Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Rusiya Ermənistana deyir ki, başlayın atəş açmağa” – Deputatdan açıqlama

Boyukmillet.com Milli Məclisin deputatı Vahid Əhmədovun “AzPolitika.info”ya verdiyi müsahibəni təqdim edir: 

– Vahid müəllim, Ermənistanın dövlət sərhədində atəşkəsi mütəmadi pozması, təxribatlara əl atması fonunda Prezident İlham Əliyevin Moskva səfəri baş tutdu. Azərbaycan Prezidentinin Moskvada həmkarı Vladimir Putinlə apardığı müzakirələr, verilən ilkin açıqlamalarla bağlı təəssüratınız nədir?

– Ümumən son dövrlər müəyyən xəbərlər dolaşır, ermənilər mütəmadi olaraq Şuşa, Kəlbəcər istiqamətində atəşkəsi pozur, təxribatlar törədirlər. Əlbəttə, bunlar yaxşı hal deyil. Çünki orada əgər rus sülhməramlıları oturubsa, bu kimi halların qarşısını almalıdır. İkincisi, orada Monitorinq Mərkəzi var. Bu mərkəzdə həm türk, həm də rus hərbçiləri işləyirlər. Onlar da buna imkan verməməlidir. Hesab edirəm ki, rus hərbçilərinin orada oturmasına baxmayaraq, erməni silahlı dəstələri var və onlar bir yerdədirlər. Başqa fikir deyə bilmərəm. Əgər orada sülhməramlı varsa, onların yanından atəş açılırsa, deməli bəlli məsələdir. Müharibədən əvvəlki illərdə atəşkəs həmişə pozulub. İndi orada sülhməramlılar var, amma fakt odur ki, son dövrlər atəşkəsə erməni tərəfi əməl etməyib. Bunun qarşısını sülhməramlılar almalıdır, çünki bu, onların birbaşa vəzifəsidir. Hesab edirəm ki, belə bir ərəfədə Azərbaycan Prezidentinin Rusiyaya səfəri çox önəmli idi. Çünki bundan əvvəl Ermənistan Baş naziri Rusiyada olub, bir sıra məsələləri müzakirə edib. Bu müzakirələrin davamı olaraq Prezident Əliyev Moskvada müəyyən müzakirələr aparıb.

Birincisi, 10 noyabrda imzalanan üçtərəfli bəyannamə yerinə yetirilmir. Zəngəzur dəhlizi ilin sonuna qədər açılmalıdır. Eləcə də kommunikasiya, nəqliyyat yollarının açılması məsələsi var. Yəni bu istiqamətdə müəyyən problemlər, maneələr var və bu səbəbdən məsələ öz həllini tapmayıb.

İkincisi, atəşkəslə bağlı problemlər var. Rus sülhməramlılar atəşkəsin saxlanılması məsələsində addım atmırlar və bu təxribatlar davam edir. Bizi narahat edən bu məsələ normalda Rusiyanı da narahat etməlidir. Çünki atəşkəsin pozulması daima baş verə bilməz, nəzərə alınmalıdır ki, bu halda Azərbaycan sərt qərarlar verə bilər.

Diqqət etdinizsə, Prezidentin Rusiya səfəri zamanı iqtisadi məsələlərə də xüsusi diqqət yetirildi. İqtisadiyyatın inkişafı, iki dövlət arasında əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-kommunikasiya vasitəsilə malların daşınması və s məsələlər. Amma bütün bunlarla bərabər sözsüz ki, bağlı qapılar arxasında çox ciddi məsələlər müzakirə edilib. Bundan əvvəl cənab Prezident Avropa Birliyi İttifaqının rəhbəri ilə görüşmüşdü, orada da müəyyən məsələlər müzakirə olunmuşdu. Əlbəttə, ermənilər dinc dayanmırlar, onlar xaricdəki diaspora strukturunun fərqli ölkələrdə söz sahibi olmasından istifadə edərək Azərbaycana təzyiqlərin edilməsinə çalışırlar. Lakin Azərbaycanın mövqeyi aydındır, heç bir təxribata gedən deyilik, ərazi bütövlüyümüz vacibdir.

Həmçinin söhbətlər gedir ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmalıdır. Sözsüz ki, əsas məsələlərdən biri Azərbaycan ərazi bütövlüyünün tanınmasıdır. Digər tərəfdən, Qarabağda hər hansı statusdan söhbət gedə bilməyəcək. Ona görə də, ermənilər bunu imzalamaq istəmir, vaxt uzadır və atəşkəsi pozurlar. Əlbəttə, məsələlər çox ciddi və narahatedicidir. Biz ayıq və hazır olmalıyıq. Baxıram, bəzən partiya rəhbərləri, politoloqlar, mütəxəssislər III Qarabağ müharibəsi haqqında danışırlar. Hər şey ola bilər, lakin mən inanmıram ki, indiki şəraitdə III Qarabağ müharibəsi baş verə bilər. Çünki ermənilər darmadağın olunub, onların durumu heç də yaxşı deyil. Mən baxdım, Avropa Birliyi Ermənistana milyardlarla yardım ayırıb. Müəyyən məsələlər, layihələrlə əlaqədar olaraq. Bir sözlə, məsələlər ciddidir və biz də daima hazır olmalıyıq. Bizim əsas məqsədimiz nədir? Ərazi bütövlüyümüzü bərpa edək, bundan sonra qalan məsələlərə baxaq. Dövlət başçısı da xalqla açıq danışır. Bəyan edib ki, Zəngəzurla bağlı məsələ həll edilməlidir, buralar tarixi Azərbaycan əraziləridir. Ermənilər narahatdırlar. Çünki biz sabah bu ərazilərə iddia edə bilərik. Əgər sən Qarabağa iddia edirsənsə, torpaqlarımızı 30 il işğal altında saxlamısansa, bunu biz nədən etməyək?!

– Moskva görüşündə Prezident Putin problemin həlli üçün kompromisin lazım olduğuna işarə etdi. Sizcə, Azərbaycan hansı kompromislərə gedə bilər?

– Nə kompromis? Biz vaxtında buna getmişik. Kompromis nə ola bilər? Sülh sazişi imzalanar, bundan sonra da Azərbaycanın ərazi bütövlüyü tanınar. Ermənistan Qarabağdan birdəfəlik imtina etsin. Onsuz da nə qədər çalışsalar da, onlara kömək etsələr də, xeyri yoxdur. Kompromis odur ki, Ermənistan dövlət kimi qalmaq və yaşamaq istəyirsə, əlaqə yaratmalı, münasibətlər qurmalı, kommunikasiya xətləri açılmalıdır. Hər şey Ermənistandan asılıdır.

– Rusiyanın indiki mövqeyini necə qiymətləndirirsiniz, bu dövlət regionda sabitliyin yaranması və Ermənistan-Azərbaycan münasibətlərinin qurulmasında nə dərəcədə maraqlıdır?

– Mən Rusiyanın mövqeyini çox pis qiymətləndirirəm. Nəyə görə? Əgər sülhməramlıları əraziyə yerləşdirmisənsə, Azərbaycan dövləti buna icazə veribsə, sən də sülhməramlı missiyanı yerinə yetir. Birincisi, imzalanan bəyannamədə göstərilir ki, həmin ərazidə bir erməni silahlısı belə qalmamalıdır. Başqa sözlə, orada təxribatçılar olmamalıdır. Ancaq var və atəş açırlar. Sülhməramlı faktiki öz missiyasını yerinə yetirmir. Odur ki, mən narazıyam. Burada söhbət ancaq Putindən getmir. Fransa, ABŞ kimi dövlətlər, Avropa Birliyi var. Sözsüz ki, onların da Ermənistanla münasibəti var. Yəni hamısı bir yerdə oyun oynayırlar. Ancaq mən bir daha qeyd edirəm, heç vaxt inanmamışam ki, Rusiya bu məsələdə bizə müsbət mənada köməklik etsin. Düzdür, strateji müttəfiqimizdir, iqtisadi əlaqələri inkişaf etdiririk. Cənab Prezidentin də qeyd etdiyi kimi, siyasi münasibətlər pis deyil. Amma bizimlə açıq oynamaq lazımdır. Bunların xoşuna gəlməyən bilirsinizmi, nədir? Azərbaycan dövlət başçısı müstəqil siyasət aparır. Diqqət etsəniz görərsiniz ki, Ermənistan həm Avropa, həm Rusiya, həm ABŞ-la oynayır və çalışır ki, onlardan istifadə etsin. Amma Paşinyanın üzü Qərbə tərəfdir. Biz bunu bilirik. Avropa ona 2,6 milyard avronu təsadüfən ayırmayıb. Bunların hamısı oyunların bir hissəsidir. Rusiya da oyunlarda iştirak edir. Biz indi siyasəti balanslaşdırmaq və lokallaşdırmaq üçün münasibətləri korlamırıq. Əsas faktor həm də Türkiyə dövlətidir. Türkiyə dövləti maraqlıdır ki, regionda stabillik olsun, Azərbaycanın ərazi bütövlüyü məsələsi təmin olunsun, Zəngəzur dəhlizi açılsın, “İpək Yolu” işə başlasın və s. Bunların hamısı dərin siyasətdir. Bizim üçün belə siyasət yürütmək o qədər də asan deyil. Lakin dövlət başçısı müstəqil siyasət aparır və çalışır ki, ərazi bütövlüyümüzü tamamilə bərpa etsin, delimitasiya və demarkasiya prosesini sona çatdırsın və heç bir problem də olmasın. Lakin onlar bunu istəmirlər, yenə də ərazi iddiasındadırlar. Başqa sözlə, yeni dəmir yumruğa ehtiyacları var.

– Aydındır ki, Azərbaycan lideri Moskvada sülh müqaviləsi, sərhədlərin delimitasiya məsələsini də qaldırıb. Ən azından Prezidentin Moskvada “münaqişədən sonrakı dövrün ağrısız keçməsinə tərəfdarıq” ifadəsi göstərir ki, Bakı sərhədlərin müəyyənləşməsi, sülh müqaviləsinin imzalanması, kommunikasiya xəttlərinin açılmasına dair qətiyyətli mövqeyə malikdir. Bəs Rusiya necə, sizcə sülh müqaviləsinin imzalanmasında maraqlıdırmı?

– Rusiya Qarabağ məsələsinin həllində maraqlı deyil. Səbəbi də sadədir. Rusiya sülhməramlı adı altında orada oturub, faktiki Azərbaycan və Ermənistana diktə edir. Lazım gələndə Ermənistana deyir ki, başlayın atəş açmağa. Budur siyasət. Siyasətin elə qapalı hissəsi var ki, biz onları bilmirik. Cənab Prezident istəməzdimi ki, sərhəd məsələləri daxil olmaqla, bütün problemləri həll etsin və məsələ birdəfəlik qapansın? Biz bilmədiyimiz məsələlər var. Bağlı qapılar arxasında elə müzakirələr olur ki, bizlər bunu bilmirik, amma tarix keçdikcə aydınlığa çıxacaq.

– Sizin fikirlərinizdən belə çıxır ki, indiki mərhələdə nə Ermənistan, nə də Rusiya sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bu halda proseslər hansı istiqamətdə gedə bilər?

– Prezidentin irəli sürdüyü təklifdə sülh müqaviləsinin imzalanması, Azərbaycanın ərazi bütövlüyünün tanınması, onların Qarabağdan tamamilə imtina etməsi nəzərdə tutulur. Sözsüz ki, Ermənistan buna razı deyil. Elə Rusiya da bunu arzu etmir. Çünki əsgəri oradadır, nə lazımdırsa tikir, Laçın dəhlizi də əllərindədir, nə istəyirlər aparıb-gətirirlər.

Bu halda biz çalışmalıyıq ki, bunu danışıqlar və təzyiqlər vasitəsilə həll edək. Yuxarıda qeyd etdiyim kimi, bəzi mütəxəssislər müharibə ehtimalı haqqında danışır, mən bunu istisna etmirəm. Amma III Qarabağ müharibəsi əlavə xərc, insan itkisidir. Ütəlik, bu nə dünyaya, nə də bizə lazım deyil. Onları başa salmaq da mümkün deyil. Paşinyan qanuni Baş nazir vəzifəsinə əyləşdikdən sonra görək özünü necə aparacaq. Sülh sazişi əsas iki məsələni həll edir. Azərbaycanın ərazi bütövlüyü məsələsini və Qarabağın statusu haqqında iddiaların rədd edilməsi. Qarabağda da kim istəyir yaşasın, heç bir problem yoxdur. Sərhədlər poblemini həll edib bitirmək lazımdır. Bundan sonra bir çox məsələ avtomatik həll olunur.

– Naxçıvan istiqamətində son təxribatdan sonra ABŞ-ın Azərbaycandakı səfirliyi bəyanat yayaraq tərəfləri atəşkəs rejiminə əməl etməyə səslədi. Sizcə, ABŞ bu mərhələdə nə istəyir, nədən narazıdır?

– Əslində ABŞ-ın nə istədiyini hamımız bilirik. Eləcə də Fransa və Rusiyanın. Bu ölkələrin səfirlərinin Şuşaya getməməsi onu göstərirdi ki, qapı arxasında hansısa planlar var. Baxırlar ki, bunu necə etsinlər, hansı formada hazırlasınlar. Azərbaycan artıq öz istəyinə böyük ölçüdə nail olub. Bu saat Şuşa başda olmaqla işğaldan azad edilən rayonlarda yollar çəkilir, hava limanları tikilir. Bunlar elə-belə işlər deyil. Əgər Paşinyan, Koçaryan, Sarqsyan nəsə düşünürsə, bunlar sadəcə xülyalardır. Azərbaycan deyir ki, gəlin ərazi bütövlüyümüzü tanıyın, Qarabağın statusu iddiasından imtina edin, sərhədlərimizi quraq və sonra işləyək. Nə problem var… Eyni fikri Türkiyə, Pakistan da deyir. Bəli, dünyada bəzi ölkələr var ki, Ermənistanı müdafiə edirlər. Bunların hamısı siyasi oyunlardır. Biz ordumuzu gücləndirməli, müasir silahlarla təmin etməliyik, onun təminatında problem olmamalıdır. Sərhədlərimizi tədricən bərpa etməli, hava hücumundan müdafiə sistemlərini elə qurmalıyıq ki, bir quş belə Azərbaycan ərazisinə daxil ola bilməsin.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …