Xəbər verildiyi kimi, Suriyanın şimal-şərqindəki terror qurulmasına böyük zərbə vurmaqla yanaşı bölgədə maraqları olan bəzi ölkələrin də planlarını pozan Türkiyə noyabrın sonlarında Liviyada Faiz Sərracın rəhbərlik etdiyi Milli Birlik Hökuməti ilə hərbi sahədə əməkdaşlıq və Aralıq dənizindəki sərhədlərlə bağlı qarşılıqlı anlaşmaya dair saziş imzalayıb.
Baki-xeber.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan razılığı Liviyanın Tripolidə qərargahlanan və Fayiz Sarracın başçılıq etdiyi hökuməti ilə əldə edib. Bundan sonra Ərdoğan bəyan edib ki, Türkiyə Liviya hökumətinin istəyi ilə bu ölkəyə hərbi qüvvə də göndərə bilər.
Liviya 2015-ci ildən bəri şərqdə, yəni Benqazidə qərargahlanan hökumətlə Tripolidə qərargahlanan digər hökumət arasında bölünüb. Liviya Milli Ordusu və şərqdəki hökumət Fransa, Rusiya və əsas ərəb ölkələri tərəfindən dəstəklənsə də, Tripolidə qərargahlanan hökuməti isə İtaliya, Türkiyə və Qətər dəstəkləyir.
General Xəlifə Haftarın başçılıq etdiyi Liviya Milli Ordusu paytaxt Tripolini ələ keçirmək üçün bir müddət əvvəl hərbi əməliyyatlara başlayıb. Ərdoğanın son bəyanatından sonra isə Liviyada Türkiyə ordusunun Xəlifə Haftar və xarici dəstəkçilərinə qarşı ölkəyə dəvət edilməsi çağırışları artmağa başlayıb. Buna isə Avropa, İsraillə yanaşı daha çox isə ərəb ölkələri qarşı çıxır.
Hətta üsyançı general Haftarın xarici dəstəkçilərinin Türkiyə ordusunun Liviyaya müdaxiləsinə qarşı bu ölkəyə hərbi qüvvə göndərdiyinə dair xəbərlər yayılıb. Belə ki, Misirin Türkiyənin mümkün müdaxiləsinə qarşı Liviyaya çox sayda tank göndərdiyinə dair məlumatlar yayılıb. İddianı ortaya atan İsrailin kəşfiyyat qurumu MOSSAD-a yaxınlığı ilə tanınan DebkaFile saytı Sisinin göstərişi ilə göndərilən ağır texnikanın Türkiyənin Liviyaya müdaxiləsinə qarşı istifadə ediləcəyini yazır. Sayt Misir ordusuna aid tankların ötən həftə Liviyaya göndərildiyini iddia edir. Kəşfiyyat qaynaqlarına istinadən bildirilir ki, bu əmr birbaşa Sisi tərəfindən verilib və Misir hərbi hava qüvvələri də hazır vəziyyətə gətirilib. DEBKAfile, Türkiyənin Liviyaya əsgər göndərilməsi planı reallaşarsa, Misirin hərbi hava qüvvələrinin də Türkiyəyə qarşı hərəkətə keçəcəyini yazır.
Türkiyənin Liviyada problem yaşaya biləcəyi bir başqa ölkə Rusiyadır. Türkiyə Liviyada qanuni hakimiyyəti dəstəkləyir. Rusiya isə qanuni hökuməti devirməyə çalışan üsyançı generalın yanında yer alır.
Ruslar üçün Suriya qədər önəmlidirsə, Liviya da o qədər önəm daşıyır. Suriya Aralıq dənizində əllərində saxladıqları limandır, Liviya isə Aralıq dənizindən çıxış limanıdır.
2011-ci ildən bəri Liviyada siyasi böhran, xaos və münaqişə hökm sürür. Ruslar isə bu situasiyada çox diqqətlə hərəkət edir. Bölgədəki varlıqlarını zəmanət altına almaq üçün Liviyadakı hər iki tərəflə təmasdadırlar. Buna baxmayaraq, Tripoli hökuməti bildirir ki, üsyançı general Rusiyanın birbaşa dəstəyi ilə irəliləyir. Məlumatlara görə, Ukraynada separatçıların, Suriyada Əsəd rejimin yanında döyüşən Rusiyanın məşhur Vaqner qrupu indi də Liviyada üsyançı generalın yanında Tripoli hökumətinə qarşı döyüşür.
Ərdoğan da bir müddət əvvəl rəsmi Ankaranın Haftarın Kremlə bağlı Vaqner qrupundan aldığı dəstəyi qulaqardına vura bilmədiyini deyib. “Vaqner adlı qrup Liviyada Haftarın muzdlu işçiləri kimi işləyir. Onlara kimin pul ödədiyini bilirsiniz” – deyən Ərdoğan daha sonra bildirib: “Bu belədir və bütün bunlara səssiz qalmağımız düzgün olmaz. İndiyə qədər əlimizdən gələni etdik və bundan sonra da edəcəyik”.
Məlumata görə, Rusiya Türkiyənin Liviyaya qoşun göndərməsi perspektivindən çox narahatdır. Bununla belə, tərəflərin Liviyada üz-üzə gəlmə ehtimalı çox aşağıdır. Rusiyalı ekspert Pavel Evgenievich Felgenhauer də hesab edir ki, Türkiyə və Rusiya Liviya üçün qarşı-qarşıya gəlib savaşmayacaq:“Çünki bu vəziyyət Suriyada ciddi böhrana səbəb olar. Bundan başqa, Rusiya baxımından Türkiyə Liviyada daha çox strateji əhəmiyyətə sahibdir”.