Şənbə , 4 May 2024
Drone Cameras

Samir Adıgözəlli: Azərbaycan Ordusuna qarşı 2017-ci ildə törədilən qan donduran işgəncələrlə dolu “Tərtər hadisələri” ilə bağlı da bu adamın …

“Bütün bu biabırçılıqların fonunda Nəcməddin Sadıqov necə susa bilər?”

Azərbaycan Ordusunun sabiq baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov barəsində araşdırmaların başlanılması ilə bağlı yayılan iddialara reaksiya verib.

O, bu məsələlərlə bağlı danışmaq istəmədiyini bildirib:

“Danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki? Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərdən yorulmuşam”.

Buna veriləsi suallar çoxdur, niyə cəmiyyətə və mediaya hörmətsizlik edir? Bəs o danışmayanda, kim danışmalıdır?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nəcməddin Sadıqov və onun kimi keçmişdə yüksək post tutmuş adamlar ictimaiyyəti maraqlandıran suallara açıq olmalıdır: “Nəcməddin Sadıqov əvvəlki postunda çalışmır ki, desin məxfiliyi poza bilməz. Hazırda ona ünvanlanan sualların çoxu maliyyə yeyintisi ilə bağlıdır: “O, bu ölkənin ordusunun ən yüksək postunda təmsil olunub. Özünün də cəmiyyəti narahat edən suallardan yaxşı xəbəri var. Bu insana hələ də çatmır ki, şəxsi şirkətinin başında əyləşməyib. Hətta biznesmen belə, cəmiyyətə açıq olmalıdır. Görünən budur ki, onun qaçmasına ciddi səbəblər var. Bütün həqiqətlər nə zamansa açılmalıdır. Ümumiyyətlə, bu davranış etik deyil.  Deyib ki, işləri çoxdur. Onun işinin nə olduğu məlumdur. Ordunun hesabına qazanıb yaratdığı biznes imperiyasını idarə edir. Azərbaycan Ordusuna qarşı 2017-ci ildə törədilən qan donduran işgəncələrlə dolu “Tərtər hadisələri”  ilə bağlı da bu adamın adı çox hallanır.

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin keçmiş rəisi, həbsdə olan polkovnik Məlikməmməd Qurbanov keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovu məhkəməsində  ittiham edib. Deyib ki, qiymət şişirtməsi və başqa üsullarla yeyinti nəticəsində əldə olunan milyonlarla vəsait Sadıqova çatdırılırdı.  Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən Qurbanovun işinə Bakı Hərbi Məhkəməsində baxılıb.

Qurbanov Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov və başqaları ilə əlbir olub külli miqdarda vəsaitin yeyintisində ittiham olunur.

Cinayət işinin materiallarında yazılıb ki, 2015-2019-cu illərdə büdcədən ayrılmış vəsaitlərin bir hissəsi o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun tapşırığı ilə müəyyən şirkətlərin hesabına köçürülüb. Sonradan o şirkətlərin hesabından nağd şəkildə çıxarılaraq, geri qayıdıb. Alınan malların, göstərilən xidmətlərin dəyəri isə sənədləşmədə xeyli şişirdilib.

Cinayət işinin materiallarına əsasən, 4 il ərzində ordu üçün təkcə balıq məhsullarının alışı zamanı 400 min manat yeyinti olub. Bundan başqa, avtomobil, kompüter və s. avadanlıq, qida məhsullarının alışı zamanı da külli miqdarda mənimsəmə hallarına yol verildiyi iddia edilir.

Qurbanov bu ittiham üzrə özünü qismən təqsirli bilir. Deyir ki, nə tapşırıq verilibsə, onu icra edib.

O, dindirmə zamanı prokurorun suallarını cavablandırarkən deyib ki, qiymətlərin şişirdilməsi və s. üsullarla əldə olunan vəsaitlər Baş Qərargah rəisinə çatırdı. Sonradan həmin vəsaitlərin hansı istiqamət üzrə gedəcəyini Nəcməddin Sadıqov özü müəyyənləşdirirdi: “Hara nə ödənilməlidir, bunu özü müəyyənləşdirirdi. Şirkətlərə verilən hər sifarişə görə şirkətlər bizə 15 faiz qaytarırdı. Biz də onunla işləyirdik. Süni şəkildə artırılan pulları da nağdlaşdırıb bizə o qaytarıb. 5 il ərzində Avtandil Abdıyev mənə hissə-hissə olmaqla, ümumilikdə 20 milyon manat pul verib. Mən də o 20 milyonun hamısını otağında Nəcməddin Sadıqova vermişəm”.

O, əlavə edib ki, Sadıqovun tapşırığı ilə sonradan o puldan 1 milyon 200 min manat nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manat isə Maliyyə və Büdcə İdarəsinin rəisi Nizami Məmmədova verib.

Bütün bu biabırçılıqların fonunda Nəcməddin Sadıxov necə susa bilər? Medianın bu sualları ona ünvanlamağa tam haqqı var”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Milli Məclisin sədri Qafarova ŞKTC millət vəkili Öztürkü qəbul edib

Türk Dünyası Parlamentlərinin Xarici Əlaqələr Komissiyalarının Toplantısı üçün Azərbaycanda səfərdə olan Cümhuriyyət Məclisinin Hüquq, Siyasi …