Cümə , 26 Aprel 2024
Drone Cameras

Rahib Qərib: Jurnalist peşəkarlığı haqda

Jurnalist öz fəaliyyəti ilə təbliğat işi apararaq cəmiyyəti mövcud ictimai-siyasi həyatda fəal iştirak etməyə sövq edir, düzgün istiqamətə yönləndirir…

Çox bəsit və basmaqəlib fikirlə başladığım təkəmseyrək məqalələrimdən biridir bu…

Vaxtı ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən hansısa dərslikdə görüb oxuduğum bu fikir bir gənc kimi mənə çox bəsit görünmüşdü. İllər keçdi, taleyim elə gətirdi ki, mətbəədən başlayaraq müxbirə qədər yüksəlib, radioda “Danışır Yardımlı!” deyə verilişlər hazırladım, sonda böyük məsuliyyətlə yüklənərək Azərbaycanımızın efirində görünməyə başladım.

İlk efirə çıxdığım günü də heç unutmuram. Böyük televiziya təcrübəsi olan mərhum jurnalistimiz Cavanşır Cahangirov, təəssüf ki, bu gün aramızda olmayan studiya direktorumuz Tahir Abbaslıya “Yaraşıqlı oğlandır, nitqi də rəvandır, Tahir müəllim, onu efirə çıxarmaq pis olmaz məncə” – dedi.

Və mən, sözün əsil mənasında, əsə-əsə bir neçə il əvvəl evimizdə “sehirli qutu” kimi baxdığım, orda görünənləri dünyanın ən mükəmməl və xoşbəxt adamları kimi gördüyüm televizorda görünmək üçün gur işıqlı studiyaya girdim. Studiyaya və ordan da evimizə və məni tanıyan, tanımayan hər kəsin evinə. O qədər qorxurdum ki, nəsə düz olmaz, geyimim kiminsə xoşuna gəlməz, atam çəkə bilmədiyim yükün altına girdiyim üçün məni qınayar, sözləri düz tələffüz etməsəm, Azərbaycan dili və ədəbiyyatı müəllimim Qəzənfər müəllim əsəbləşər və daha nələr…

İndiki texnologiyaların olmadığı bir vaxtda bir neçə həftə sonra Neftçala rayonunun tanınmış ziyalılarından biri olan Rafael müəllimdən, məni tanıyan və şəxsən tanımayan ziyalılarımızdan, adi vətəndaşlardan alqış dolu məktublar ünvanıma gələnə qədər o gərginliklə yaşadım. Onda bildim ki, mənə basmaqəlib görünən fikirdə böyük bir həqiqət ifadə olunub. Demə, “Jurnalistika məsələləri” dərsliyində oxuduğum “Jurnalistikanın əsas uğuru insanların cəmiyyətdə gedən proseslərdə sosial-iqtisadi həyatda fəal iştirakını, məqsədyönlü fəaliyyətini təmin etməkdir.

Jurnalist əməyinin yaradıcı xarakteri onun yenilikçiliyi, proqressivliyi, tarixi novatorluq missiyası ilə ölçülür. Oxucuya, tamaşaçıya, dinləyiciyə təsir etməklə jurnalist sosial idarəetmə prosesinin iştirakçısına çevrilərək onların şüuruna, davranışına təsir göstərir.” fikri tam həqiqətmiş. Amma sonralar onu da anladım ki, bu fəaliyyət, sözün birbaşa mənasında, idarəetmə funksiyasından köklü surətdə fərqlənir. Belə ki, oxucunun, tamaşaçının, dinləyicinin jurnalistika məhsullarına qarşı münasibətdə seçim hüququ, azadlığı da var.

Onu bu və ya digər məqaləni, oçerki, reportajı oxumağa, verilişə baxmağa, müəllifin düşüncələri ilə razılaşmağa məcbur etmək olmaz. Buna görə də jurnalist oxucunun fəallığını, maraq dairəsini, eləcə də, sərbəstliyini nəzərə alırsa, o zaman onu istəyindən asılı olmayaraq müəyyən istiqamətə yönləndirə bilir. İllərin təcrübəsindən bu qənaətə gəldim ki, öz fəaliyyətini düzgün təşkil etmək üçün jurnalistdən yüksək erudisiya, bədii təxəyyül və zövq, obyektivlik, doğru-düzgün informasiya toplamaq, nəticələr çıxarmaq bacarığı, prinsipiallıq, operativlik, cəsarət və araşdırıcılıq qabiliyyəti tələb olunur.

Amma jurnalistə lazım olan cəhətlər, keyfiyyətlər bununla bitmir. Jurnalist, belə demək mümkünsə, cəmiyyətdən gələn hər cür “sosial sifarişə” operativ cavab verməyə hazır olmalıdır. Jurnalistin formalaşması və inkişafı onun bilik və bacarığını, daim yenilənən informasiya ehtiyatını artırması sayəsində mümkündür. Jurnalistin peşəkarlığı əsasən onun geniş dünyagörüşü, faktları analiz etmək, ümumiləşdirmək bacarığı ilə ölçülür. Yalnız yüksək intellektə malik olan, soaial həyatın aktual hadisə və faktlarını dərindən dərk edib təhlil edə bilən jurnalist peşəkar hesab oluna bilər.

Təkrarolunmaz olmaq üçünsə jurnalistin öz dəst-xətti olmalıdır. Qələmindən çıxan hər sətirdən tanınan müəllif əsil jurnalistdir. Peşəsinin ustası kimi formalaşaraq auditoriyanın etimad və inamını doğruldaraq oxucularla, dinləyicilərlə, tamaşaçılarla mütəmadi “ünsiyyət hüququ” qazanan jurnalistin peşəkarlığı, xüsusilə onun həyat həqiqətlərini dərk edərək yaradıcı üsul və vasitələrdən bacarıqla istifadə etməsindən çox asılıdır. Auditoriyaya effektli təsir qüvvəsi jurnalistikanın sosial təyinatı ilə müəyyənləşir. Dəqiq ünvanın və faktın, obyektin, hədəfin olması jurnalistin operativ fəaliyyətini təmin edir.

Amma bu cür müşahidə yalnız kiçik həcmli xəbər və materialların hazırlanmasına imkan verir. Belə ani müşahidə məqalə, oçerk və felyetonun hazırlanması üçün kifayət deyil. Bu cür materialların ərsəyə gətirilməsi üçün uzunmüddətli, geniş müşahidə apararaq, obyekti və insanları hərtərəfli öyrənmək, hadisələrin dinamik inkişafını izləyib araşdırmaq gərəkdir. Deyək ki, jurnalist xəstəxananın aparıcı cərrahları haqda reportaj hazırlamalıdır… Bu zaman onun cərrahiyyə otağında açıq-aşkar, necə gəldi, iştirak etməsi prosesin gedişinə mane ola bilər.

Ona görə də belə olan halda jurnalist gizli müşahidə aparmalı və ya ağ xalat geyərək həkim briqadasına mane olmadan qəhrəmanlarının fəaliyyətini daha yaxından izləmək üçün onların sırasına qaynayıb qarışmalıdır. Ya da Xüsusi olaraq, öz təcrübəmdən deyə bilərəm ki, cəbhə bölgəsindən, qaynar nöqtələrdən reportaj hazırlayan jurnalist yaxşı olar ki, belə hallarda maskalanmaq üçün istifadə olunan səhra geyimindən, zirehli gödəkçə və dəbilqədən istifadə etsin. Bu, onun özünü qəhrəmanları ilə bir sırada hiss etməsi, hər şeydən əvvəlsə, öz təhlükəsizliyi üçün vacibdir. Müşahidəni inkar edən situasiyalar da mövcuddur. Məsələn, jurnalist məhkəmənin qərarı olmadan istintaq işinin gedişatına müdaxilə edə bilməz. Bugünkü öncül texnologiyalar, internet resursları, informasiya mənbələrinin çoxluğu, rəngarəngliyi jurnalsit yaradıcılığının keyfiyyətini, səviyyəsini yüksəldən amillərdir.

Müşahidə ilə yanaşı həqiqi faktları özündə əks etdirən sənəd və sübutların olması da jurnalistin işinin keyfiyyətində mühüm rol oynayır. Amma bu sənəd və faktlarla işləyərkən jurnalist əsil həqiqəti üzə çıxarmaq üçün analitik təhlil aparmağı bacarmalıdır. Yenə öz təcrübəmdən bir misal çəkim. Biz bir dəfə cəbhədə olarkən, texnikalar xidmətə cəlb olunduğundan hərbi tibbi yardım maşınında cəbhənin müxtəlif istiqamətlərində hərəkət etməli olduq. Elə bir gün sonra təcrübəsiz, hadisələri araşdırıb faktları dəqiqləşdirməyən, bizim yaşayış məntəqələrindən tez-tez ora-bura keçib gedən təcili tibbi yardım maşınını izləyən bir kənd sakininə istinad edən müxbir “Vəziyyət gərgindir, çoxlu yaralılar var” — deyə bir xəbər tirajlamışdı. Halbuki, o təcili tibbi yardım maşınında ordumuzun ayrı-ayrı bölmələrinin fəaliyyətini lentə almaq üçün ora-bura gedən bizim çəkiliş qrupu olmuşdu.

Mövzu üzərində işləyərkən həqiqəti üzə çıxarmaq üçün analiz prosesindən çox şey asılıdır. Analiz zamanı jurnalist , ilk növbədə, “Nəyi fərtqləndirməli? Nə dərəcədə fərqləndirməli? Hansı ardıcıllıqla yazmalı?” suallarına cavab tapmalıdır. Məhz hadisə və faktların dəqiq analiz olunmasının nəticəsində jurnalist ümumiləşdirmə apararaq dürüst mövqeyini ortaya çıxarır.

Kiçik bir yazıda qeyd etdiklərim öz təcrübəm sayəsində gəldiyim bəzi qənaətlərimdir. Amma onu da deyim ki, jurnalist heç bir qayda, xüsusi norma və tələblərlə formalaşmır. Umumi qaydalar və tələblər yalnız jurnalistin fəaliyyətini tənzimləyən amillərdir. Bu qaydalara əməl etmək şərti ilə, öz işinə yaradıcı yanaşmaqla, illərin təcrübəsi sayəsində əsil peşəkarlığa nail olmaq mümkündür. Əsil peşəkarlara isə dördüncü hakimiyyət kimi dəyərləndirilən jurnalist ordumuzda, informasiya cəbhəmizdə böyük ehtiyac var.

Rahib QƏRİB, hərbi jurnalist.

Check Also

MÖHSÜM QƏDİROĞLU: KİŞİLİK KARVANININ, SƏRRAF SARVANI!!

Ayaq tutdun, sən güc aldın Göyçədən,Göyçə səndən borc gözləyir qardaşım.Elə çalış, elə yaşa, vuruş ki,İnciməsin, …