Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Şərqin qüdrətli “qırmızı imperator”unun ikinci tacqoyma mərasimi keçirilir

Qərb ekspertlərinin rəyinə görə, Çin də “liderlərin təkbaşına hökmranlıq etməsi” dəbinə qoşulur

Bu günlərdə dünya səviyyəsində maraq doğuran və analitiklərin diqqətlərinin cəmləndiyi siyasi hadisələrdən biri də, heç şübhəsiz, Çin Kommunist Partiyasının XIX qurultayıdır.

Ekspertlər bu qurultayın son 20 ildə keçirilən bənzər tədbirlərdən bir çox xüsusiyyətinə görə fərqləndiyini qeyd edirlər.
Qurultay Çin lideri Si Tzinpinin mütləq hakimiyyətini rəsmi olaraq təsbit etmək üçün toplanır.

“Sovet İttifaqının başına gələnlərin qorxusundan qurtula bilməyən Çin lideri bundan özü üçün dərslər çıxararaq mütləq hakimiyyəti bərqərar etmək istəyir”,- Fransanın “Le Figaro” qəzetindən Siril Plüett yazır. Müəllifə görə, bu qurultay Çin Kommunist Partiyasının deyil, əslində məhz onun ölkədəki şöhrətinin təsbit və təbliğ olunması üçün təşkil olunub.

“Şanxaylı politoloq Çen Daoin kimi Çin analitiklərinin fikrincə, bu hadisə Mao Tszedun və Den Syaopin dövrlərindən sonra kommunist partiyası tarixində yeni və deyəsən, uzun çəkəcək Si Tzinpin erasının başlanğıcını qoyur”, – məqalədə qeyd olunur.

Məqalədə yazıldığı kimi, Si Tzinpin 2012-ci ilin payızında baş katib təyin ediləndə bu sakit və yumşaq görünən adamın əslində necə böyük ambisiyalara malik olduğu heç kimin ağlına gəlmirmiş. “Görünüşdə o, olduqca sadə və mehriban adam təsirini bağışlayırdı. Lakin sonrakı hadisələr göstərdi ki, onun bu vəzifəyə gətirilməsində rolu olan əvvəlki baş katiblər Tzyan Tzsemin və Hu Tzintao əslində necə böyük səhvə yol veriblərmiş”,- Pekində çalışan müstəqil ekspert Janq Lifan məqalə müəllifinə bildirib.

Yazıda gözəl strateq sayılan Si Tzinpinin həmişə öz kartlarını bacarıqla gizlədə bildiyi vurğulanır. Yeni liderin seçildiyi elə ilk dövrlərdən onun Çində Mao Tzsedunun ölümündən sonra ənənəvi sayılan kollektiv idarəçilik prinsipini rədd edərək şəxsi hakimiyyətini qurmağa başlaması qeyd olunur.

“Artıq dünyanın ikinci ən böyük dövlətini idarə etməklə o, hər kəsin yanında Çin imperiyasının əvvəlki şöhrətinə qaytaracağını açıq-aşkar bəyan edir. İndən belə o, şəxsən özü dünya idarəçiliyinin qaydalarını müəyyən etmək niyyətini gizlətmədən büruzə verir. Onun bu istəyi beynəlxalq tədbirlərdəki davranışlarında da özünü göstərir. Məsələn, 2016-cı ildə G20 ölkələrinin sammitində “qırmızı imperator” zalda qonaqları qəbul edərkən elə yerdə durdu ki, gələn liderlər onu salamlamaq üçün az qala bütün zalı dolanmalı olmuşdu”, – Plüett yazır.
Müəllif Si Tzinpinin özünü Maoya bənzətmək istəməsini paradoksal hesab edir. Məsələ burasındadır ki, Çin liderinin atası Mao Tszedun dövründə həyata keçirilən “təmizləmə”lərin qurbanı olub. Lakin o, çəkinmədən hər çıxışında heyranlıqla “mədəni inqilab”ın banisindən sitatlar gətirir.

Siyasi analitiklərin fikrincə, Si Tzinpin əslində bununla partiyanın gündən-günə liberallaşan və Qərb dəyərlərinə tabe olan cəmiyyət içindəki azalan nüfuzunu yenidən qaytarmaq məqsədini güdür.

“O, cəmiyyətdən aralı düşən partiyanın legtimliyinin artırılmasına, onun qurucu atalarının ruhu ilə əlaqələrinin bərpa olunmasına çalışır”, -Honkonq universitetindən Jan Pyer Kabestan müəllifə bildirib.

Çin lideri hər yerdə SSRİ-nin dağılma səbəbləri haqqında danışmaqdan yorulmur. “Əgər biz marksizmdən uzaqlaşsaq və onu inkar etsək, partiyamız ruhunu və kursunu itirəcək”, – çıxışlarının birində o, belə deyib.

Məqalədə Çin liderinin şəxsi həyat tərzi və keçmişinin də maraq doğuran məqamlardan biri olduğu və onun indiki davranışları ilə ziddiyyət təşkil etdiyi yazılıb: “64 yaşlı Çin liderinin xanımı keçmiş müğənnidir, qızı isə Harvardda təhsil alıb. Lakin indi bu adam 2013-cü ildə vəd olunduğu kimi liberallaşma və iqtisadi açıqlığın ÇKP-ni zəiflədəcəyi düşüncəsi ilə detalları bərkitmək və daha da sıxmaqla məşğuldur”.

“Biz heyrətamiz şəkildə partiyanın leninçi və maoçu köklərinin yenidən canlandırılmasının şahidi oluruq. Bütün bunlar hakimiyyətin total surətdə bir adamın əlində cəmlənməsi ilə nəticələnəcək”, – Honkonqlu politoloq Villi Lam jurnalistə bildirib.

“İndən belə yeni və əbədi “imperator” kabusu Çinin baş üzərində asılıcaq”, – Plüett yekunda qeyd edib. (Musavat.com)

 

boyukmillet.com

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir