Qərbi Azərbaycan haqda ilk dəfə İnşallah babamdan eşitmişdim. Onda, 1979-cu ildə 5-ci sinifdə oxuyurdum… Babam hər il İrəvana — çox hörmət bəslədiyi Göyçədəki dostu ilə görüşə gedərdi…
Sonralar soruşub bildim ki, İkinci Dünya savaşında Hitler Almaniyasına əsir düşərək bir düşərgədə olublar. Babam Məhəmmədəmin Rəsulzadənin Almaniyaya təsiri nəticəsində dini təhsilinə, müsəlman olduğuna görə əsir düşərgəsinin dini rəhbəri seçilib və bütün müsəlmanları başına yığıb. (Özü belə deyərdi) Nəinki müsəlmanları 2 nəfər yəhudini də bizim Qubanın indiki Qırmızı qəsəbəsindən müsəlman deyə öz himayəsinə götürübmüş. Faşist dediyimiz ünsürlər, yəhudi cəlladı Hitler hakimiyyəti belə müsəlmandırlar deyə onlara toxunmayıb və özlərini idarə etmək üçün şərait yaradıbmış. Babamın dediyinə gğrə, sovet hökuməti də əsirlikdən sağ qayıdıblar deyə onları təqib etmirdi.
Göyçəli Mayıl baba isə dini təhsili olub deyə, əsir düşərgəsində babamın ən yaxın sirdaşı olmuşdu. İllər keçdikcə babama xatirələrini dilləndirmək üçün suallar verərdim . Heç yadımdan çıxmaz, heç kimin adını çəkməzdi. Mən də təkidlə məsələnin mahiyyətinə varmaq üçün ardıcıl suallar verərdim. Sonralar anladım ki, babam nədən o adamların adını çəkmirmiş… Kommunistlərin qınağına tuş gəlməsinlər, KQB tərəfindən sorğu-suala tutulmasınlar deyə çəkinirmiş. Amma zor-güc, babamın ilk oğul nəvəsi olmaq “imtiyazımdan” yararlanıb Göyçəli Mayıl babanın adını öyrənə bilmişdim. Onda babam hər şeyi təfərrüatı ilə danışdı. Dedi ki, “Bala mən İrəvana, Göyçə tərəfə gedirəm,orda bir dostum var, onu da götürüb “Əshabi-Kəf” deyilən ziyarətgaha yollanırıq. O da bizim Naxçıvanda yerləşir. O müqəddəs yerin adı Qurani- Kərimdə keçir, bala, ona görə ora gedirik”….
Əvvəllər bu deyilənlər haqda heç bir təsəvvürüm yox idi. İlllər keçdi babamın keçdiiyi o yollarda Birinci Qarabağ savaşında ərazi bütövlüyümüz uğrunda savaşda iştirak etməli oldum. Onların Zəngəzurdan Naxçıvana keçdiyi ərazinin işğal olunduğunun da, getdikləri o yolun bağlanmasının da şahidi oldum. Babamın xatrələri, dostu Mayıl baba ilə Naxçıvana, Əshabi-Kəf ziyarətinə getdiyi günlərin xatirələri də kino lenti kimi gözümün önündən keçirdi 1993-cü ildə Cəbrayıl, Zəngilan işğal olunanda. O yerlərdə artıq nə babamın dostu Mayıl baba var idi, nə də onun oğulları, nəvələri. Mənə Azərbaycanımızın Qarabağ adlı bir parçasının işğalı haqda ilk təəssüf və kədər gətirən məqamlar da daha çox babamın o xatırələrindən qaynaqlanırdı.
Babam həyatda yox idi, amma onun Göyçəli dostu Mayıl babanın qonağı olmaq istəmişdim o vaxtlar. Əslində onun da həyatda qalıb-qalmadığından, o yerlərdən didərgin düşüb-düşmədiyindən xəbərim yox idi. Heç olmasa, o nəsildən kimisə görmək, keşmiş xatirələri canlandlrmaq istəyirdim… Amma bilirdim ki, o insanlar bir nəfər kimi qədim yurd yerimiz İrəvandan və ətrafdakı mahallardan, eləcə də Göyçədən çoxdan qovulublar. Babamın əsirlikdə dostlaşdığı Mail babagildən bir kimsəni görüb hər ikisinin ruhunu şad edəcək anlar haqda düşünərkən öz ruhum beləcə itirilən torpaqlarımızın həndəvərində “əsir” oldu. Üstəlik erməni qəsbkarları Zəngilanı, Cəbrayılı, Füzulini, Ağdamı, ard-arda neçə bölgəmizi işğal etdilər.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 1993-də bu arzuma çatacağıma ümidlərim çoxalmışdı. Amma başsızlıq, hakimiyyət çək-çeviri üzündən yaranan çətin vəziyyətdə o dahi siyasətçi də yalnız Füzulinin Horadiz qəsəbəsini və digər istiqamətlərdə müəyyən əraziləri işğaldan azad edə bildi… Bütün Azərbaycanın Qarabağa qayıdış arzusu və nəticədə mənim də Zəngilan istiqamətində Zəngəzurdan babamın getdiyi yoldan keçmək arzum yarımçıq qaldı…
İllər ötdü və ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı, Respublika Prezidenti İlham Əliyevin bir əmri ilə ordumuz o yerləri heç kimin ağlına gəlməyəcək qısa bir vaxtda — 44 gündə erməni işğalından azad etdi.
Amma yağı düşmən təslim aktına imza atsa belə indi yenə arapozucu siyasət yürüdür. Mən yenə babamın Göyçəli Mayıl baba ilə keçdiyi o yoldan ötüb Naxçıvana, Əshabi-Kəfə gedə bilmirəm. Amma yaxşı bilirəm ki, tarixin izləri heç vaxt itmir. O izlər daşlaşmış, qayalaşmış yurd yerlərimizdə, hələlik ot-alaf bassa belə, o yollarda yaşayır…
Orda, Zəngilandan Naxçıvana uzanan bir yol var. Orda Zəngilanda, Zəngəzurda bir ev var. O ev bizim evimizdir, o yol bizim yolumuzdur! İnanıram ki, tarixi yurdumuz Zəngəzurdan keçərək bütün Azərbaycan illərlə blokadada qalan Naxçıvana uzanan o yolu bərpa edəcək. Çünki o yol bizim yolumuzdur! O ev bizim evimizdir! Hələlik getməsək də keçməsək də o yol bizim yolumuzdur.
Rahib Qərib,
hərbi jurnalist