Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Radikallar hüzn mərasimlərini Elçibəyin dəfnindən siyasiləşdirməyə başlayıb”

Qəzaya uğrayan hərbi pilot Rəşad Atakişiyevin dəfn mərasimi ilə bağlı məsələni siyasiləşdirməyə olan cəhdlər bir qrup radikal müxalifət fəalı tərəfindən davam etdirilir. Bu məsələyə əsas katalizatorluq edən qüvvə isə Əli Kərimlinin başçılıq etdiyi AXCP və onun fəallarıdır. Onlar dəfn mərasimini siyasiləşdirmək kimi cəhdlərin qarşısını almaqla bağlı pilotun doğmalarının etdikləri müraciəti hakimiyyətin ayağına yazmaq istəyirlər.

Xarırladaq ki, mərhum pilotun qaynatası hadisənin siyasiləşməsinin tərəfdarı olmadığını bildirərək, müxalif siyasi partiyalara müraciət etdi ki, mümkün qədər, dəfndə iştirak etməsinlər. Bundan sonra bəzi müxalif liderlər mərhumun ailəsinin istəyinə uyğun olaraq, KİV və sosial şəbəkələrdə başsağlığı verməklə kifayətləndilər.

Ancaq Əli Kərimli məsələni sırf hakimiyyətin təzyiqi kimi qiymətləndirərək, bunu aparteidlə müqayisə etdi. Ən başlıcası budur ki, həmin qüvvə yas mərasimləri ilə bağlı məsələni milli-mənəvi dəyərlərlə bağlayıb, orada siyasi heç bir motivin olmadığını önə çəkir. Bildirirlər ki, sakit şəkildə gedib şəhidin dəfnində iştirak etməkdə heç bir siyasi çalar ola bilməzdi. Ancaq müşahidələr göstərir ki, məhz həmin şəbəkə və onlara aid funksionerlər dəfn və ümumxalq hüzn günlərində özlərini heç də məclisin ahənginə uyğun şəkildə aparmayıblar. Buna misal kimi, mərhum prezident, AXCP sədri Əbülfəz Elçibəyin dəfnində baş verənləri göstərmək olar. Həmin vaxt digər mərhum prezident Heydər Əliyev Əbülfəz Elçibəyin ailəsinə başsağlığı vermək üçün şəxsən özü mərhumla vidanın keçirildiyi Milli Elmlər Akademiyasının inzibati binasına gəldi. Həmin mərasimdə şəxsən iştirak edən adamların bir çoxu deyir ki, Heydər Əliyevin məclisdə çıxış etmək kimi fikri olmayıb. Çünki təcrübəli siyasətçi bilirdi ki, onun ən nəcib davranışı və ifadələrindən radikallar siyasi məqsədlər üçün istifadə edə bilərlər. Ona görə də mərhum Heydər Əliyev məhz hüzn mərasiminin qaydalarına, el-obamızın adətlərinə uyğun şəkildə davrandı. Ancaq qarşı tərəf, məhz Əli Kərimlinin təmsil olunduğu elektorat həmin vaxt həm Elçibəyin ruhuna, həm də Heydər Əliyevin şəxsiyyətinə böyük sayğısızlıq edərək, səs-küy salıb, yersiz şüarlar səsləndirdilər. Elə həmin hadisədən görünür ki, dəfn mərasimlərini siyasiləşdirməkdə kimlər maraqlı olub. Biz analoji hadisəni mərhum jurnalist Elmar Hüseynovun dəfnində də müşahidə etdik. Onda da radikal müxalifət müxtəlif təkliflər irəli sürdü. Hiss olunurdu ki, Elmar Hüseynovun dəfnindən hətta hakimiyyətə gəlmək üçün istifadə etmək planları olub. Analoji addımları biz Əli Kərimlinin timsalında ümumxalq hüzn və anım günlərində də görmüşük. Məsələn, 20 Yanvar, Xocalı faciələri ilə bağlı anım mərasimində onun tərəfdarları ilə göstərdikləri siyasi şoular hamının gözü önündə yaşanıb. Bütün bunlardan hansı nəticələri çıxarmaq olar? Dəfndən siyasi məqsədlərlə istifadə nümunələri nəyi deməyə əsas verir?

2000-ci ildə mərhum Elçibəyin dəfn mərasimində şəxsən iştirak edən və  mərhum Heydər Əliyevlə bağlı yaşanan səhnəni müşahidə etmiş ictimai-siyasi fəal Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Əli Kərimli və onun dəstəsinin canfəşanlığı anlaşılandır: “İş burasındadır ki, Əli Kərimli bütün addımlardan öz məqsədi üçün istifadə etməyi düşünür. Onun üçün yalnız bir amal var: hakimiyyətə gəlib, kimlərdənsə qisas almaq. Niyyət saf olmadığı üçün, hədəfə doğru atılan bütün addımlar təqdir ediləsi deyil. Bəli, yaxın siyasi keçmişimizdə dəfn mərasimindən siyasi məqsədlər üçün istifadə etmək kimi addımlar məhz radikal müxalifətin interaktivinə yazılıb. Elçibəyin dəfnində şəxsən iştirak etmişəm. Mərhum Heydər Əliyev əsl dövlət əxlaqı, əsl Azərbaycan kişisi kimi davranış nümayiş etdirdi, ancaq bu gün Əli Kərimlinin təmsil etdiyi bir qrup qaragüruhçu orada, sözün əsl mənasında, tərbiyəsizlik etdi. Sizi inandırım ki, həmin mənzərəni bir anlıq Elçibəyin özü görmüş olsaydı, onları hamıdan çox özü lənətləyərdi.

Əli Kərimli niyə məhz son tədbirdə iştiraka can atırdı? Adamın ailəsi səni orada görmək istəmirsə, niyə inad edirsən? Elə buradan görünür ki, onun məqsədi heç də şəhidi yad etmək olmayıb. Sadəcə, həmin tədbirdən fotolar çəkdirib paylaşmaq istəyib, eyni zamanda, müsahibə verib dividend əldə etməyi planlayıb. Gördüklərimizdən belə nəticəyə gəlirik ki, bir qrup radikal üçün heç bir meyar amili qalmayıb. Ən maraqlısı isə budur ki, müraciəti edən Qabil Hüseynli olub, Əli Kərimli isə hakimiyyəti hədəf seçib. Son hadisədə ənənələrinə uyğun davranıb, siyasi dividend əldə edə bilmədikləri üçün belə aqressivlik nümayiş etdirirlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …