Azərbaycanla Ermənistan arasında səmimi və dürüst danışıqlar müsbət nəticələrə gətirib çıxara bilər.
Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Məhkəmədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Azərbaycanın şifahi arqumentini təqdim edərkən deyib.
“Mən iki ölkə arasındakı münasibətlərdə ən son və ümidverici hadisələr barədə Beynəlxalq Məhkəməyə məlumat vermək istərdim. 1991-ci ildə Ermənistanın işğalından sonra Azərbaycan ilk dəfə olaraq öz suveren ərazisinin işğal altında qalan bir hissəsini qan tökülmədən geri qaytarıb. Ötən həftə Ermənistan quru sərhədinin bir hissəsinin demarkasiyasına və 1992-ci ildə işğal olunmuş 4 kəndin Azərbaycana qaytarılmasına razılıq verib. Bu hadisələr göstərir ki, tərəflər arasında aparılan danışıqlar mühüm və müsbət nəticələrə gətirib çıxara bilər”, – səfir bildirib.
Sonda Mustafayev Azərbaycan tərəfinin yekun bəyanatını oxuyub.
“Azərbaycan Respublikası Məhkəmədən xahiş edir ki, Ermənistanın 24 aprel 2024-cü il tarixli yekun təqdimatında irəli sürdüyü ilkin etirazların hər birini rədd etsin. Belə ki, onların heç biri Beynəlxalq Məhkəmənin yurisdiksiyasına və ya Azərbaycanın iddialarının məqbul olmasına əsaslı etiraz təşkil etmir”, – o qeyd edib.
Səfir əlavə edib ki, alternativ kimi bu ilkin etirazların hər biri mahiyyəti üzrə baxılana qədər təxirə salınmalı və rədd edilməlidir.