Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rahib Qərib yazır: Ulu öndərin Vətəni qorumaq dərsləri

1981-ci ildə C.Naxçıvanski adına hərbi liseyə sənədlərimi verdim. O vaxtlar bu məktəb çox məşhurlaşmışdı. Məktəbdəki yüksək səviyyəli təlim-tədris şəraiti haqda xəbərlər Azərbaycanın hər yerinə yayılmışdı. Bütün yeniyetmələr oraya qəbul olmağa can atırdılar… Mən də böyük həvəslə o liseyi seçdim, imtahanlardan müvəffəqiyyətlə keçsəm də, dəqiq fənlərdən çox da yüksək qiymət almadım. Buna baxmayaraq, fiziki hazırlıqdan, rus dili və Azərbaycan dilindən yüksək nəticələr göstərdiyimə görə, xüsusi hərbi məktəbə qəbul olundum. Qəbul olduğumu biləndən sonra atama dedim ki, burada oxumağım çətin olacaq. Liseyin o vaxtkı rəisi, birinci dərəcəli kapitan R. Quliyevlə görüşdük. Atamın tərəddüdlə dediyi “Bu uşaq, deyəsən, burada oxuya bilməyəcək” fikrinə məktəb rəisi dərhal müdaxilə edərək, qətiyyətlə oxuyacağımı və heç bir çətinliyimin olmayacağını bildirdi.

Sonra da məktəbin bünövrəsini qoyan o vaxtkı respublika rəhbəri Heydər Əliyevin ucqar dağ rayonlarından gələn, yüksək fiziki hazırlığı olan və rus dilini yaxşı bilən uşaqların mütləq şəkildə məktəbə götürülməsi haqqında xüsusi göstəriş verdiyini xatırlatdı. O, “Mən buna əməl etməsəm, cəzalandırılaram”, – deyə təkidlə bildirdi.

Heç yadımdan çıxmır bu sözlər. İllər ötdü, mən o məktəbdən çıxıb jurnalistika yolunu tutdum. Amma ümummilli lideri­mizin tövsiyəsi, böyük səyləri nəticəsində Azərbaycanda yaradılan C.Naxçıvanski adına hərbi liseyin zaman-zaman neçə-neçə yeniyetmədə olduğu kimi, məndə də hərb sənətinə oyatdığı maraq, həvəs bütün həyatımdan qırmızı xətlə keçdi. Keçmiş sovet ordusu sıralarında hərbi xidmətimi daxili qoşunların böyük hərbi dairəsinin mətbuat orqanının redaksiyasında – “Dal­nevostoçnıy çasovoy” qəzetində çalış­maqla keçdim… Xidmətimi bitirəndən son­ra həmin qəzetin göndərişi ilə sənədlərimi BDU-nun (o vaxtkı S. M. Kirov adına ADU) jurnalistika fakültəsinə təqdim etdim və qəbul oldum…

İllər sonra Birinci Qarabağ sava­şında Azərbaycan Dövlət Televiziyası­nın həyatını hərbi jurnalistikaya həsr edən müxbirlərindən biri oldum. 17 ildən çox vaxt ərzində Azərbaycan Müdafiə Nazirliyində yaradılan kino-telestudiyanın hərbi telejurnalisti, baş redaktoru kimi xidmət keçib dövlət televiziyamızda efirə verilən onlarca sənədli filmdə, “And” hərbi-vətənpərvərlik proqramında ölkəmizin cəlb olunduğu ədalətsiz müharibədən, ordu quruculuğundan və təbii ki, bu quruculuq işində böyük əməyi olan ümummilli lide­rimiz Heydər Əliyevin danılmaz rolundan bəhs etdim. Mənə Azərbaycanımızın dahi oğlu Heydər Əliyevin yaratdığı C. Naxçı­vanski adına hərbi liseyin yaranma, forma­laşma tarixindən bəhs edən filmin redakto­ru, məsləhətçisi olmaq nəsib oldu. O filmin arxiv kadrlarında tribunada qürurla daya­nan dahi şəxsiyyətə hərbi salam verərək təntənəli marşla, inamla addımlayan yeniyetmələrin sırasında xəyalən özümü gördüm.

Bu gün həmin məktəbin müdavimlərinin sırasında olanların – Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin, Hərbi Hava Qüvvələrinin komandanı, ge­neral-leytenant Ramiz Tahirovun, vitse-ad­miral Şahin Sultanovun və xeyli təcrübəli, yüksək rütbəli zabitin adını çəkmək yetər ki, ulu öndərin illər əvvəl C. Naxçıvans­ki adına məktəbin bünövrəsini qoymaqla Azərbaycan Ordusunun böyük gücünə və dünya ölkələrinin orduları sırasında adının layiqli yerdə çəkilməsinə vəsilə olduğu gö­rünsün…

Bütün həyatı boyu Azərbaycan adı­nı uca tutan, yaddaşlarda yaşayan dahi şəxsiyyətin ordu quruculuğu sahəsindəki fəaliyyətindən yazmağa bu ürəkdolusu, unudulmaz xatirələrimi bölüşməklə başla­dım… Fəaliyyəti və ölkəmizin çiçəklənməsi naminə xoş əməlləri ilə mənim də həyat yoluma işıq salan dahi şəxsiyyət haq­qında bu qeydlərimə başqa cür başla­ya bilməzdim… Məncə, Azərbaycanda ordu quruculuğunun bünövrəsi də elə SSRİ dönəmində Heydər Əliyevin səyi nəticəsində ölkəmizdə Cəmşid Naxçı­vanski adına lisey və Bakı Ali Ümumqo­şun Komandirləri Məktəbi, Hərbi Dənizçilik Məktəbi kimi hərbi təhsil ocaqlarının ya­radılması ilə qoyulub. Təsadüfi deyil ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Nax­çıvan Əlahiddə Ümumqoşun Ordusunun Komandanı, general-polkovnik Kərəm Mustafayev və neçə məsul vəzifədə olan zabitlərimiz hələ SSRİ vaxtı Azərbaycanda fəaliyyət göstərən Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin müdavimləridirlər. Əlavə edim ki, hərbi jurnalist fəaliyyətimdə xarici dövlətlərdə, NATO-nun sülhməramlı təlimlərində iştirak edərkən dəfələrlə qonşu Gürcüstandan və Orta Asiya ölkələrindən olan zabitlərlə müsahibələrimdə onlar xüsusilə özlərini Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin və Ali Hərbi Dənizçilik Məktəbinin müdavimləri kimi təqdim ediblər və şəxsən Heydər Əliyevin əlindən diplom aldıqları ilə fəxr etdiklərini bildiriblər.

Müstəqil Azərbaycanımıza rəhbərlik etdiyi ilk vaxtlardan Heydər Əliyev ordu­muza xüsusi diqqət göstərir, onun inki­şafı, güclənməsi üçün bütün imkanlar­dan istifadə edirdi. Keçirilən irimiqyaslı təlimlərdə iştirak edən ümummilli lider hərbi qüvvələrin səfərbər edilməsi, orduda vahid komandanlığın formalaşması, əsgər və zabitlərin döyüş hazırlığının, mənəvi ru­hunun yüksəldilməsi işini daim nəzarətdə saxlayır, birbaşa təlim meydanlarında öz tövsiyələrini verirdi. İlk dəfə Azərbaycan Ordusunun ümumqoşun təlimlərini keçirmək haqqında göstəriş verən Heydər Əliyev silahlı qüvvələrimizin qoşunlarının birgə, qarşılıqlı fəaliyyətini təmin etmək barədə göstəriş verərək, bu hazırlığı özü poliqonda müşahidə məntəqəsindən izləyib. Nəticədə, bu gün tam ürəkaçan mənzərə var… Ümummilli liderimiz Heydər Əliyevin səylərinin, diqqət və qayğısının nəticəsi bu gün ordumuzun mükəmməl hazırlığında, dünyanı heyrətə salan döyüş qabiliyyətində real təsdiqini tapıb.

Azərbaycanımızın müdafiə qüdrətinin yüksəlişi, ordumuzun saba­hı müstəqillik illərində ölkəmizin hərbi təhsil müəssisələrinin fəaliyyətindən də çox asılı idi. Müstəqil Azərbaycana rəhbərliyi dövründə ordumuzun qüdrətli güc halına çatması üçün peşəkar zabitlərə olan ehtiyacın ödənilməsini ön plana çəkən Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində bir neçə il ərzində ölkəmizin hərbi məktəbləri müasir dün­yanın tələblərinə uyğun yenidən qurul­du. Bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş C.Naxçıvanski adına hərbi liseydə, hərbi dənizçilər, təyyarəçilər, ümumqoşun komandirləri hazırlayan, indi artıq ümummilli liderin adını daşıyan ali hərbi məktəblərimizdə yüksək dünyagö­rüşlü, mükəmməl hazırlıqlı zabitlərin ha­zırlanması üçün müasir tələblərə uyğun təlim-tədris şəraiti yaradıldı. İndi müstəqil Azərbaycanın ordu komandanlığının, Si­lahlı Qüvvələrin zabit heyətinin böyük əksəriyyətini bu məktəblərin müdavimləri təşkil edir.

Ordumuzun formalaşması və inki­şafında Heydər Əliyevin adı ilə bağlı daha bir məqam Silahlı Qüvvələrimizin müasirləşməsi, beynəlxalq əlaqələrinin genişlənməsi, dünyəviləşməsidir. Azərbaycan Ordusunun inkişaf etmiş ölkələrin silahlı qüvvələri ilə əməkdaşlığının genişlənməsi ümummilli liderin 1994-cü ilin mayında Brüsseldə ölkəmizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması haqqında sənədi imzalaması ilə başlayıb. O tarixi andan sonra özümün də hərbi jurnalist kimi iştirakçısı olduğum NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən hərbi tədbirlərin hərbçilərimizin təcrübə toplaması üçün necə geniş meydan açdığını görüb müşahidə etmişəm. Şahidi olmuşam ki, or­dumuzun nümayəndələri beynəlxalq hərbi tədbirlərdə Azərbaycanımızın adını uca tutublar, təlimlərdə çevik, ağıllı qərarları dünyanın güclü ordularının rəhbər nümayəndələri tərəfindən təqdir olunub.

Ulu öndərin göstərişi ilə 1997-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı bölüyü yaradılıb. Bu hərbi hissənin şəxsi heyəti dünyanın üç münaqişə bölgəsində – Kosovoda, Əfqanıstanda və İraqda sülh naminə aparılan əməliyyatlarda Azərbaycanımızı şərəflə təmsil ediblər. Bu sülhməramlı mis­siya Heydər Əliyevin layiqli davamçısı olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Sülhməramlılarımız Əfqanıstanda ölkəmizin sülh istəyini təmsil ediblər.

Ordu quruculuğunda əvəzsiz xidmətləri olan Heydər Əliyev ölkəmizin taleyi həll olunan səngərlərə baş çəkən ilk Prezident kimi də yadda qalıb. Onun cəbhə xəttinə gəlişinin ölkəmizin müdafiəsində dayanan döyüşçülərə necə qol-qanad verdiyinin, bu anları canlı olaraq izləyən hərbi jurnalist kimi, şahidi olmuşam. Əsgərlərlə fərdi və çox səmimi söhbətlərində onların əhval-ruhiyyəsini öyrənmək üçün ailə vəziyyətini, təhsilini, Azərbaycanın hansı bölgəsindən xidmətə çağırıldığını, istifadə etdiyi silah­la davranış bacarığını soruşur, onlara öz ürəklərini açmaq üçün şərait yaradırdı.

Ulu öndərin ermənilərin işğalı altın­da qalan ərazilərimizdən olan əsgərlərlə söhbətləri daha təsirli idi. Heç unutmaram, səngərlərdə Heydər Əliyevin Xocavənd rayonunun Kuropatkino kəndindən ol­duğunu deyən əsgərə “Nə vaxt kəndini azad edəcəksən?” sualına həmin əsgər “Tezliklə”, – deyə cavab verəndə, ulu öndər “Axı, 1992-ci ildən nə qədər vaxt keçib…” deyə köks ötürərək, onu doğma yerlərə tez qayıtmaq əzmi ilə xidmətə səsləyib qol saatı hədiyyə etməsi, sanki bütün döyüşənlərə bundan sonra vaxtı fövtə verməməyə bir müdrik çağırış idi.

Ulu öndərin cəbhədəki döyüşçülər qarşısında “Hər birinizi Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirəm!” çağırışı ilə bitirdiyi nitqindən, bu səmimi görüşdən ruhlanan neçə zabit və əsgərimiz cəbhədəki hərbi qüvvələrimizin növbəti həmlələrində fədakarlıq nümunəsi göstərərək, qumbara ilə özünü düşmən tankının altına atıb həlak olan Etibar İsma­yılov kimi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər, cəbhənin strate­ji bir istiqamətində uğurlu əməliyyatlara rəhbərlik edən polkovnik Şair Ramalda­nov kimi “Azərbaycan Bayrağı Ordeni” ilə və yüksək rütbələrlə mükafatlandı­rıldılar. Ordumuzun səngərlərdə döyüş növbətçiliyi aparan hissələrinin hazırlığı, hər bir döyüşçünün qayğıları ilə yaxın­dan maraqlanan dahi şəxsiyyət haqqın­da indi neçə-neçə zabit və əsgərimizin qürurla andığı xatirələri var. Ordumuzun cəbhədə daha da möhkəmlənməsinin, gələcəkdə ölkəmizin sakitliyini qoruyan müdafiəçilərimizin sığındığı səngərlərin aradan götürülüb sərhədlərlə əvəz olun­ması işinin təməlini məhz ulu öndər Heydər Əliyev qoyub.

2020-ci ildə Ali Baş Komandan, Res­publika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərimizin erməni işğalından azad olunması üçün keçirilən “Dəmir yumruq” əməliyyatı və nəticədə qazandığımız bö­yük Qələbə ulu öndər Heydər Əliyevin arzu və istəklərinin reallaşdığı tarixi məqam kimi təqvimə yazılıb. Vaxtı ilə ümummilli liderin baş çəkdiyi o səngərlər 2020-ci ilin sentyabrında bizi Qələbəyə aparan yolun başlanğıcı oldu, yolunda ömrünü şam kimi əritdiyi Azərbaycanın bütövlüyünə, torpaqlarımızın azadlığına, ordumuzun qələbəsinə aparan körpülərə çevrildi! Azərbaycan xalqının ümummilli liderinin layiqli davamçısı, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin bir əmri ilə ordumuz ərazi bütövlüyümüzü təmin etdi və biz qalib Azərbaycan, qalib xalq kimi bütün dünyaya səs saldıq. Dahi şəxsiyyət Heydər Əliyev isə fəaliyyəti, tövsiyələri ilə, Prezidentimi­zin dediyi kimi, ata vəsiyyəti ilə Qələbə gü­nünün müjdəçisi kimi tarixləşdi.

Rahib QƏRİB,

hərbi jurnalist,

ehtiyatda olan mayor

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …