“Bu 49 nəfərin içində Azərbaycan yataqlarının qanunsuz istismarında iştirak edənlərin olması da tam mümkündür”
Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlıları 49 əcnəbi vətəndaşın Qarabağdan Ermənistan ərazisinə təxliyəsini təmin edib. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə istinadən erməni mediası məlumat yayıb. Qeyd edilənə görə, Rusiya sülhməramlıları tərəfindən 6-sı uşaq olmaqla 49 əcnəbi vətəndaş Qarabağ ərazisindən Ermənistana təxliyə edilib.
Maraqlıdır, erməni mətbuatı ara-sıra Qarabağdakı əcnəbi vətəndaşlardan yazır. Əcnəbi vətəndaşlar Qarabağda nə edirdilər? Ola bilərmi ki, onlar Azərbaycan yataqlarının qanunsuz istismarına cəlb edilənlər olsun? Əcnəbi vətəndaşlar ora necə gəlib çıxır?
- “Azərbaycan dövlətinin razılığı olmadan əcnəbi vətəndaşların Xankəndidə olması, indi də təxliyə edilməsi ciddi qanun pozuntusudur”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, bu fakt Laçın-Xankəndi yolundan qanunsuz istifadə olunduğunu bir daha təsdiqlədi. “Bu onu bir daha təsdiqlədi ki, Laçın-Xankəndi yolundan qanunsuz istifadə olunmaqdadır, burada qanunlar pozulmaqdadır. Əcnəbi vətəndaşların hansı yolla Xankəndiyə, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərə gəlməsi, orada nə işlə məşğul olması ciddi sual yaradır. Əcnəbi vətəndaşlar Xankəndidə necə peyda olublar? Azərbaycan məhz bu məqamları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyir ki, burada rus sülhməramlılarının razılığı ilə hətta İrandan terrorçular belə gəlib Xankəndiyə keçə biliblər. Onlar buna göz yumublar. İndi biz necə bilək ki, barəsində danışılan bu 49 əcnəbi bizim yataqların qanunsuz istismarında iştirak etməyib? Əksinə, şübhələrimiz çoxdur. Bütövlükdə, Azərbaycan dövlətinin razılığı olmadan əcnəbi vətəndaşların Xankəndidə olması, indi də təxliyə edilməsi ciddi qanun pozuntusudur. Bu 49 nəfərin içində Azərbaycan yataqlarının qanunsuz istismarında iştirak edənlərin olması da tam mümkündür. Bundan başqa, hansısa məqsədlərlə Azərbaycan əleyhinə iş görmək üçün ora kimsənin də gəldiyi istisna deyil. Bu adamların arasında Azərbaycan əleyhinə təxribat törətmək istəyənlərin də oldğu istisna deyil”.
S.Adıgözəlli qeyd edir ki, bu əncəbilərin Qarabağda necə peyda olmasının özü ciddi şəkildə araşdırılmalı, Rusiya tərəfindən hesabat tələb olunmalıdır. Laçın-Xankəndi yolunun istifadəsinin Xankəndidəki erməni sakinlər üçün humanitar məqsədlərlə nəzərdə tutulduğunu deyən S.Adıgözəlli qeyd etdi ki, amma bundan sui-istifadə edilir. “Bu yol erməni sakinlər üçün nəzərdə tutulur ki, onlar sülhməramlıların müşayəti ilə Ermənistana gedib-gəlsinlər. Yoxsa hansısa əcnəbi vətəndaşların qanunsuz səfəri üçün nəzərdə tutulmayıb. Azərbaycanın xəbəri, razılığı olmadan xaricilərin Xankəndiyə daxil olması, sonra da təxliyə olunması ciddi qanun pozuntusudur. Bu qanunsuz səfərlər isə müvəqqəti olaraq rus sülhməramlı kontingentinin məsuliyyət zonasında olan Azərbaycan ərazisində edilir. Bu da onu göstərir ki, rus sülhməramlı kontingenti buna göz yumur və öz vəzifəsini yerinə yetirmir. Xarici vətəndaşları müxtəlif adlar altına Qarabağa gətirmək, sonra isə onları təxliyə etmək sülhməramlıların fəaliyyətlərindəki qaranlıq məqamlardan xəbər verir” – deyə S.Adıgözəlli qeyd etdi.
Leyla QARAXANLI