“Son illər Azərbaycanın regional və beynəlxalq siyasətdə əhəmiyyəti xeyli artıb”.
Bunu “Report”a açıqlamasında Qırğızıstanın “Ağıllı həllər” analitik mərkəzinin direktoru, beynəlxalq münasibətlər üzrə ekspert Esen Usubaliyev deyib.
Ekspertin fikrincə, bu, təkcə böyük enerji potensialının deyil, həm də daha çox Azərbaycanın resurs potensialından səmərəli istifadəsinin və bunun ölkənin iqtisadi, sosial-siyasi və hərbi potensialının inkişafına istiqamətləndirilməsinin nəticəsidir: “Təbii ki, indi Azərbaycan Cənubi Qafqazın əsas dövləti kimi qəbul edilir. Odur ki, onun maraqları nəzərə alınmadan regionun davamlı inkişafı, vacib iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi mümkün deyil. Beləliklə, Azərbaycanın türk dünyasının inteqrasiyası nəticəsində başlanan proseslərdə əsas rollardan birini oynamağa başlaması zaman məsələ idi”.
O əlavə edib ki, Azərbaycan türk dünyasının vacib tərkib hissəsidir və onun fəal iştirakı olmadan ortaq mədəni, iqtisadi və siyasi layihələrinin tam həyata keçirilməsi mümkün deyil: “Türk dünyası ölkələri arasında əlaqələrin intensivləşməsi Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin uğurlu inteqrasiyası üçün mühüm şərtdir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana səfəri həm türk dünyası ölkələrinin birləşməsi məsələləri, həm də Qırğızıstanla Azərbaycan arasında ikitərəfli strateji dialoqun gücləndirilməsi baxımından nəzərdən keçirilməlidir.
Daha geniş aspektdən baxsaq, buraya iki region – Cənubi Qafqaz – Mərkəzi Asiya arasında strateji dialoqun genişləndirilməsi daxildir”.
Azərbaycan-Qırğızıstan münasibətləri barədə danışan ekspert əlavə edib ki, ölkələr arasında münasibətlər hər zaman mehriban olub: “Sovet dövründə iki respublikanın rəhbərləri Heydər Əliyev və Turdakun Usubaliyev arasında isti, dostluq münasibətləri var idi və respublikalararası səviyyədə qarşılıqlı dəstək də mövcud idi”.
Onun sözlərinə görə, Qırğızıstanla Azərbaycan arasında dostluq və isti münasibətlər praktiki olaraq hələ sovet dövründə formalaşmış tarixi ənənədir: “İndi iki ölkənin prezidentləri ölkələr arasında münasibətlərin inkişafının yeni tempini və strateji səviyyəsini müəyyən ediblər. Bu da həm ikitərəfli, həm də regional səviyyədə böyük əhəmiyyət kəsb edəcək. İnvestisiya, ticarət-iqtisadi və nəqliyyat sahələrində əlaqələrin fəal şəkildə inkişaf edəcəyi gözlənilir. Söhbət xüsusilə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsi və daha sonra Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxışın əldə olunmasından gedir”.
E.Usubaliyev vurğulayıb ki, yaxın 3-5 ildə həm iki ölkə arasında münasibətlərin fəal və dinamik inkişafının, həm də Azərbaycanın Mərkəzi Asiyada regional siyasətinin aktivləşməsinin şahidi olacağıq.