Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Çox təəssüflər olsun ki, Diaspor Komitəsi də bu istiqamətdə lazımi fəaliyyət ortaya qoya bilmir”

Azərbaycanlıların bu gün ən sıx məskunlaşdığı, yaşadığı ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Ona görə də bu ölkədə diasporumuzun daha mütəşəkkil, daha koordinasiya edilmiş şəkildə fəaliyyət göstərməsi günün tələbidir. Ancaq biz görürük ki, hazırda Rusiyada mütəşəkkil fəaliyyət göstərən diaspor təşkilatımız yoxdur.

Bir çox qurumlarımız parçalanıb, ən böyük diaspor təşkilatımız olan Ümumrusiya Azərbaycanlıları Konqresinin isə qeydiyyatı ləğv edilib. Hazırda ermənilərin hər vəchlə Rusiya ilə Azərbaycanın arasını vurmaq istiqamətində fəaliyyət göstərdiyi bir zamanda Azərbaycanın Rusiyadakı fəaliyyətinə ciddi ehtiyac var. Bəs diasporumuzun təşkilatlanmasına nə mane olur?


Diaspor fəaliyyətində kifayət qədər təcrübəsi olan İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ÜAK bağlanandan sonra Rusiyadakı Azərbaycan diasporunu bir araya gətirən təşkilat yoxdur: “Çox təəssüflər olsun ki, Rusiyada kifayət qədər imkanlı və nüfuzlu azərbaycanlılar olsa da, bu istiqamətdə heç bir fəaliyyət ortaya qoymurlar. Vaxtı ilə isə Azərbaycanın milli maraqlarına qarşı yönələn “Milyarderlər İttifaqı” adlı təşkilata ikiəlli dəstək verdilər. Çox təəssüflər olsun ki, Diaspor Komitəsi də bu istiqamətdə lazımi fəaliyyət ortaya qoya bilmir. Rusiyada bu işi görməyə böyük ehtiyac var. Bilirsiniz ki, ayrı-ayrı regionlarda diaspor təşkilatlarımız fəaliyyət göstərir. Onların da çoxunun adı var, özləri isə yoxdur. Bu vəziyyətdən ermənilər özlərinə lazım olan səviyyədə istifadə edir. Təcili şəkildə bu istiqamətdə işləri sürətləndirməliyik. Sanki hər kəs yuxarıdan əmr gözləyir. Rusiyada bu addımı müstəqil şəkildə ata biləcək şəxslər kifayət qədərdi”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …