Gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.
Mədəni-humanitar qurumlar, QHT-lər, eləcə də dövlət təşkilatları, elmi müəsssisələr bu istiqamətdə nə kimi işlər görməyi planlaşdırır?
Silsilə şəklində aiddiyyatı orqan və mədəni-humanitar təşkilatların “AXC-100” mövzusunda görəcəyi işlərlə bağlı ictimaiyyəti bilgiləndirməyə çalışacaq.
Həmçinin, ayrı-ayrı ziyalılar, araşdırmaçı, tarixçi və yaradıcı adamların da bu yöndə hər hansı iş görmələri böyük maraq doğurur.
Poeziya və nəsrində, həmçinin, publisistikasında vətənpərvərlik, cümhuriyyətçilik ideyalarına dəfələrlə toxunan, xalq şairi Sabir Rüstəmxanlı Modern.az saytına açıqlamasında bu yöndə bir əsər yazdığını bildirib:
“Əslində, yazılarımızın hamısının mahiyyəti, ruhu müstəqilliyə, Azərbaycanın mənəvi, iqtisadi-siyasi dirçəlişinə, bir millət olaraq dünyaya tanınmağımıza, layiqli yeri tutmağımıza xidmət edir. Gələn ilki yubileylə bağlı, birbaşa həmin hadisələrə aid olmasa da, yenə həmin dövrü əks etdirən bir əsər yazıram. Nuru Paşa ilə bağlıdır, çalışacağam ki, həmin vaxta kimi qurtarım. Bədii yazıdır, Nuru Paşanın taleyi ilə bağlıdır. Elə Cümhuriyyətlə bağlı hadisələr də orada əksini tapıb”.
Qeyd edək ki, tanınmış ziyalının XX əsrin əvvəllərində baş verən tarixi proseslərlə bağlı yazdığı “Difai fədailəri” tarixi romanı oxucular tərəfindən maraqla qarşılanıb. Bədii mətndə istifadə olunna sənədli faktlar o dövrə güzgü tutur. Bu səbəbdən, Nuru Paşa ilə bağlı yazacağı tarixi romandan da Cümhuriyyətlə bağlı maraqlı bilgilər əldə etmək olar.