Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Azad media ölkə maraqlarını xarici qüvvələrə təslim etmək yox, müdafiə etməkdən keçir”

Ölkəmizdə müstəqil medianın dövlət tərəfindən maliyyələşdirilməsi istiqamətində yeni dövrə qədəm qoyuldu.

2009-cu ildən çap mediası ilə başlanan maliyyələşmə prosesinə onlayn media da qoşulmuş oldu.

Media İnkişaf Agentliyi yarandığı müddətdən saytların dövlət tərəfindən maliyyləşməsi ilə bağlı müzakirələr də artmağa başladı. Agentlik tərəfindən onlayn medianın maliyyələşməsi  ilə bağlı müsabiqənin aparılması üçün şəffaf mexanizm hazırlandı və həyata keçirilməyə başlandı. Təbii ki, bir neçə gün əvvəl açıqlanan müsabiqə nəticələrindən narazı qalanlar da oldu. Lakin bu, o demək deyil ki, medianın inkişafı üçün atılan bu addımı kimlərsə kölgələməlidir. Hər bir yeni həyata keçirilən işdə kiçik çatışmazlıqlar da ola bilər, subyektiv yanaşmalar da mümkündür. Nəzərə alsaq ki, məsələ media ilə bağlıdır, söhbət jurnalistikadan gedir, istər-istəməz müsabiqədən bir qism şəxsin narazı qalması təbii haldır.

İllərdir Azərbaycan mətbuatının müəyyən xarici dairələrin əsirinə çevirməyə cəhd edənlərin açıqlamalarına onlayn medianın maliyyələşməsi prosesində də şahidlik edirik. Dövlət maliyyəsinə “azad mətbuatın boğulması”, “media üzərində hakimiyyətin nəzarətinin gücləndirilməsi” kimi  absurd  fikirlər səsləndirənlərin məqsədləri cəmiyyətimizə məlumdur. Bəlkə bir az da sərt desək, Azərbaycan dövləti tərəfindən mediaya göstərilən qayğı məlum dairələri bir daha narahat etməyə başlamışdı. Müstəqilliyimizi, milli-iqtisadi, siyasi-ideloji təhlükəsizliyimizi hədəf seçən mərkəzlərin  media üzərindən ölkəmizi vurmağa çalışdıqları gün kimi aydındır.

“Turan” agentliyinin redaktoru Mehman Əliyev bütün açıqlamalarını qərb mediası, qərb nümunələri göstərməklə arqumentləşdirir. O, son müsahibələrində isə nədənsə qərb ölkələrinin nümunələrindən arqument gətirməyi ya unudub, ya da nədənsə bildirməyib. Mehman Əliyev vurğulamır ki, dövlət zəruri məqamda Kütləvi İnformasiya Vasitələrinə maddi dəstək göstərməklə, qərbdə kimi normal media mühiti formalaşdırmağı konpermentlərindən biri sayır. Bununla bağlı qərb öklələrindən bir neçə nümunəni diqqətinizə çatdırmaq istəyirəm.

– İsveç hökumətinin hesabatından görürük ki, təkcə 2020-ci ilin ilk altı ayı ərzində ölkə KİV-lərinə 200 milyon sek (təxminən 18 milyon avro) maddi yardım ayırıb. Ölkənin mədəniyyət naziri bildirib ki, “Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil,  həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır”.

– Danimarka hökuməti eyni dövrdə KİV-lərin inkişafı üçün dörd illik maddi dəstək proqramının icrasına qərar verib, bu məqsədlə 122 milyon avroluq maliyyə ayırıb. Ölkənin mədəniyyət naziri deyib ki, “peşəkar media demokratiya üçün vacibdir. Ona maddi dəstək göstərməliyik”.

– Növbəti qərb ölkəsi olan Norveç  isə eyni zaman kəsiyində mediaya maddi dəstək proqramları üçün üç yüz milyon NOK (27 milyon avro) ayırıb.

KİV-ə dəstək ATƏT-in media komissarının 2020-ci il 3 may Ümumdünya mətbuat azadlığı günü münasibətilə yayımlanan məruzəsində də alqışlanır, pandemiya səbəbindən çətinlik çəkən mediaya maddi cəhətdən dəstək olmaq üçün dövlətlərə çağırış edilir.

Bütün bu sadalanan faktlar göstərir ki, Avropa ölkələrində Mehman Əliyevdən başqa heç kimsə dövlətlərin KİV-lərə maddi dəstək proqramını icra etmələrini “KİV-ləri nəzarətə götürmək siyasəti” kimi şərh etmir. Əksinə, bu proqramlara demokratik mühitin inkişaf etdirilməsi, keyfiyyətli informasiya alıınmasının təminatı kimi yanaşılır.

İndi izah edin görək, müasir dövrdə Azərbaycan dövlətinin medianın maliyyləşdirilməsində cəmiyyətin faydalı informasiya ilə təminatı, jurnalistikanın inkişafından başqa hansı zərərli niyyəti ola bilər?

Hal-hazırkı müddətdə KİV-in dövlət tərəfindən maddi dəstəkdən kənarda tutulması əslində demokratiyanın, medianın inkişafına zərər vurmuş olar.

Uzun zamanlar qeyri-leqal yollarla, eləcə də milli maraqlarımızla uzlaşmayan fond və sair qurumlardan maliyyələşən bəzi qəzetlər, informasiya resurslarının hansı destruktiv fəaliyyətlərin içərisində yer aldıqlarını bir daha xatırlatmağa ehtiyac vardır.

Dövlət proqramının əsasında maliyyələşən media subyektlərini, eləcə də Media İnkişaf Agentliyini qaralamağa heç kəsin haqqı yoxdur. Azad mətbuat, siz düşündüyünüz kimi yad elementlərin milli təfəkkürümüzə yeridilməsindən ibarət deyil. Azad media olmaq ölkə maraqlarını xarici qüvvələrə təslim etmək yox, müdafiə etməkdən keçir.

Media İnkişaf Agentliyi tərəfindən başladılan yeni maliyyələşmə prosesi həm istedadlı jurnalistlərin yetişməsinə, həm də mükəmməl xəbər saytlarının formalaşmasına şərait yaradacaqdır.

Samir Adıgözəlli

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …