“Bu da o anlama gəlir ki, dediyiniz kateqoriyaya aid olan müxalifət söyüş söyənlərlə eyni sırada durur”
Samir Adıgözəlli: “Onların münasibəti belə olub ki, həmin adamlar fikirlərini ifadə etməklə bağlı məsələdə sərbəstdirlər”
Bir müddətdir Azərbaycan ictimai rəyində sosial şəbəkələrin verdiyi imkanlardan sui-istifadə edən bəzi mühacirlərin əməlləri müzakirə olunur. Söhbət indiyə qədər siyasi arenada olmayan, sonradan yaxşı, komfortlu həyat axtarışı üçün, müxtəlif bəhanələrlə xarici ölkələrə sığınan bəzi şəxslərin söyüşlə fikirlərini ifadə edib, xalqa bu üsulla xitab etməsindən gedir.
Ən maraqlısı budur ki, həmin şəxslər daha çox siyasi şüarlar səsləndirməyə cəhd edirlər. Bu davranışlara müxtəlif səviyyələrdə etirazlar olunub. Bir sıra tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər, ziyalılar belə mübarizə metodlarının təqdir edilmədiyini vurğulayan yazılarla çıxış ediblər. Hətta hakimiyyətə müxalif mövqedə dayanan bir sıra şəxslər belə söyüş söyən mühacirlərin əməllərini sərt tənqid ediblər. Ancaq özlərini radikal adlandıran bir qrup müxalifət partiyası və təsisatı mühacirlərin etdiyi biabırçılığa susqunluq nümayiş etdirməklə münasibət bildirdilər. Hər halda, bir bəyanat verib onların əməlinə münasibət açıqlamaq olardı. Radikal müxalifətin söyüş söyən mühacirlərin davranışına bu sayaq münasibətini nə ilə izah etmək olar?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, artıq bu məsələyə milli-mənəvi dəyərlər aspektindən yanaşılır: “Bəli, həmin adamlar milli-mənəvi dəyərlərimizə zidd olan addımlar atıblar. Ölkənin simvollarını təhqir edib söyməklə, hansı dərəcədə tərbiyə aldıqlarını nümayiş etdiriblər. Mən gənc yaşlarımdan siyasətin içindəyəm. Etiraf edim ki, bu gün söyüş istehsal edən həmin adamların heç birini mən bu mübarizədə, siyasi spektrdə görməmişəm. Ancaq onlar siyasətçi olduqlarını iddia edirlər. Onlar bu əxlaqsız addımları atmağa başlayan gündən mən buna öz adımla olan profilimlə etiraz etmişəm. Demək olar ki, hamısı məni bloklayıb. Bax, budur onların “demokratiya” anlayışı. Azərbaycan kişisi heç vaxt uzaqdan durub kiməsə küçə söyüşlərilə söyməyib. Bunu edən adamların adına bizdə əxlaqsız deyiblər. Demək istədiyim budur ki, dediyiniz mühacirlərin siyasətə zərrə qədər də aidiyyəti yoxdur. Onda radikal müxalifət həmin adamlarla niyə ehtiyatlı davranır? Niyə onların əməllərini pisləyən bir bəyanatla çıxış etmirlər? Bunun səbəbini bilirəm. Çünki bu onların taktikasına oxşar fəaliyyətdir. Azərbaycanda troll dəstəsi yaradıb, insanları təhqir etdirməyin ilkin müəllifi Əli Kərimli olub. Bunu hamı bilir. İndi Əli Kərimli Orduxana, Turala, Mirzəliyə nə desin? Birinci ona görə demir ki, qorxur daha sərt və söyüşlə cavablar ala bilər. İkincisi isə hesab edir ki, onlar da iqtidara qarşı mübarizə aparmaqla onun marağının ifadəçisinə çevrilirlər. Mən onların davranışını neytral kimi dəyərləndirmirəm. Belə suallarla radikal müxalifətə müraciət edilib. Onların münasibəti belə olub ki, həmin adamlar fikirlərini ifadə etməklə bağlı məsələdə sərbəstdirlər. Bu da o anlama gəlir ki, dediyiniz kateqoriyaya aid olan müxalifət söyüş söyənlərlə eyni sırada durur”. (baki-xeber.com)
Məhəmmədəli QƏRİBLİ