Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “AFFA bu məsələni boş buraxmamalı və Byazinin sözügedən müsahibəsini dərindən araşdırmalıdır”

Azərbaycan futbol millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib. İtalyan mütəxəssis yığmanın yoldaşlıq oyunlarında Latviya və Maltaya uduzmasından söz açıb:  “Mənim komandamda bir şeylər əskikdir. Bəzilərini düzəltməyə çalışırıq. Mənə verilən vaxta qədər çalışacam. Burada başqa problem də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya qoymalısan. Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir komandaya verə bilmirəm”.

Canni De Byazi müsahibəsində Azərbaycanın futbol millisi haqda dedikləri böyük narazılığa səbəb olub. Azərbaycandan milyonlarla vəsait qazanan bir baş məşqçinin Azərbaycan millisini qorxaq və xaraktersiz adlandırması yolverilməzdir, eyni zamanda bu bizim üçün  Brazi ilə vidalaşmağımız üçün əsasdır.  

AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib ki, De Byazinin futbol millimiz haqqında dediyi sözləri həqiqətdirsə, buna görə cavabdehlik daşımalıdır: “Baxmayaraq, De Byazi bildirir ki, mən belə sözlər deməmişəm, tərcümədə səhv olub. Bu səbəbdən də araşdırmaya ehtiyac var. Həqiqəti yalnız onun özü qayıtdıqdan sonra öz dilindən eşitmək daha doğru olardı. O, Azərbaycana qayıtdıqdan sonra ona müəyyən suallarımız olacaq. Hazırda De Byazi millimizin Malta ilə oyunundan sonra öz ölkəsinə gedib. Ölkəmizdə çempionat gedir, belə bir vaxtda millinin məşqçisi mütləq oyunlarda iştirak eləməlidir”.

Azərbaycanın futbol millisini qorxaq və xaraktersiz adlandırıb təhqir edən əcnəbi baş məşqçi niyə bu postda qalmalıdır?

  • “Azərbaycan millisi barədə  təhqiramiz fikirlər işlədən əcnəbi baş məşqçi bu postda qala bilməz”

İSBAM sədri Samir Adıgözəlli bizimlə söhbətində bildirdi ki, Byazi milli futbol yığmamızdan uzaqlaşdırılmalıdır, çünki o bizim komandamızı aşağılayan ifadələr işlədib. “Byazinin fikirlərini birbaşa milli futbol cameəsinə qarşı təhqir hesab edirəm. Bundan başqa, bu oyunda komandamızın uduzmağının əsas məsuliyyəti də bu adamın üzərindədir. Məğlubiyyətin məsuliyyəti öz üzərindən atmaq üçün millimizi “xaraktersiz” və “qorxaq” adlandır, bununla da özünü sığortalayır. Əvvəla, ola bilsin ki, Azərbaycanın milli komandasında texniki baxımdan problem olub, bunu həll etmək, aradan qaldırmaq, kimanda ilə işləmək baş məşqçinin işidir. Milyonlar xərcləyib o milli komandaya ona görə baş məşqçi gətirilib ki, komandamız ortaya nəticə qoysun. Amma o konkret nəticə əldə etmək haqda düşünməyib və ölkəmizdən bir addım kənara atan kimi millimizi təhqir edib. Milyonlarımızı xərclədiyimiz italiyalı baş məşqçinin millimizi təhqir etməsi qəbul edilməzdir, o bütün hallarda millimizin təəssübünü çəkməlidir. Komanda qorxaqdırsa, xaraktersizdirsə, demək onun baş məşçisi də qorxaq və xaraktersizdir. Bütün komandalar öz baş məşqçilərinə oxşayır, demək  Byazi özü qorxaqdır və müsahibədə də özünü ifadə edib”.

O ki, qaldı Byazinin sonradan dediklərini təkzib etməsinə, S.Adıgözəllinin sözlərinə görə, onun bu sözləri danması səbəbsiz deyil, çünki artıq ölkədə onun açıqlamına qarşı etirazlar var, hətta sübut olunsa, o öz postu ilə vidalaşmalı olacaq: “Oxudum ki, Byazi fikirlərinin tərcümə zamanı təhrif edildiyini deyib. Tərcümə yanlış idisə onda niyə Byazinin dilindən “Azərbaycanın milyonlarını mənimsəmişəm, amma milli komandaya düzgün taktika verməmişəm, bu sahədə heç bir iş görməmişəm” kimi fikirlər verilməyib? Hesab edirəm ki, AFFA bu məsələni boş buraxmamalı və Byazinin sözügedən müsahibəsini dərindən araşdırmalıdır. Byazi millimizi təhqir edibsə mütləq şəkildə cəzalandırılmalı və millimizdən uzaqlaşdırılmalıdır. Azərbaycan millisi barədə  təhqiramiz fikirlər işlədən əcnəbi baş məşqçi bu postda qala bilməz”- deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA  

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …