Şənbə , 27 İyul 2024
Drone Cameras

Rəsul Quliyev: “Seçkilərə qatılacağam” – Müsahibə

“Milli Şura sabah özünü Azərbaycan xalqının alternativ höküməti də elan edə bilər”

Sabiq spiker Rəsul Quliyevin Versus.Az-a müsahibəsi.

– Bildiyiniz kimi Milli Şura aksiyalarla yenidən gündəmə gəlib. Siz rəylərinizdə onları “milləti olmayan Milli Şura” adlandırırsınız. Bildirirsiniz ki, bu gün xalqı arxasınca aparan nə partiya, nə lider yoxdur. Düşünürsüz ki, ölkdə yaranmış vəziyyət prosesi çox yaxınlaşdırıb, qalıb “kiminsə” kənara çəkilib xalqa öz xarizmatik liderini seçməsinə imkan yaratması. Dəfələrlə qeyd edildiyi kimi, sosial-iqtisadi, işğal problemi yaşayan, üstəlik siyasi müxalifətə görə inamını itirən, bir yandan kredit borclarına görə “şok”durumunda olan və sair az qala nə etdiyini, nə istədiyini anlamayan xalqın nümayəndəsi istədiyini almaq üçün cəsarəti hardan tapacaq? Sizcə bu “kənaraçəkilmə” necə mümkün ola bilər?

“Onlar “Ölməz Kaşşey” kimi bir-birlərini dəyişərək davam edəcəklər”

– Qismən də olsa xalqı təmsil edən  partiyaların yaranmasında iştirak etməyən, liderləri məlum olan bir neçə insanın özlərini Xalq Cəbhəsi yox, Milli Şura adlandırması həqiqətən aşağı səviyyəli komediyadan başqa bir şey deyil. Hökümətin bu adı saxlamaq üçün necə dəridən-qabıqdan çıxdığını ancaq əbləh adamlar görməyə bilər. Çünki hökümət beynəlxalq aləmdə Milli Şuranı Azərbaycanın birləşmiş müxalifəti kimi təqdim edir və hər zaman onlara sərbəst mitinqlər keçirməyə icazə verdiyini ölkədə demokratiyanın təntənəsi olduğunu qeyd edir. Bu Milli Şura sabah özünün Azərbaycan xalqının alternativ höküməti olduğunu da elan edə bilər. Belə bir təcrübələri var. 2013-cü il prezident seçkilərindən sonra bir il “mən prezidentəm” bəyanatları və ətrafındakıların “cənab prezident” müraciətləri tragi-komediyası hələ yaddaşlardan çıxmayıb. Hökümət bu “birləşmiş” müxalifətə şərait yaradıb və müxtəlif vədlərlə, lazım olanda mitinqlər keçirməyə, ən nəhayət “vahid” namizədlə prezident seçkisində iştirak etməyə aparır. Növbəti seçkilərdən sonra Milli Şura adının dəyişilməsinin şahidi olacaqsınız. Eyni adamlar bu dəfə başqa ad altında “birləşəcəklər” və rejimlə çiyin-çiyinə irəliləyəcəklər. Rejim dinastiya idarəçiliyi yaradıb. Müxalifətlə onlar “Ölməz Kaşşey” kimi bir-birlərini dəyişərək davam edəcəklər. Milli Şura adlananlar isə fiziki ölənə qədər bu əməllərini davam etdirəcək, dinastiyadan gələn yeni nəsl isə özünə başqa milli şura yaradıb işini davam etdirəcək.

““…biz müxalifətik” bayrağı altında 25 ildir ki, cəmiyyətdə faydasız yaşamağı davam etdirirlər”

Xalqın “şok” durumunu, həyatı boyu özü “şok” duruma düşməyənlər heç vaxt anlaya bilməzlər. Bir gün olsun belə, xalqın içərisində yaşamayan (cayxanada kimlərinsə şikayətlənməsi xalq içərisində yaşamaq deyildir), heç vaxt heç bir faydalı işlə məşğul olmayanlar “biz müxalifətik” bayrağı altında 25 ildir cəmiyyətdə faydasız yaşamağı davam etdirirlər. Bunların çıxışları da hökumətin tapşırığı ilə baş verir. Belə çıxır ki, hökumət bu adamları “müxalifət vəzifəsi”nə təyin edib.

Bu liderlər “biz mane olmuruq, kim istəyir getsin partiya yaratsın, daha güclü fəaliyyət göstərsin” deyirlər. Camaat bu fikrin düzgün olduğunu qismən qəbul edir. Ancaq mən, “fərsiz aktyor 25 il səhnədə qala bilməz, getməlidir, talantlıların gəlməsinə mane olmamalıdır”– deyirəm. Təsəvvür edin, insanlar dərdin demək, məsləhət almaq, Allaha yalvarmaq və ya başqa məqsədlərlə məbədlərə getməlidirlər, belə məbədlər yoxdursa, yığışıb onu tikməlidirlər.

“Bu müxalifət divarları su çəkmiş, tavanı qismən uçmuş, pəncərələri qırıq məbəd rolunu oynayır”

İldən-ilə azalmalarına baxmayaraq, narazı insanlar yeni məbəd tikmək əvəzinə, bu viranələrə üz tuturlar.

– Rəsul bəy, Milli Şura növbəti aksiyanı oktyabrın 7-nə təyin edib. Məsələ burasındadır ki, müxalifət partiyalarının bir qismi Milli Şuranı qəbul etmir və onun mitinqlərinə də şübhə ilə yanaşır. Amma bununla yanaşı, mitinqdə iştirak üçün dəvət gözləyirlərmiş kimi narazı davranış sərgiləyirlər. Bir qismi də parlamentdədir, ümumiyyətlə bu məsələlərlə ilgilənmir. Cəmil Həsənli isə deyir ki, müxalifətin birliyini istəyən müxalifət meydanda olmalıdır. Belə bir vəziyyətdə nəticə nə ola bilər? Ümumiyyətlə, müxalifət meydanda olsa nə olacaq, olmasa nə olacaq? Olmalıdırmı?

– Milli Şura adı altında keçirilən bu mitinqlər faktiki rejimi və dinastiyanın ölkənin yeganə real güc olduğu qənaətini beynəlxalq aləmdə təsdiqlədi. ABŞ, konqresmen Smitin başçılığı ilə yazılmış sanksiya proyektinə diqqət yetirilsə, indiki rejimlə işləmək əzmində olduğunu elan etmək istəyir. Sadəcə olaraq prezidentin insan haqlarına daha çox diqqəti artırmasını istəyir. Mən cənab Smiti çox yaxşı tanıyıram, sanksiyanın mətninin bu şəkildə dəyişilməsi ancaq və ancaq onun qarşısına qoyulmuş real faktların nəticəsində ola bilərdi. Bu faktların səfirlik tərəfindən konqresmen Smitə təqdim etməyin yaradıcısı Milli Şuradır. Ona görə də onların gördükləri işlər, dedikləri sözlər barədə fikir söyləmək qeyri-ciddilik olar.

“… Azərbaycana dönməyim 2018-də baş tutacaq”

– Müsahibələrinizdə ölkəni bu çətin durumdan çıxara biləcəyinizi qeyd etmisiniz və sosial sferadakı çıxışlarda, statuslarda, rəylərdə sizə ümidin böyük olduğu açıq görünür. Nə fikirləşirsiniz, Azərbaycana nə vaxt gəlməyi düşünürsünüz?

– Bu hadisənin baş verməsi həm də hökumətin mənim gəlməyimin nə qədər vacib olmasını anlamasından keçir. Ümid edək ki, Azərbaycana dönməyim 2018-də baş tutacaq.

– Seçkilərə qatılacaqsınızmı?

–  Qatılacağam.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir