Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın dəmir yollarının idarə olunması üçün güzəştini üçüncü tərəfə satmaq təklifi qəribə görünür. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva regionda nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır.
“Bilirsiniz, bunlar qəribə açıqlamalardır… Rusiya bütün regional nəqliyyat və iqtisadi əlaqələrin açılmasını ardıcıl olaraq müdafiə edib. Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində bu məqsədlə çox iş görülüb”, – Zaxarova brifinq zamanı bildirib.
Ötən həftənin sonlarında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Ermənistandakı dəmir yolu güzəştini hər iki tərəf üçün dost olan bir ölkəyə-məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə satmağı təklif edib.
Xüsusilə, Paşinyan əvvəllər beynəlxalq tərəfdaşların Moskvanın Ermənistan dəmir yollarına nəzarət etdiyi üçün Naxçıvandan sonra alternativ yollar axtarmağa can atdıqlarını bildirmişdi. Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiyaya qarşı heç bir iddiası yoxdur, lakin Rusiya güzəşti ölkə üçün “müəyyən rəqabət itkiləri” yaradır.
Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistan dəmir yolu infrastrukturunu Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları QSC-nin konsessiya idarəçiliyinə təhvil verib. Müddət 30 ildir və daha 10 il uzadılma hüququ var.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a dedi ki, torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistanın marionet dövlət, Rusiyanın forpostu olduğunu açıq
şəkildə bildirirdik: “Təbii ki, Ermənistanı bu günə salan Köçəryan və Sərkisyan olub. Belə ki, onlar ölkənin enerji sektorunu və dəmir yollarını Rusiyanın nəzarəti altına veriblər. Təbii ki, bu da Ermənistanı daima təzyiq altında saxlamağına imkan yaradıb və müstəqil olmağına imkan verməyib. 8 avqust Vaşinqton razılşamalarından sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Demək olar ki, Azərbaycanla Ermənistan arasında de-fakto sülh bərqərar olunub. Azərbaycan öz ərazisindən Ermənistana tranzit yüklərin daşınmasına qoyulmuş məhdudiyyətləri aradan qaldırıb. O cümlədən neft məhsullarımızı satmağa başlamışıq. Həm də Vaşinqtonda Zəngəzur dəhlizinin tərkib hissəsi olan TRIPP layihəsinin açılması məsələsi də reallığa çevrilib. Bu gün Ermənistana neft məhsullarımız, həm də tranzit yüklər Gürcüstan üzərindən daşınır”. Ekspert deyib ki, İrəvanın öz kommunikasiyaları üzərində qərar vermək imkanına malik olmaması bu məsələləri çətinləşdirir: “Nə baş verir? Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini bərpa etmək üçün Rusiyadan xahiş edir. Çünki, 2008-ci ildə Köçəryanın hazırladığı müqaviləni Sərkisyan imzalayaraq dəmir yollarını 2038-cu ilə qədər Rusiyanın nəzarətinə verib. İndi də baş nazir Nikol Paşinyan məcbur qalaraq Rusiyanın Ermənistandakı dəmir yolu güzəştini hər iki tərəf üçün dost olan bir ölkəyə – məsələn, Qazaxıstan, BƏƏ və ya Qətərə satmağı təklif edib. Rusiya hətta TRİPP layihəsinin keçdiyi ərazidə bərpa ediləcək dəmir yolunu da Ermənistanın dəmir yolları ilə əlaqələndirməyə çalışır. Halbuki, Zəngəzur dəhlizinin keçdiyi ərazidə əvvəllər fəaliyyət göstərmiş dəmir yolu heç vaxt Ermənistan dəmir yolları tərəfindən idarə olunmayıb. Rusiyanın, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində bu məqsədlə çox iş gördüyünü deməsi də ağ məntiqsizdir. Əgər Rusiya çox iş görsəydi, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və kommunikasiyaların açılması prosesi Vaşinqtona qədər gedib çatmazdı. O cümlədən münaqişə də çoxdan öz həllini tapardı və ikinci Qarabağ müharibəsinin baş verməsinə və lokal xarakterli antiterror tədbirlərin həyata keçməyimizə ehtiyac qalmazdı.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını və kommunikasiyaların açılması ilə bağlı reallıqları yaradan Azərbaycandır və bu prosesə şahidlik edən ABŞ-ın olduğunu hamı bilir. Cənubi Qafqaz sülh və əməkdaşlıq regionu olmalıdır. Bu baxımdan həm Cənubi Qafqaz ölkələri, həm də region ölkələri yaranmış sülh mühitini qorumalı və əməkdaşlığın dərinləşməsinə töhfə verməlidir”.
Cavanşir ABBASLI
Boyukmillet.com Biz yanmasaq vətən yanar
