabiqələrinin elanı, maliyyə məsələləri ilə bağlı müəyyən problemlər yarananda cənab Prezident tərəfindən imzalanan xüsusi fərmanla bəzi müstəsna hüquqlar müəyyən müddət ərzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinə verdi. 
Təxminən 4 milyonluq bir vəsait dövlət başçısının birbaşa təşəbbüsü ilə QHT-lərə ayrıldı. Bu da xüsusi olaraq yüksək qiymətləndirilməlidir. Lakin hesab edirəm ki, ciddi nəzarətə baxmayaraq hələ də QHT, ictimai şuralarla bağlı bəzi problemlər hələ də qalır. “İctimai iştirakçılıq haqqında” qanun 2014-cü il 1 iyundan qüvvəyə minsə də icrasına çox gec başlandı. Həmin illər ərzində çox az ictimai şura fəaliyyətə başladı. Statistikaya əsasən 2021-ci ildə mərkəzi icra hakimiyyətləri yanında 12 ictimai şura fəaliyyət göstərirdi. Amma ötən il 8 mərkəzi icra hakimiyyəti yanında da ictimai şuralar yaradıldı. 2014-2021- ci illər ərzində cəmi 12 ictimai şura fəaliyyət göstərib. Amma hansı formada fəaliyyətdən söhbət gedir bunu deyə bilmərik. Ötən dövrdə ictimai iştirakçılıqla bağlı müəyyən boşluqlar var idi.
 Cənab Prezident 2020-ci ildə yeni parlamentin formalaşması ilə bağlı çıxışında ictimai nəzarətin zəif olduğuna diqqət çəkmişdi. Bu bəyanatdan sonra məhz 2021-ci ildə ictimai şuraların fəaliyyəti genişləndi. Lakin hər kəs ictimai iştirakçılığın zəif olmasından şikayətlənir. Maraqlı olan odur ki, ictimai iştirakçılıq hansı meyarlarla ölçülür bəs? “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi olaraq biz 2021-2022-ci ildə ictimai şuraların fəaliyyətinin qiymətləndirilməsi üçün meyarlar üzərində çalışırıq. Hesab edirik ki, bu meyarlar müəyyən edildikdən sonra ictimai şuraların fəaliyyətinə daha geniş qiymət vermək olar. Amma ümumilikdə ictimai şuraların fəaliyyətinin zəif olması real faktordur. Çünki demək olar ki, heç bir ictimai şura fəaliyyəti haqqında hesabat vermir. Əsas problemlərdən biri budur. 
İctimai şuralardan bəzilərini çıxmaq şərtilə digərlərinin fəaliyyəti hiss olunmur. Sözsüz ki, burada onların fəaliyyətinin zəif olması təmsil olunanların QHT nümayəndələri olması ilə əlaqədardır. QHT nümayəndələrinin bilik və bacarıqlarının zəif, resurslarının az olması ümumi tendensiyaya mənfi təsir göstərir. İctimai şura müəyyən qurumların təmsilçilik formatıdır. Ona görə də məsuliyyət yalnız onların üzərində deyil”.
C. Hüseynzadənin sözlərinə görə, mərkəzi mərkəzi icra hakimiyyəti orqanları ictimai şuraların fəaliyyətinə imkanlar yaratmır:
” Onların müəyyən resurslarla, otaqlarla təminatı, tədbirlərin keçirilməsi üçün dəstək olmurlar. İctimai şuraları tənqid edərkən dövlət qurumlarının da fəaliyyətini nəzərə almaq lazımdır. İctimai şura yaratmaq ictimai iştirakçılığı təmin etmək demək deyil. İctimai müzakirələr, dinləmələr keçirilməli, ictimai rəylər öyrənilməli, rəy sorğuları keçirilməlidir. 
Bunların hamısı ümumi problemlərin daha da dərinləşməsinə səbəb olur. İctimai iştirakçılıqla bağlı qanunda müəyyən boşluqlar var. Lakin ən böyük boşluq məhz ictimai iştirakçılığın təmin olunması mövcud qanunvericiliyin həyata keçirilməsi ilə bağlı hər hansı bir nəzarət mexanizmi yoxdur. Biz hansı qurumu ictimai iştirakçılığı həyata keçirməməklə bağlı tənqid edib müəyyən nəticəyə nail ola bilirik? Dövlət qurumlarının da bununla bağlı hesabatı yoxdur.
 QHT sektoru da bu sahədə güclərini artırmalıdır. Çünki dövlət qurumu ictimai iştirakçılığın təmin olunmasında maraqlı olmaya bilər. QHT-lər bu məsələni müzakirəyə qaldırmalıdır. Biz təşkilat olaraq 2021-ci ildə ictimai şuralara keçirilən seçkilərin monitorinqini aparıb maarifləndirmə işləri həyata keçirmişik. Ötən ildə biz 8 mərkəzi icra hakimiyyəti yanında olan qurumlarda 12 dəyişikliyə nail olmuşuq. 
Müəyyən prosesləri tənqid etməklə, ictimai fikri ora cəlb etməklə dəyişikliklərə nail olmuşuq. Elə məqamlar olub ki, təşkilatlat qanunun icrası ilə bağlı müəyyən çətinliklər yaşayırlar. Ona görə də ictimai şuraların fəaliyyətinə ümumi dəstək verən qurum lazımdır. Şuranın aid olduğu qurum özü ictimai şuralarla bağlı seçkilər keçirir. Bu, düzgün deyil. Bu barədə nəzarət mexanizmi yoxdur. QHT-lərə Dövlət Dəstək Agentliyinin də hüquqi funksiyası yoxdur. Heç bir qurum buna qarışa bilmir”.


Gülnarə Abasova, Editor.az

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …