Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Ermənilərin bizə tabe olub, vətəndaşımız kimi yaşamaqdan başqa çarəsi qalmır”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırdıqdan sonra çıxışı zamanı  müharibədə bizim yalnız 7 rayonu deyil, həm də başqa əraziləri azad etdiyimizdən danışıb, konkret ərazi adları çəkib:

“Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır”.

Ölkə başçısının yalnız 7 rayonun deyil,  azad edilən digər ərazilərin də adına xüsusi vurğu etməsi nəyin əlaməti sayıla bilər?

Boyukmillet.com xəbər verir ki, İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  ölkə başçısının bu xatırlatması çox vacibdir: “Doğrudan da bəzi dairələr Azərbaycanın qısa müddət ərzində qazandığı böyük qələbəyə kölgə salmaq istəyir. Məsələn, deyirlər ki, 7 rayonu onsuz da erməni bizə qaytarmaq istəyirdi. Belə təəssürat yaratmağa çalışırlar ki, sanki yalnız 7 rayon azad edilib. Əvvəla, bütün sülh danışıqlarının motivindən xəbəri olanlar yaxşı bilir ki, ermənilər heç vaxt 7 rayonu bizə qaytramaq istəməyib. Söhbət 5 rayondan gedib və onu da müəyyən ağır şərtlərlə qaytarmaq istəyiblər. Azərbaycanın müharibə ilə öz ərazilərini azad etməsinin başqa bir üstünlüyü də var. Bizim milli qururumuz özümüzə qayıtdı. Biz öz ərazilərimizi döyüşlə geri aldıq. Ermənilər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinin özlərinə aid olduğunu deyiblər. Ətraf rayonları isə oranın təhlükəsizliyinin təmin olunması üçün işğal etdiklərini bildiriblər. Məhz Dağlıq Qarabağın ərazisində qondarma “Artsax”-ın olduğunu iddia ediblər. Prezident Dağlıq Qarabağ bölgəsində azad olunan ərazilərə səfər etməklə bir da sübut edir ki, Azərbaycan ərazi bütövlüyünü tam təmin edib. Hətta Dağlıq Qarabağın bir çox əraziləri düşməndən təmizlənib. Yalnız kiçik bir hissədə ermənilər kompakt yaşayır ki, oralarda da tezliklə bizim yurisdiksiyamız təmin olunacaq. Ölkə başçısının 7 rayondan əlavə adlarını çəkdiyi ərazilərin tam bizim nəzarətimizdə olması qondarma qurumun tam sıradan çıxdığına əyani sübutdur. Bir qədər səbrli olmalıyıq. Əminliklə deyə bilərəm ki, yaxın zamanlarda Dağlıq Qarabağın bütün ərazisində bizim mütləq nəzarətimiz təmin ediləcək. Çünki ermənilərin bizə tabe olub, vətəndaşımız kimi yaşamaqdan başqa çarəsi qalmır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …