“Vaşinqtondakı hadisələr ABŞ-ın daxili işidir”.
Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ABŞ paytaxtında baş verən hadisələrlə bağlı bəyanatında bildirilib.
“Vaşinqtondakı hadisələr göstərdi ki, ABŞ-dakı seçki sistemi arxaikdir, çağdaş standartlara cavab vermir, pozuntular üçün şərait yaradır. Dost Amerika xalqına öz tarixlərinin bu dramatik mərhələsindən layiqincə çıxmağı diləyirik”, – XİN-nin bəyanatında vurğulanıb.
Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 78 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.
Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.
Vaşinqton Polis İdarəsinin rəisi Robert Kontinin sözlərinə görə, vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.
Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.
Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının – Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. Donald Tramp isə, öz növbəsində, yanvarın 20-da hakimiyyəti dinc yolla ötürəcəyini açıqlayıb.