Cümə , 22 Noyabr 2024
Drone Cameras

QHT təmsilçilərinin Şuşaya səfəri başa çatıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başa çatıb.

Boyukmillet.com xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi iştirak edib.

QHT nümayəndələri əvvəlcə Şuşanın ən görməli və mənzərəli məkanlarında olan, vaxtilə cıdır yarışlarının, Novruz şənliklərinin keçirildiyi Cıdır düzündə olublar. Sonra şəhərin qonaqları Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkiblər. Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə – dahi şairin məzarı üzərində inşa edilib. 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat erməni vandalları tərəfindən məhv edilib. Məqbərə yenidən təmir və bərpa edilərək bu ilin avqust ayında istifadəyə verilib.

QHT nümayəndələri Yuxarı Gövhərağa məscidində namaz qılıb, dua ediblər.

Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağa yeddinci səfəridir. Artıq üçüncü dəfədir ki, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur. Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsini vətəndaşlarla işləyən insanlara tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.

Agentliyin Müşahidə Şurasının sədr müavini qurumun işğal dövründə öz işinə məsuliyyətlə yanaşdığını, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, qaçqınların, məcburi köçkünlərin hüquqlarının müdafiə olunmasında kifayət qədər fəallıq göstərdiyini vurğulayıb: “Ölkəmizdə fəaliyyət göstərən QHT-lər indi də Qarabağda aparılan bərpa və quruculuq işlərində yaxından iştirak etmək istəyirlər. Onlar həm də qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə olur, vətəndaşlarımızın peşə hazırlığına cəlb edilməsi, həmçinin məşğulluq problemləri ilə yaxından maraqlanırlar. Agentliyimiz müxtəlif qrant müsabiqəli təşkil edir. Bu müsabiqələrdə əsas və aparıcı mövzu işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri ilə bağlıdır”.

Vüsal Quliyevin sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən QHT-lərin böyük əksəriyyəti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edirlər və üzv olduqları platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasında fəallıq göstərirlər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Şuşada olmaqdan qürur duyduqlarını dilə gətirib. Bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudəfərində olduqlarını deyən icraçı direktor belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb. “Şuşaya səfərimizin 31- Dekabr Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində təşkil edilməsi təsadüfi deyil. Məqsədimiz vətəndaş institutlarının köməyi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfərimiz, Qarabağda quruculuq işləri barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır”.

Aygün Əliyeva bildirib ki, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üzrə maarifləndirmə və təbliğat işlərinin aparılmasında QHT-lər xüsusi fəallıq göstərirlər. Belə ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lər Beynəlxalq İnsan Hüquqları Günündə mina xəritələrinin Azərbaycana verilməsi ilə bağlı bəyanat yaydılar.

“Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva Şuşa səfəri ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu gün bir sıra QHT nümayəndələri ilə birgə Şuşaya səfər etdik. Zəfər yoluna çıxıb Şuşaya doğru istiqamət götürdümüz andan hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Şəhərə ayaq qoyanda Şuşanın əzəmətini, gözəlliyini görüb göz yaşlarımı saxlaya bilmədim. Bu qüruru, sevinci bizə yaşadan şəhidlərimizə, qazilərimizə, Prezident Ali Baş Komandan İlham Əliyevə öz təşəkkürümü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm!”.

Türk Dövlətlər ilə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri Eldəniz Salmanov Şuşada ilk dəfə olduğunu bildirir. Təəssüratlarını sözlə ifadə etməkdə çətinlik çəkdiyini dilə gətirən QHT nümayəndəsi bu torpaqların müqəddəs olduğunu deyib: “Bu torpaqlar şəhidlərimizin qanı ilə suvarılıb. Şuşaya qalib xalqın, qalib dövlətin vətəndaşı kimi ayaq basmaq qürur verir. Şuşada yaxın qohumlarım şəhid olublar. Bibimin ailəsi Xocalıda şəhid olub. Ümumilikdə, bizim nəsildən 14 nəfər Vətən üçün şəhidlik zirvəsinə ucalıb. İndi şəhidlərimizin ruhu şaddır. 1992-ci ildə nə qədər şəhid verdik, amma torpaqlarımızı da itirdik. 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq ərazi bütövlüyümüzü bərpa etdik”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə səfərin təşkili üçün minnətdarlığını bildirən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bu qəbildən olan səfərlərin təşkilinin əhəmiyyətli olduğunu qeyd edib: “QHT-lər ictimai sektor kimi vətəndaşlarla sıx əlaqədirlər. Əminəm ki, ölkədə fəaliyyət göstərən QHT-lər bu tədbirdən sonra öz işlərində daha fəal olacaq, bu istiqamətdə işlərini zənginləşdirməyə çalışacaqlar. Təbliğat və maarifləndirmə işini daha fəal quracaqlar. Mən həmkarlarımı bu işdə daha fəal olmağa çağırıram”.

“Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyinin sədri Aida Səfərovanın sözlərinə görə qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşada böyük həcmdə işlərin görülməsi təqdirəlayiqdir. O bildirib ki, görülən işlər dövlətimizin, ölkəmizin gündən-günə artan gücünün göstəricisidir: “Hər birimiz çalışdığımız sahədə üzərimizə düşən işi şərəflə, vicdanla, Vətənə məhəbbətlə, dövlətçiliyə sədaqətlə yerinə yetirməyə borcludur”.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …