Bazar ertəsi , 3 Fevral 2025
Drone Cameras

Qusar rayonunda terrorçuluğa hazırlıqda ittiham olunanlardan ölənlər və həbs olunanlar var

8 nəfər öldürülüb, 6 nəfərsə həbs olunub

Azərbaycan Dövlət Təhlükəsizliyı Xidməti və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda Qusar rayonunda radikal ekstremist qruplaşmanın zərərsizləşdirildiyi bildirilir.

Birgə məlumatda deyilir ki, əməliyyat zamanı qruplaşmanın 8 üzvü silahlı müqavimət göstərərkən öldürülüb, 6 nəfərsə həbs olunub.

Birgə məlumatda iddia edilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş şəxs digər şəxslərlə birlikdə Qusar ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri müəyyənləşdirilib.

Məlumatda həmçinin qeyd olunur ki, qruplaşma üzvlərindən birinin yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan bir nəfər yaralanıb, özü isə “zərərsizləşdirilib”.

 Açıqlamada həmçinin iddia edilir ki, Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub. Həmin ərazidə gizlənən qanunsuz silahlı birləşmənin 4 üzvü silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən öldürülüblər.

Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb”, – məlumatda deyilir.

Məlumatda həmçinin qeyd olunur ki, qruplaşma üzvlərindən hesab olunan daha 3 şəxs Hil kəndi ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən “zərərsizləşdirilib”.

Bir nəfərin isə Qusar rayonu ərazisində gizlətdiyi partlayıcı qurğuların partlaması nəticəsində xəsarət aldığı bildirilir.

Rəsmi məlumata görə, 6 şəxs barəsində Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

“Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – məlumatda deyilir.

Açıqlamada adları çəkilən həlak olmuş, yaralanmış və tutulan şəxslərin yaxınlarının rəsmi açıqlamada göstərilən iddialarla bağlı münasibəti hələlik məlum deyil.

Check Also

Qusarda DTX və DİN-in birgə əməliyyatı zamanı terrorçu qruplaşmanın sığınacaqları aşkarlanıb

Qusarda “Meşə qardaşları” adlı terror qruplaşmasına qarşı keçirilən tədbirlər nəticəsində rayonun Cibir kəndi yaxınlığında sığınacaqlar …