Cümə , 9 Yanvar 2026
Drone Cameras

Rusiya hərbi əməkdaşlıq müqavilələrini niyə indi ləğv edir? – Mesaj, yoxsa TƏHDİD?

Rusiya Müdafiə Nazirliyi 1992-2002-ci illər arasında Avropanın bir neçə ölkəsi ilə imzaladığı 10 hərbi əməkdaşlıq müqaviləsini və müvafiq memorandumu ləğv etmək üçün hökumətdən təsdiq alıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın rəsmi hüquqi informasiya portalında məlumat dərc edilib.

Rusiya Müdafiə Nazirliyinin ləğv etdiyi müqavilələrin siyahısına Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika və Çexiya ilə bağlanmış “hərbi əməkdaşlıq” müqavilələri, eləcə də Rusiya Federasiyası ilə Britaniya müdafiə nazirlikləri arasında imzalanmış memorandum daxildir.

Rusiya bundan əvvəl Almaniya ilə hərbi-texniki əməkdaşlığı dayandırmışdı.

Rusiya bu müqavilələri məhz indi ləğv etməklə hansı siyasi mesajı verir? Rusiya bundan sonra təhlükəsizlik siyasətini hansı regionlar və tərəfdaşlar üzərindən qurmağa çalışacaq?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli qeyd edib ki, Moskva Avropa ilə hərbi əməkdaşlıq müqavilələrini ləğv etdi. Almaniya, Polşa, Rumıniya, Danimarka, Norveç, Niderland, Xorvatiya, Belçika, Çexiya və Böyük Britaniya ilə imzalanmış sənədlər artıq hüquqi qüvvəsini itirib. Bu addım texniki prosedurdan çox, açıq siyasi mövqedir və Avropa ilə münasibətlərin hansı mərhələyə keçdiyini nümayiş etdirir: “Rusiya Federasiyası bununla Avropa ilə təhlükəsizlik dialoqunun başa çatdığını faktiki olaraq elan edir. Etimad quruculuğu, hərbi şəffaflıq və əməkdaşlıq mexanizmləri Moskvanın gündəmindən çıxarılır. Kreml özünü Avropa təhlükəsizlik sisteminin tərkib hissəsi yox, ona qarşı duran tərəf kimi mövqeləndirir və bu mövqe artıq müvəqqəti deyil, uzunmüddətli strategiya xarakteri daşıyır. Müqavilələrin ləğvi Ukrayna müharibəsindən sonra yaranmış reallığın rəsmiləşdirilməsidir. Bu sənədlər uzun müddətdir praktik əhəmiyyət daşımırdı. Rusiya indi açıq şəkildə bildirir ki, sülh dövrünə aid hüquqi çərçivələr keçərli sayılmır. Mesaj ilk növbədə NATO-ya ünvanlanıb və Avropada təhlükəsizlik məsələlərinin artıq danışıqlar masasında deyil, güc balansı üzərindən həll olunacağını göstərir”.

Samir Əsədlinin sözlərinə görə, Avropa istiqamətinin bağlanması Moskvanı alternativ geosiyasi dayaqlar üzərində təhlükəsizlik siyasəti qurmağa sövq edir: “Asiya bu baxımdan əsas prioritetə çevrilir və burada başlıca tərəfdaş kimi Çin önə çıxır. Bu yaxınlaşma ideoloji xarakter daşımır, Qərbə qarşı balans yaratmaq məqsədi güdən praqmatik əməkdaşlıqdır. Eyni zamanda Yaxın Şərqdə, xüsusilə İran ilə hərbi və texniki əlaqələr dərinləşdirilir. Post-sovet məkanı isə hələ də Rusiya üçün strateji tampon zona olaraq qalır və bu bölgədə təsirin itirilməsi Kreml üçün ciddi risk kimi qiymətləndirilir. Bu qərarın Avropa üçün nəticələri təhlükəsizlik mühitinin daha da sərtləşməsi ilə müşayiət olunur. Etimad mexanizmlərinin tam sıradan çıxması hərbi insident riskini artırır və silahlanma prosesini sürətləndirir. Şərqi Avropada NATO-nun hərbi mövcudluğu genişlənir, Rusiya isə cavab olaraq nüvə çəkindirməsinə və qeyri simmetrik vasitələrə daha çox önəm verir”.

Siyasi şərhçi qeyd edib ki, bu ümumi xətt Moskvanın son günlər Qazaxıstan-a yönələn sərt ritorikasında da açıq şəkildə görünür. Kreml Avropa ilə münasibətləri qoparmaqla yanaşı, öz yaxın çevrəsində tam siyasi və təhlükəsizlik sədaqəti tələb etdiyini nümayiş etdirir: “Neytral mövqe, balanslı xarici siyasət və ya Qərblə paralel əməkdaşlıq artıq qəbul edilmir. Rusiya üçün indiki mərhələdə əsas prinsip aydındır: ya onun qurduğu təhlükəsizlik arxitekturasının içindəsən, ya da potensial risk mənbəyi kimi qəbul edilirsən. Qazaxıstanın NATO standartlarına cavab verəcək artilleriya mərmiləri və minalar istehsal etmək üçün dörd yeni zavod tikməyi planlaşdırması da məhz bu kontekstdə Moskvanın kəskin reaksiyasına səbəb olub. Müstəqil dövlət kimi öz hərbi təhlükəsizliyini təmin etməyə yönəlmiş bu addım Kreml tərəfindən nəzarətdən çıxma cəhdi kimi dəyərləndirilir. Nəticədə Rusiya mediasında və siyasi dairələrində Qazaxıstanın ünvanına təhdidlər və hədə qorxular səslənməyə başlayıb. Bu isə göstərir ki, Kreml üçün problem təkcə Avropa deyil, eyni zamanda öz yaxın ətrafında müstəqil qərar vermək istəyən tərəfdaşlardır”.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …