Bazar , 22 Dekabr 2024
Drone Cameras

Şərq niyə itirdi, Avropa necə qazandı? – SAVAŞIN GİZLİ CƏBHƏSİ

Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı mühacir yazıçı, araşdırmaçı Güntay Gəncalpın (Mənuçehr Cavanşir) Şərq dünyası, xüsusi ilə türklərlə bağlı aşağılayıcı yazılarına növbəti cavabını yazıb. Bir müddətdir davam edən bu elmi polemikada Sabir bəyin ikinci yazısına qarşı tərəf 8 cavab yazıb. 
Boyukmillet.com S.Rüstəmxanılının bu yazılara sayca 3-cü cavabını təqdim edir: 
 
 
Güntay Gəncalpa cavab
 
3. Tarixi inkişafın qaynaqlarının axtarışı
Sən Avropanın inkişafını təbiət şərtləri ilə bağlayırsan, halbuki sivilizasiyaların yaranması və inkişafı, hər hansı bölgənin önə çıxması çox mürəkkəb bir gedişatdır; bir çox şərtlərə bağlıdır (siyasət, sosiologiya, iqtisadiyyat, hüquq, yaşam şərtləri, etno-kültürəl və intellektual səviyyə); təbiət bu şərtlərdən yalnız biridir. Təbiət gözəlliyi, su bolluğu əsas olsaydı, onda gərək dünyanın ilk uyğarlıqları və mədəniyyətləri də Avropada yaranaydı.
 
Bir həftə öncə Türkiyədə Kəmərlitəpə məbədinin qazıntılarına baxmağa getmişdim. 12 min il öncənin abidəsidir. Yaxınlığında Harran şəhərinə, dünynın ilk universitetlərindən birinin, təəssüf ki, yalnız xarabalıqlarına baxdım. Burdan cənuba gedərsən dünyanın ilk uyğarlığına beşik olmuş Babilistana çatarsan. Şumer mədəniyyətini quranların Avropa dərdi yox idi. Azərbaycanın quru çölləri də burada yaşayanlar üçün sən dediyin kimi, cəhənnəm olmayıb. Əgər insanoğlu, heyvan kimi, yalnız otu və suyu bol olan səmtlərdə məskən salmaq həvəsində olsaydı, onda gərək Yer üzünün bütün əhalisi, sənin cənnət kimi təsvir etdiyin Avropya doluşaydı. Halbuki, belə deyil. Hər topluma, xalqa öz Vətəni cənnətdir. Bu haqda maraqlı bir lətifə var, eşitmiş olarsan: İki çukça oturubmuş Asiyanın lap şimal-şərq ucunda, çılpaq, soyuq qayaların üstündə. Qarşıda Şimal Buzlu okean. Burdan tənha, ucqar, boş, mənasız yer təsəvvür etmək olmaz. Onlardan biri o birinə deyir: “İstəyirsən sənə siyasi anekdot danışım!” Yoldaşı tez etiraz edir:“Amandır, danışma, yoxsa bizi sürgün edərlər!”
Təsəvvür elə, hara sürgün edilsələr, ordan yaxşı olacaq, lakin o ucqar və əbədi buzlaq vətənini tərk etmək onlar üçün faciədir…
 
Dünya tarixi ziqzaqlı bir xəttə bənzəyir, bir bölgə yüksələndə başqa bölgə enir. Avropa bu gün öndədir və bunun çoxlu səbəbləri var: bu səbəblərin heç də hamısı İslamın bizi geri qoyması və ya bizim zəifliyimizlə bağlı deyil. Sadəcə, Avropa vaxtında ayıldı, okeanlara çıxdı, dünya ticarət yollarını nəzarətə götürdü, sümürgəçiliyə başladı, varlandı, elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsinə böyük sərmayə qoydu, demokratik dəyərləri və qanunları önə çıxartdı, dində islahat aparıb, cahillik dövrüylə vidalaşdı, antik uyğarlığı öyrəndi, dirçəltdi və s. Lakin bundan öncə tam min ikiyüz il (VI-XVIII yüzillər) Avropa Şərqdən çox-çox geridəydi. Avropanın bu “müzəffər” yürüşü də əbədi deyil. Hesablamalara görə, bu yüzilin sonunda, əgər fövqəladə hadisələr baş verməsə, Şərq bütün parametrlər üzrə yenidən Avropanı geridə buraxacaq.
 
Biz Amerika kəşf etmirik, filosofları və tarixçi alimləri yüzillərcə düşündürmüş məsələlərdən danışırıq. Keçmişin dərki qədimdən bəri fəlsəfənin əsas mövzularından biri olmuşdur. Ötüb keçənlərə hansı prinsipllərlə yanaşmaq lazımdır? İnsan cəmiyyətinin inkişafı hansı şərtlərə bağlıdır, insan keçmiş dəyərlərini ələyib, saf-çürük edib gələcəyi üçün təcrübə bazası yarada bilirmi, keçilən yollar, gələcək yolların bəlirlənməsinə yardım edirmi, insanoğlu öz səhvlərindən nəticə çıxararaq cəmiyyəti inkişaf yolunun yeni mərhələlərinə qaldıra bilirmi? Tarixin hər hansı bir qanunauyğunluğu varmı, yoxsa əbədi bir xaosun içindəyik, insan cəmiyyətini və ayrı-ayrı xalqları gələcəkdə nə gözləyir? Bugünkü həyat və fəaliyyət şərtləri cəmiyyətin və tarixin gələcəyinə yön verə bilirmi?
 
Onu da deyim ki, tarixçilər arasında təbiət nəzəriyyəsindən, coğrafi- tarix nəzəriyyəsindən başqa nəzəriyyələr də var. Bunlardan bir neçəsini xatırlatmaq istəyirəm:
1. Teologiya nəzəriyyəsi – yəni tarixi (və ya zamanı) dəyişən qüvvə inanc və Allahdır;
2. Metafizik nəzəriyyə – yəni tarixi dəyişən taledir;
3. İdealist nəzəriyyə – yəni tarixi dəyişdirən insanın dini-elmi-mənəvi yaşam tərzidir;
4. Naturalist nəzəriyyə – yəni tarixi dəyişən güc insan təbiəti, onun cəhdləri və əməlləridir;
5. Materialist nəzəriyyə – yəni tarixin təkanverici gücü- iqtisadi münasibətlərdir…
 
Bioloji-antroploji faktorları, xalqların etnik özəlliklərini əsas götürən və ya Şərqin kainatı bütöv görən, bütün olayların səbəbini kosmosda, Yer-Göy birliyində axtaran, İnsana Tanrının bir zərrəsi kimi baxan və dünyanın inkişafını da insanın kamilləşməsinə bağlayan çoxlu başqa yanaşmalar da unudulmamalıdır.
Fikir ayrılıqları və tarixi faktları subyektiv dəyərləndirmələr tarix elmini, A.Toynbinin ifadəsiylə desək, “faktlar sənayesinə” çevirib.
Sən bunlardan yalnız birindən danışırsan. Halbuki, bu amillər, güclər hamısı ya bir yerdə, ya da tək-tək xalqların taleyində və tarixində rol oynayıblar. Sənin müzakirəyə çıxartdığın son min ilin türk-Azərbaycan tarixində də bu amillərin çoxu bu və ya digər çəkildə rol oynayıb. Ən çox təsir göstərən də din faktorudur…
 
 
Lakin alimlər dəbdəbəli adlar altında nə qədər nəzəriyyələr düşünsələr də, bir reallıq inkaredilməzdir. İnsanların və xalqların gələcək tarixi bugünkü iqtisadi, mədəni, mənəvi, əxlaqi münasibətlərinin, yaşam tərzinin təsiri altında biçimlənir. Yəni həyat tərzi dəyişəndən sonra, sənin dediyin yüz səfəviyyəçilik ənənəsi olsun, insanı əski çərçivələrdə saxlaya bilməz. Buna görə də əsas görəv millətin həyat tərzini dəyişmək, insan haqlarının, demokratiyanın, dil və kültürün qorunub uluslararası kurallara yaxınlaşdırılmasıdır. İranda həyat şərtləri dəyişildikcə, sasanizm ənənələri də, səfəviçilik də mifə və nağıla çevriləcək; cəmiyyəti miflər idarə eləmir, dünyanı bürüyən texnoloji gəlişmələr sayəsində dünyanı yenidən kəşf edən münasibətlər və kürəsəl güclər idarə edir, sərhədlər və anti-insani yasalar getdikcə mənasını itirir. Egitim və kültürəl gəlişmə məktəblərdən evlərə daşınır. Ən zəif, savadsız xalqlar da bu proseslərdən kənarda qala bilməz…
 
4. Türklər ikinci minillikdə doğrudanmı heç bir iş görməyiblər?
 
Yazırsan: “Yalnız biz türklər Səlcuqlar zamanından etibarən geniş bölgədə iqtidarı ələ keçirdiyimizdə, bütün bu mədəni gəlişmələrin (antik ədəbiyyatın ərəbcəyə çevrilməsi nəzərdə tutulur) önünə divar hörərək, Orta Doğunu fəlsəfəsi, elmi olmayan bir qaranlığa çevirdik”.
 
Buna bənzər ittihamlar yazında dəfələrlə təkrarlanır: ”Öylə ki, Səlcuqludan Osmanlının sonuna qədər 1000 illik uzun zaman dilimində Əl- Xarəzmi, Biruni, Fərabi, İbn-Sina gibi alimlər yetişmədi”; “Bizim qurduğumuz imperatorluqlardan heç bir maddi-mənəvi olaraq bir əsər miras qalmamışdır”; “…türklərin Qəznəvilərdən Osmanlıya qədər qurduqları imperatorluqlarında elm və düşüncədən əsər-əlamət olmamışdır”; “Ən ədalətsiz və əzici imperatorluq düzənini türklər qurmuşlar”; “… İrandakı türklərin xarici dil bilgisi olmadığından tarixin qaranlığına gömülü qaldılar”; “Qızılbaşlarda doğa çətinlikləri ilə qarşılaşacaq əqli birikim və dənəyim yox idi”…
 
Başa düşmürəm, min il ərzində Avroasiyanı ölməz memarlıq əsərləriylə, şəhərlərlə, yollarla, karvarsaraylarla, körpülərlə donatmış, İpək yoluna nəzarət etmiş böyük bir millət haqqında heç bir əsası olmayan, belə alçaldıcı hökmü vermək cəsarətini sən hardan alırsan? Axı bu cümlələrin hamısı böhtandır və vaxtılə mənfur “Ocaq” kitabında Zori Balayanın biz ”vəhşi türklər” haqqında dediklərindən heç nə ilə fərqlənmir. Hələ 1988-ci ildə nəşr olunmuş “Ömür kitabı”nda mən Balayanın “vəhşi türklərin” guya heç bir sənət əsəri yarada bilməmələri böhtanına cavab verərək yazmışdım: ”Türk xalqları Səmərqənd, Buxara, Xivə, Herat, Tac-Mahal möcüzələrinin – onlarla bir-birindən gözəl, dünya şöhrətli memarlıq incisinin yaradıcısıdır.” İndi dünyanı gəzib görəndən sonra bu cümləmə türklərin böyük quruculuq və yaradıcılıq qabiliyyətini göstərən onlarla başqa dəlillər də əlavə edərdim…
 
Tac-mahal 
 
Sənin bu bir neçə cümlənə ətraflı cavab verilsə, iri bir kitab yaranar. Son əsrlərdə Avropa sürətlə irəli çıxsa da, orta yüzillər türk dünyasını tamamilə qaranlığa gömülmüş saymaq günahdır. Qısaca bir neçə faktı sənə xatırladım: elm sahəsində Nəsrəddin Tusinin triqonometriyanın əsasını qoyan kəşfləri, (Avropa onu hələ 16-cı yüzilin əvvəllərindən – Romada nəşr olunmuş kitabından tanıyırdı), rəsədxanası, onun ardınca Səmərqənddə Uluqbəy rəsədxanası, sənətdə Naxçıvan abidələri, Təbriz miniatür məktəbi və xalçaçılıq, bütün Anadolunu bürüyən Səlcuqlu memarlıq nümunələri, Azərbaycanda və İranda Şah Abbasın tikdirdiyi saraylar, karvansaralar, körpülər, camelər, bütün Balkanları və Ağ dəniz hövzəsini bürüyən möhtəşəm Osmanlı memarlıq inciləri (təkcə Rodos adasında vaxtilə Osmanlının tikdirdiyi və bu gün, təəssüf ki, unudulmuş doqquz möhtəşəm came var), onlarla mühafizə qalası və s. və i.a. Bəli, bu min ildə türklərdən Fərabi, Biruni yetişmədi, lakin eyni məntiqlə demək olar ki, başqa yerlərdə də Kaşqarlı Mahmud, Yusif Balasaqunlu, Yəsəvi, Yunis Əmrə, Nizami, Nəsimi, Füzuli… və nəhayət, Mirzə Fətəli Axundzadə, Üzeyir bəy Hacıbəyli yetişmədi.
 
Sənin yazılarından birini oxuyanda Doğu Anadoluda, Şanlıurfada Ağqoyunlu hökmdarı Uzun Həsənin tikdirdiyi camenin önündə oturmuşdum, Çinarlı həyətin ortasıyla axan bol sulu kəhrizdə uşaqlar çimirdilər, içəridə etnik kökləri fərqli olan yüzlərlə türk, kürd, ərəb, suriyalı eyni və sarsılmaz Allah eşqiylə dünyanin müsəlmanlarla haqsız rəftarını, İslamı terrorla bağlamağın yanlışlığını, həmin gün fələstinlilərə Əl-Əqsa camesində namaz qılmağa izin verilməməsini pisləyən çox sakit, dolğun, inamlı və haqqa söykənən bir xütbə dinləyirdilər.
 
Səlib yürüşü bitməyib, Avropa mərkəzçiliyi xəstəliyə çevrilib. Türk-islam dünyasına yüzlərlə böhtan atılır. Lakin ədalət naminə deməliyəm ki, Avropa, Amerika alimlərinin türk xalqları və dövlətləri haqqındakı əlimə keçən onlarla kitabının heç birində sənin kimi bir inkarçılıq yoxdur. Sevməsələr belə, alim vicdanları onlara müəyyən həqiqətləri gizlətmək imkanı vermir. Düzdür, Göytürklər, Qaraxanlılar çağlarının böyük türkçüklük ruhu bu minilin müəyyən dönəmlərində xeyli zəifləmişdi, lakin bu min il həm də türk dilinin misilsiz şeir, nəsr və dram əsərləri yaratmaq qüdrəti qazanması ilə nəticələnmişdir. Az-az xalqda bu minilə türklərin yaratdığı qədər zəngin yazılı və şifahi ədəbiyyat ola bilər.
 
Nəhayət, türklər ədalətsiz və əzici olsaydılar, bu qədər geniş coğrafiyada bu qədər dövlətlər qurub, xalqları idarə edə bilməzdilər. Dünya bu gün də həmin təcrübəni öyrənir.
 
Türklər ədalətsiz olsaydılar, bu gün, sən də daxil olmaqla, onların zəifliyi və qüsuru kimi təqdim edilən hal – yəni gəldikləri yerlərdə ciddi assimilyasiya siyasəti aparmamaları, hər kəsi zorla öz dillərində danışmağa, onlar kimi yaşamağa məcbur etməmələri baş verməzdi. Amma onların bu toleyrantlığı həm də uzunömürlü hakimiyyətlərinin səbəbi olmuşdur və bunu bütün ciddi alimlər dəfələrlə yazmışlar.
 
5. Səfəvizadə yox, Sasanizadə
Səlcuqların və Səfəvilərin İranda türk törələrini “unudub” sasanı idarəcilik sisteminə uymalarına da tarixi reallaq və məhz türk ədaləti müstəvisində baxmaq lazımdır. Türklər Xorasanda, İranda, hətta Anadoluda hakimiyyətdə olsalar da, ilk dönəmlərdə sayca azlıqda idilər, sanki döşəli bir evə girmişdilər və bu evin nizamını dəyişməyi yerli xalqa sayğısızlıq sayırdılar, qarşılarında böyük hədəf, dünya ağalığı niyyəti olduğundan buna vaxtları da yox idi. Əlbəttə, biz də bir səlcuqlu sultanın çağında “Şahnamə” yox, “Turannamə” yazılmasını, fars şovinizminin əsasını qoyan belə bir əsərin türk saraylarında qorunub köçürülməsini istəməzdik; lakin görünür, o zamanın dövlətçilik şərtləriylə bizim məntiqimiz fərqlidir, İran boyda yad bir ölkəni əldə saxlamaq üçün ordakı bəzi ənənələrə sayğıyla yanaşmaq dövləti qorumağın təminatı üçün gərəkirmiş… Döyüşlərdən başları açılmadı ki, yeni gəldikləri yerlərdə öz törələrini qanuniləşdirsinlər. Buna görə də Nizamülmülk kimi adamlar yerli xalqlarla ünsiyyəti möhkəmləndirmək, yerli adət-ənənələri daha yaxşı öyrənmək üçün lazım idi. Lakin bunun nə boyda böyük bir tarixi səhv olduğunu düşünmürdülər.
 
 
Sənin Səfəvilərə nifrətin ayrı bir mövzudur. Onların öz şəcərələrini peyğəmbərimizə bağlamaları, məmləkətdə şiəliyi rəsmiləşdirərək türk dünyssında ikitirəlik salmaları, seyid-mücteyid, imamzada qurumlarını yaradaraq gərəksiz xürafat adətləri yaymaları barədə dediklərin həqiqətdir. Şah İsmayılın Avropa ölkələrinə məktublarında Osmanlını “ümumu düşmənimiz” elan edib, ona qarşı birgə mübarizə çağırışını da bura əlavə edə bilərik. Bu o zaman idi ki, İspaniyadan sonuncu müsəlmanı da qovandan sonra ispanlar və digər xristian güclər Quzey Afrikada müsəlmanları kütləvi surətdə qıra-qıra gəlirdilər və onların bu yeni səlib yürüşlərinin qarşısını igidliklə və təkbaşına yalnız Osmanlı alırdı. Arxadan zərbə almasa, bütün Avropanı fəth etmək gücü var idi. Acı bir tarixdir. Ancaq nə etməli? Türk dövlətləri arasında savaşlar sanki düşünülmüş şəkildə məhz belə məqamlarda – türkün cahan dövləti kimi yeni inkişaf mərhələsinə giriş məqamlarında olub. Lakin bu həqiqətin pərdəarxası da var, o da Kolumbun Amerikanı kəşfindən başlayaraq Avropanın dənizlərdə, okeanlarda hegemon olmaları, dünyanın hər yerində millətlər arasında düşmənçilik toxumları səpmələri, missioner dəstələri ilə qonşu dövlətlər arasında didişmə yaatmaq üçün hər vasitəyə əl atmaları idi. Gənc və riyakar Avropa yatmamışdı və bu gün daşıdığı ayır-buyur siyasətini o zaman da məharətlə həyata keçirməkdəydi. Rus tarixçisi Solovyovun kitabında Rusiyanın böyükelçilərinin İstanbulda Bab-i Aliyə yol tapmaq və sarayın sirlərini öyrənmək üçün ardıcıl şəkildə necə rüşvətlər verdiyini və bu işdə fransız səfirliyi ilə sanki yarış vəziyyətində olduqlarını oxuyanda heyrətə gəldim və o boyda dövlətin bu mikroblardan xəbərsizliyi ürəyimi ağrıtdı…
 
Osmanlı tarixçilərinin çoxu Səfəvi imperatorluğunu türk dövlətləri sırasına salmırlar, onların məntiqi yuxarıda söylədiklərim və təəssüf ki, bu gün də davam edən təriqət təəssübkeşliyi ilə bağlıdır. Lakin bu dövləti Azərbaycan tarixindən silmək olmaz. Şah İsmayıl Xətai savaşlarda atasını, babasını itirmiş, intiqam hissiylə tərbiyələndirilmiş bir gənc idi. Yanlışlıqları da olub, lakin buna görə ona Sasani casusu, İslam, peyğəmbər və türk düşməni, Səfəvi pisliyi demək, “o türkcə bilmirdi, onun adına olan şeirləri başqaları yazıb” hökmü vermək ədalətsizlik, illərlə ürəklərində ona heykəl dikmiş milyonlarla Azərbaycan türkünə sayğısızlıqdır.
 
Yuxarıda dediyim kimi, məncə AMEA-nın Tarix İnstitutu səni də cəlb etməklə, bu dövrün geniş və bəlgələrə söykənən həqiqətlərini ortaya çıxarıb, bu dartışmalara, qarşılıqlı ittihamlara son qoymalıdır.
Mən isə qısaca onu deyə bilərəm ki, “Şiəliyi İrana Xətai gətirdi” demək doğru deyil. Düzdür, o, şiəliyi rəsmiləşdirdi, lakin şiəlik ondan çox-çox əvvəl də İranda mövcud idi və birbaşa, elə indi olduğu kimi, fars şovinizminə, sasaniliyə xidmət edirdi, siyasiləşmişdi. Bu baxımdan Xomeyninin “İslam siyasət deyilsə, bəs nədir?” ifadəsinin də elə min illik kökü var.
 
Qərb alimləri şiəliyin İranda Səlcuqlardan əvvəl, Deyləmdən olan və özlərini Sasanilərə bağlayan Büveylioğulları tərəfindən yayıldığını yazırlar. (Bax Gena R.Garthvayts).
 
Sınma nöqtəsi, ironik durum o vaxtdan başlanmışdı ki, qalib türk məğlub farsın dilini himayə etmişdi, ordu türkcə danışsa da, saray və idarəçilik Nizamülmülklərə etibar edilmişdi. Təəssüf ki, dil müqavimətsizliyi, dilini qurban vermək xəstəliyi türklər arsında, özəlliklə Azərbaycan türkləri arasında bu günədək davam edir. Min ildə bu xəstəliyi sağalda bilməmişik.
Mənbələr göstərir ki, Səfəviləri çox şeydə tənqid etmək olar, lakin türk dilinə münasibətdə yox.
Biz qəbul etdik, etmədik, hər halda Səfəvilərin 250 illik hakimiyyəti dövründə türk dili xeyli inkişaf etmiş və bir sıra görkəmli ədəbiyyat xadimləri yetişmişdi.
Uşaqlıqda harda gizlədilməsindən asılı olmayaraq, Şah İsmayılı türk lələləri tərbiyə etmişdi. Buna görə də onun Təbrizə gələrkən türkcə danışa bilməməsi iddiası inanılmaz görünür. Onu uşaqlıqdan hakimiyyət üçün hazırlayırdılar və bu işi də Gilan şeyxləri və seyidləri yox, Ərdəbilə bağlı olan və bir hissəsi Anadoludan gəlmiş türk bəyləri görürdülər və onlar gilanca danışmırdılar.
 
Səfəvi dönəmində türk dilinin dövlət dili olması bir çox mənbələrdə göstərilir. Hökmdar ailəsi və ordunun türkcə danışması – dövlət dilinin türkcə olması deməkdir. Fransız səyyahı Chardin yazırdı: “Türkcə ordu və sarayın rəsmi dilidir. Burada …böyüklərin yaşadıqları evlərdə həm xanımlar, həm də bəylər türkcə konuşurlar”.
Xətainin bir sıra sənət sahiblərinə himayədarlıq etməsi də onun türkçülük düşüncəsini təsdiqidir.
 
“Məncə, səfəvilik hələ tarixə dönməmişdir. Onun gələnəkləri davam etməkdədir” hökmünü pisliyə doğru və birtərəfli yozmaq və islamdakı sünni- şiə ayrı-seçkiliyinin, nifrət, qaralama vərdişlırinin hamısını toparlayıb səfəvilərin boynuna yıxmaq da haqsızlıq olar…
 
Səfəviliyin şiəliyi qabartmasının islam aləminə gətirdiyi sorunları bizdən çox-çox əvvəl Nadir şah görmüşdür və onun bu ayrılığı aradan qaldırmaq üçün Osmanlı dövlətinə müraciəti də çox böyük tarixi imkan idi. Təəssüf ki, bu imkan Osmanlı sarayında başa düşülməmiş və xoşgörüylə qarşılanmamışdır.
“Xətai türkcə şeir yazmamışdır!” demək dəlil-sübuta hayqırıdır. Onun şeirləri Şah Təhmasibin əmriylə, ölümündən az sonra toplanmışdı, dünyanın bir çox əlyazma kitabxanalarında divanı (Orta hesabla, 200-dən artıq qəzəl, Dəhnamə, qoşmalar, rübailər və s.) saxlanılr. Onun adından başqaları da nəsə yaza bilərlər, lakin bu onun şairliyini inkar etməz…
 
“Səfəvilər hızla başlayıb, hızla yox oldular”, deyirsən. Bunu cəmi yarım əsr ömür sürmüş pəhləvilər, yaxud 70 ildə dağılıb getmiş SSRİ haqqında demək olar, amma Səfəvilər iki əsrdən artıq hökm sürdülər. Ümumiyyətlə Səfəvilərin, digər Azərbaycan dövlətlərinin və Osmanlıların elm və mədəniyyət tarixi hələ yetərincə öyrənilməmişdir. Bununla belə, “Bir daşı daşın üstünə qoyub yapdıqları bir şey olmadı” (Səfəvilər haqqında), “Bu 600 ildən heç bir şey qalmadı. Qara rüzgar kimi əsib keçmişdilər!” ( Osmanlılar haqqıda), “Osmanlı da Səfəvi kimi tarıxdən silindi. Heç bir iz buraxmadan tarixdən yox olduar” kimi fikirlərinlə razılaşmaq mümkün deyil.
 
Balkanlar, Quzey Afrika, ərəb ölkələri Osmanlı yadigarları ilə doludu. Bəzi yerlərdə hələ də Osmanlı geyimlərini qoruyub saxlayırlar. Təkcə İsfahanda Şah Abbasın tikdirdiyi körpüyə, saray kompleksinə, Azərbaycanın çeşidli bölgələrində indiyədək dağılmamış karvansaraylara, körpülərə baxanda Səfəvilərin təkcə bir nümayəndəsinin nə boyda bir quruculuq eşqi ilə yaşadığını etiraf etməkdən başqa yol qalmır. Bir çox tarixçilər bütün 16-ci əsrdə Səfəvi-Qızılbaş dövlətində parlaq bir Azərbaycan-türk xarakteri oduğunu qeyd edirlər.
Karle de Vo, P. Dori, A.Muller kimi Avropa alimləri şiəliyin perslərin ərəbizmə qarşı mübarizə vasitəsi olduğunu vurğulamışlar.
Şiəlikdən ən çox zərər çəkən isə türklərdir.
 
“Əşədü ənna əliyən vəliyullah” sözləri də azana Bühevilər dönəmində artırılmışdır. Şiəlik farsların əlində həm də türklərə qarşı mübarizə vasitəsi idi.
İslam dünyasında məshəb ayrılığının güclənməsi Avropanın güclənməsi ilə üst-üst düşür.
 
Əslində İranda farsçılığın güclənmasinin bir səbəbi “Şahnamə”nin yazılması və yayılması olmuşdursa, başqa səbəbi də Avropanın ortaya atdığı və elə bir ciddi elmi əsası olmayan Hind/Avropa nəzəriyyəsidir. Məhz bu nəzəriyyənin meydana çıxmasından sonra İran ərazisində farslar gəlməzdən çox-çox əvvəl, Şumerden Midiyaya qədər, yaranmış turanı mədəniyyət İranın və dolayı yolla perslərin adına yazılmışdır. Bu gün dünya muzeylərini dolduran və pers adına təqdim olunan arxeologiya və mədəniyyət incilərinin böyük əksəriyyətinin farslara heç bir aidiyyəti yoxdur, türklərin əsərləridir.
 
Bu gün İranda şiə məzhəbçiliyi, islam pərdəsi altında yürüdülən gizli siyasətə səfəviçilik demək düz olmaz, bu, əsl Sasani-pers şovinizmini körükləyən, mifik pers tarixini şişirdən, Hind-Avropa – ali irq müstəsnalığı yalanına söykənən, dövləti mütləqləşdirib neçə-neçə xalqın haqqını ayaqlar altına atan assimiyasiya siyasətidir. Dükan-bazarda Əhəməni və Sasani dövrləri və zərdüştliklə bağlı olan suvenirlərin sayı və çeşidləri ildən-ilə artır. Təbliğ olunan Əhəməni və Sasani şahlarıdır, Şah İsmayıl Xətai yox! Turistlərə Perspolisi göstərirlər, Ərdəbili və Şeyx Səfi məqbərəsini deyil. Türklərin damarlarından Səlcuq, Qızılbaş-Səfəvi bəylərinin coşqun qanı sorulub, yerinə daraların, keyxosrovların qanı vurulmaqdadır. Bu həqiqəti unudub yenə “səfəvizadələri” hədəf seçsək, diqqəti əsas mətləbdən yayındırıb farsın dəyirmanına su tökmüş olarıq…
 
İran türklərinin başdan- başa səfəvizadələrdən ibarət olmadığını yüz il öncə böyük Məmmədəmin Rəsulzadə də yazmışdır: “Türklər İranın qəhrəmanlarıdır. Bunu bütün tarix sübut edir”. Bu sözlər indi də əhəmiyyətini itirməmişdir.
Nəzərə almalıyıq ki, bir-birləriylə faciəli savaşlardan keçsələr də, məhz Səlcuqların, Atabəylərin, Ağqoyunlu və Qaraqoyunluların, Osmanlıların, Səfəvilərin, Avşarların və Qacarların, yaxşı-pis, hakimiyyəti sayəsində türk varlığı bu bölgədə kök atmış, öz mədəniyyətini, dilini, tarixini sübut etmişdir və nəticə etibarilə bu gün dünyada yeddi müstəqil türk dövlətinin bayrağı dalğalanmaqdadır. Türkün yeni intibahı bu dövlətlərlə başlamalıdır… (Bu tarixi fürsəti dəyərləndirə bilsələr!)
 
Güntay bəy, uzaq keçmişlərin üstünə ağır zaman qatları, əsrlər yüklənmişdir. O vaxt baş vermiş olaylardan günümüzə uzanan bir çox yollar, izlər qırılıb. O tarixin xatirəsi daha çox mif və əfsanə xarakteri daşıyır.
 
Ən real olaylar uzaqlaşdıqca doğurdan da əfsanələşir, nağıllaşır, həyatda olmuş adamlar dastan qəhrəmanlarına çevrilir.
İnsanlaq keçmişinin utancverici hadisələrini unutmağa və ya öz istəklərinə uyğun bir şərəf pərdəsinə bürüməyə çalışırlar. Yaşlı adamlar öz uşaqlıqlarının ən acı günlərini də böyük bir heyranlıqla, xiffətlə andıqları kimi, cəmiyyət də tarixindən uzaqlaşdıqca ordakı qaranlıqlara, məğlubiyyətlərə baxmayaraq, yenə ötüb küçənlərə bəraət axtarır, acı olayları da sevə-sevə xatılayır.
 
Bu insana xas olan əxlaq və psixologiyadır, irsi prosesdir. Folklor buna görə olduğu kimi qəbul olunur və sorğulanmır. Yaxın tarixə gəldikdə isə bu tarixin, bütün xırda detallarına qədər, incələnməsi, bütün səbəb və nəticələrin araşdırılması, iç və dış etkilərin öyrənilməsi gələcək baxımından çox önəmlidir.
Yazıların Azərbaycanın bugünkü durumunun və yaxın tarixinin təhlili baxımıdan çox maraqlıdır; tarixi həqiqətə uyğundu və vətəndaşlıq yanğısından doğulub. Lakin mövqeyindəki bəzi birtərəflilik davam etməkdədir.
Yazırsan: “On minlərlə türk əsgəri Ərəbistan və Yəmən üçün öldü. Lakin uzaqgörən bir dövlət adamı iş başında olsaydı, Ərəb çöllərindəki ordularını da türk yurdlarına toplayıb savunma və saldırı ilkəsini mənimsədərdi”.
 
Əvvəla, Osmanlı bir ulusal dövlət deyildi, imperatorluqdu və Ərəb çölləri də, Məkkə və Mədinə də neçə yüz ildən bəri bu imperatorluğun ərazisi idi. Türk əsgərləri Ərəb çöllərini, lakin öz ərazilərini qoruyaraq ölürdülər. Şimali Afrika da, Fələstin də, Yəmən də Osmanlı torpaqları idi. Türklərə qarşı İstanbulun fəthindən, bəlkə də lap Hun dövründən başlanan Avropa saldırısı davam edirdi. Və bu savaşda Osmanlı fransızlara, ingilislərə, almanlara, ruslara, qoynunda bəslədiyi ermənilərə, yunanlara və bütün Balkan üsyançılarına qarşı təkbaşına vuruşurdu. Kim bu savaşdan əl çəkib öz 500-600 illik xanədanını, mülkiyyətini atıb, qanadlarını yığıb Anadoluda kiçik türk yuvasına çəkilə bilərdi?! Hətta sonra türk ulusal dövlətinin qurucusu olmuş böyük Atatürk də İstiqlal savaşından öncə bir əsgər kimi ərəb ölkələrində Osmanlı imperatorunu qorumaq üçün qəhrəmanlıqla savaşmışdı. Məgər türklər bütün onlara aid olan ərazini tərk edib Anadoluya geri dönsələr onları sakit buraxacaqdılar? Anadolu – Atatürkün ulusal Türkiyəsi bu gün yenə Osmanlını hədəfə alan Qərb dövlətlərinin alçaq siyasəti və xəyanəti ilə üz-üzədir. Öz yurdunda da onu sakit buraxmırlar.
 
Bütün mənəvi dəyərələrin kökünü və zirvəsini Avropada axtarmaq bir vərdişə çevrilib: Teatr, rəssamlıq, demokrasi, yardımlaşma, qadın haqları, insan haqları, düşüncə özgürlüyü və s. Halbuki bütün bu dəyərlər dünyanın çeşidli bölgələrində Avropadan da öncə yaranıb, Avropa mədəniyyəti də bu mədəniyyətlərin təsiri altında biçimlənmişdir.

 
Sənin yazdıqlarının böyük əksəriyyəti təxminən 150 ildən çoxdur ki, bütün Azərbaycan aydınlarını ciddi şəkildə düşündürür və narahat edir. Milli kimlik şüurunun zəifliyi, Fars- Ərəb basqıları qarşısında müqavimətsizlik, öz dəyərlərini qoruya bilməmək, sayca üstünlüyünü mənəvi və siyasi üstünlüyə çevirməyi bacarmamaq, bölgəçilik və tayfabazlıq, millətləşmə prosesinin ləngiməsi, torpaqlarını və bəzi dəyərlərini itirməsi və bunun acısını tez unutması və s.
Burda şübhəsiz, ilk növbədə toplumu ulus edən dəyərlər yada düşür. Bu dəyərlərin başında ana dili gəlir. Ərəbləri bir millətə çevirən Qurani-Kərimdir. Farslar üçün bu işi “Şahnamə” görüb. Yəhudiləri din, yunanları fəlsəfə qoruyub. Türk dili dünyanın ən stabil dillərindən biri olsa da, təəssüf ki, bizimkilər çox vaxt onu xırda siyasət və dövlət maraqlarına qurban vermişlər.
 
Hələ 100 il əvvəl Məmmədəmin Rəsulzadə ana dilini millət olmanın əsas şərti hesab edirdi. Dil və mədəniyyət birliyi xalqı yaratdığı kimi, bir dildə danışmaq, bir mədəniyyəti paylaşmaq və eyni hədəflər yolunda mübarizə aparmaq da milləti formalaşdırır. Ötən minildə türklərin əsas bəlası dil birliklərini qoruyub saxlamamaq və onu, sənin yazdığın kimi, Osmanlıda ərəb-fars sözlərinin qarışığından ibarət süni bir dilə çevirmək, İranda isə fars dilinin kölgəsinə salmaq olmuşdur.
 
İkinci bəla millət anlayışına fərqli baxışdan irəli gəlirdi. Ruscada və bəzi Avropa dillərində “natsiya” sözü bizim dilimizə “millət” kimi çevrilir. Halbuki, “natsiya” millət, yox ulus kimi çevrilməlidir. “Millət” “tərəfdaş”, “başının adamları” anlamından doğulub. Məsələn, Musa peyğəmbərin millası. Sonra bu “müsəlmanlar” mənasında işlənilib, “əhl-əl milla” – yəni müsəlmanlar. Təsadüfi deyildir ki, Türkiyədə bu dəqiqə də milli düşüncə, milli platforma və millət deyiləndə, daha çox, din birliyinə söykənən insanlar nəzərdə tutulur. Yəni millətin içindən vahid bir dildə danışan və eyni kökdən gələn insanları ayırmaq mümkün olmur. Halbuki, xristianlıq, deyək ki, ermənilərə bu imkanı 1500 il əvvəl vermişdir. Kilsə tək bir ulusa aid idi və millət deyiləndə bir dildə danışan və bir dinə sitayiş edən insanlar nəzərdı tutulutdu. Dini kitabları öz dillərinə çevirmişdilər. Təsəvvür elə ki, Quran 1400 il əvvəl türkcəyə çevrilmiş olaydı və türklər min dörd yüz il dəyişilməsə, sabit bir dildə danışaydılar. Millət olma o zaman asanlaşardı. Amma tərsinə oldu və Mirzı Cəlilin tənqid etdiyi kimi, bir vətəndaşımızdan dili, dini, milliyyəti soruşanda sualların üçünə də bir cavab verirdi: müsəlman.
 
İslam milyonlarla türkü İranda farslarla “bir millətə çevirməkdədir”. Bu baxımdan yanaşanda ən böyük söykənəcək yerimiz dildir, ana dilimiz. Millətin və dövlətin ən böyük dayağı ana dilidir. Şükür, Quzey Azərbaycanda bu dil dövlət dilidir. Bu reallıq zaman keçdikcə güneyli qardaşlarlmızı da öz etkisi altina alacaqdır. Bu reallığa görə də mən Azərbaycan türkcəsində danışan “azsaylı” deyilən xalqları da – talışı, ləzgini, avarı, kürdü də öz millətim sayıram. Amma türk qanı daşısa da bizim dilimizə və mədəniyyətimizə bağlı olmayan adamların, əslində heç mənim millətimə də aidiyyəti yoxdur. Nə olsun qanı bizim qanımızdandır?
 
Güney sarıdan narahatçılığımız da uzun sürməz. 2007-ci ildə aparılan bir araşdırmaya görə, Güney Azərbaycanda yaşayan türklərin 56%-i farsca bilmir. 4% farsca anlasa da, danışa bilmir. Dövlət nə qədər ciddi müqavimət göstərsə də, Güney aydınları İran deyilən ölkədə inqilabdan sonra türkcə kurslar açmaq, qəzetlər, kitablar buraxmaq işini inadla davam etdirirlər, azdır, lakin hər halda müqaviməti qırmaqdır.
Bir daha vurğylamaq istəyirəm ki, biz tarixi şəxsiyətimizə son dərəcə diqqətlə, ehtiyatla yanaşmalıyıq. Bu baxımdan böyüklərimizin yaratdığı əxlaq ənənəsini unutmaq olmaz.
 
Əslində tariximizə, ana dilimizə və böyük şəxsiyyətimizə qarşı təxribatları da mən bu gün davam edən savaşın gizli cəbhəsi hesab edirəm. Tarixi şəxsiyyətlərin parlaq xatirəsi milli tərbiyyənin ən ciddi ünsürlərindən biridir. Bunu 1945-ci ildə Seyid Cəfər Pişəvəri də yazmışdır: “Şübhəsiz ki, gənc nəslin tərbiyyəsində böyük şəxsiyyətlərin yad edilməsinin dərin təsiri vardır”.
 
İranın yaxın tarixini bizlərdın yaxşı bilən Pişəvərinin sənin tənqidindən əl çəkmədiyin Səttar xana və Xiyabaniyə baxışı da fərqlidir. O yazırdı: “… Sərdari-milli öz vətəninə sayğı bəsləyən, onu böyük və qüdrətli hesab edən, vətəninin azadlığı yolunda mərdliklə azadlıq bayrağını yüksəklərə qaldıran bir şəxsiyyət olmuşdur”; “Əgər Sərdari-milli Tehrana inanmasaydı, əgər Şeyx Məhəmməd Xiyabani xain, yalançı və minüzlü müşavirlərinin sözlərinə əhəmiyyət verməsəydi, Azərbaycan nəinki İranın, hətta dünyanın ən mütərəqqi ölkələrindən biri olmuşdu”; “Şeyx böyük mütəfəkkir idi”.
Səttar xanın mübarizəsinin xarakterini və içindəki türklük sevgisini göstərmək üçün bir hadisəni də yada salmaq olar. Ruslar Təbrizə hücum edəndə Səttar xan türk konsulluğuna sığınmış, “qoy xalqımız Osmanlılara yaxınlaşsın” demişdi.
 
Eyni taleyi S.C.Pişəvəri də yaşamışdır. 1946-ci ildə Amerika, ingilis, fransız gücləri İrandan çəkiləndə Pişəvəri Güney Azərbaycanın Türkiyəyə ilhaq qərarına gəlmiş, Ankaraya heyət göndərmişdi. Təəssüf ki, bu heyət qəbul olunmur; İnönü Stalinlə Rza şahın anlaşdıqlarını bilirdi və münasibətləri pozmaqdan ehtiyatlanırdı. Qərb bütün yollarla Tehran hökumətinə yardım edirdi.
 
Yazının altıncı bölümü Səttarxana və Xiyabaniyə hücumlarını nəzərə almasaq, mənim ürəyimdən tikan çıxaran bir bölümdür. İran türklərinin bugünkü rəzil durumunu dəqiq əks etdirir. İran türklərinin ulusal şüur və dirəniş sahəsindəki sorunları haqda yazdıqlarına mən də şahidi olduğum xeyli dəlil ekləyə bilərəm. Ancaq yazımı uzatmaq istəmirəm. Otuz ildir, mən demək olar ki, hər gün güneylilərlə təmasdayam. Doktor Zehtabi, Cavad Heyət kimi böyük ziyalılarla dost olmuşuq. Amma elə hadisələrin də şahidiyəm ki, dilə gətirmək çətindir. İrandan, guya fars rejimindən qaçmış yüzlərlə ailə var ki, Avropada öz dillərini qoyub yenə farsca qırıldadırlar. Kanadada bir güneyli dostumuzun qonağı idim. Birinci gün təxminən on ailə yığışmışdı söhbətə. Gecə onlar dağılandan sonra ev sahibi dedi ki, növbəti görüşemüzə onların yarısı gəlməyəcək, sənin şeirlərindən və İran haqqındakı söhbətindən qorxdular. Heyrətə gəldim. Dünyanın o başında da İran xofu ürəklərindən çəkilməmişdir…
Bakı doludur İran mədəniyyət mərkəzi və ya din qurumu adına yapılmış şeytan ocaqlarıyla, iki yüz illik mübarizədən sonra qurduğumuz dünyəvi dövləti də zorla pozub xürafat və mərsiyəxanlıq yuvasına çevirmək, öz günlərinə salmaq istəyirlər. Bir söz deyən kimi də qurd-quş sürüsü tıkülüşürlər üstünə…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir