“Pulumuz var, ancaq ölkələr bizə silah satmaqdan imtina edir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 13-də Ermənistan Milli Assambleyasının iclasında deputatların suallarını cavablandırarkən deyib.
“Ermənistanın lazımi müdafiə silahlarını əldə etmək üçün bütün maliyyə imkanları var” deyə bildirən Paşinyanın sözlərinə görə, silahların əldə edilməsi 4 komponentdən ibarətdir: maliyyə, siyasi, texniki və nəqliyyat. “Birinci işdə heç bir problem yoxdur, problem siyasi məsələdədir. Elə ölkələr var ki, bizə silah satmağa hazır deyillər. Bunu etməyə hazır olanlar var, lakin onların lazımi silahları yoxdur”, – Paşinyan bildirib.
Nəqliyyat komponentinə gəlincə, Paşinyan xüsusilə qeyd edib ki, Ermənistanın beynəlxalq satıcıdan silah alıb ölkəyə gətirmək üçün dənizə çıxışı yoxdur.
Ölkələr Ermənistana niyə silah satmırlar?
- “Dünya dövlətləri Ermənistanın baş nazirinə etibar etmir…”
İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bunun səbəbi aydındır. “Həmin dövlətlər yaxşı bilirlər ki, Ermənistan o silahlardan təcavüz məqsədilə istifadə edəcək, işğalçılıq niyyətlərini gerçəkləşdirməyə çalışacaq. Onlar bu silahı müdafiə məqsədilə almırlar. Yeni silahlar ələ keçirib yenidən təcavüzə rəvac verəcəklər. Necə ki, sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycana qarşı növbəti təcavüz niyyətlərini ortaya qoydular, layiqincə cavablarını aldılar”.
S.Adıgözəlli vurğuladı ki, Ermənistanın hərbi arsenalının vəziyyəti 44 günlük müharibəsində üzə çıxdı, onların güclü silahlanma və “yeniləməz ordu” mifi darmadağın oldu. Rusiya silahı, hərbi texnikası ilə təchiz olunan Ermənistan silahlı birləşmələri müasir silahlarla təchiz olunan Azərbaycan ordusunun qarşısında tab gətirə bilmədiyini deyən S.Adıgözəllinin sözlərinə görə, bu da Ermənistanda böyük səs-küyə səbəb oldu. “Bilirsiz, silah satışı və alışı təkcə maliyə ilə bağlı məsələ deyil, burada siyasi məsələlər də əsas rol oynayır. Bəzi ölkələr təbii ki, siyasi baxımdan Ermənistana silah satışını həyata keçirmir. Bəzi ölkələr isə ona görə satmır ki, əgər onlar Ermənistana silah satarlarsa Azərbaycana da satmaq zorunda qalarlar. Çünki belə bir halın da olması istisna deyil. Görünür, bəzi ölkələrin Ermənistana silah satmaqdan imtina etməsi Ermənistanın tutduğu ümumi geopolitik mövqeyi ilə bağlıdır. Ermənistanın dünya dövlətləri arasında etibarı yoxdur. Bu etibarı qazanmaq üçün Ermənistana 100 illər də bəs etməz. Pulun olması heç də o anlama gəlmir ki, pula görə Ermənistana etibar edə bilərlər, xeyr. Azərbaycan isə bölgədə etibarlı tərəfdaşdır, etibarlı dövlətdir. Azərbaycan müxtəlif dövlətlərdən rahatlıqla silah ala bilir və bu sahədə problemlə üzləşmir. Bu da təbiidir. Azərbaycan bu silahı müdafiə məqsədilə alır və ərazi bütövlüyünü qorumaq üçün istifadə edir. Azərbaycan ordusu Ermənistan silahlı birləşmələrindən fərqli olaraq bu silahlardan dinc əhaliyə qarşı istifadə etmir. Amma Ermənistan əlində olan silahlardan həmşə mülkü əhaliyə qarşı istifadə edib”.
Ermənistanın bölgədə Rusiyanın bir dayaq nöqtəsi olaraq tanındığını deyən S.Adıgözəlli hesab edir ki, Ermənistana silah satılmamasının səbəblərindən biri də onun Rusiyaya bağlı olmasıdır. Ermənstanın indən sonra da ciddi silah qıtlığı ilə üzləşəcəyini qeyd edən qurum sədrinin sözlərinə görə, Azərbaycan isə daha müasir silahlar alaraq silah arsenalını zənginləşdirəcək. Azərbaycanın hər tərəfli üstünlüyünü qoruyacağını qeyd edən S.Adıgözəllinin bildirdiyinə görə, Azərbaycanın daha da güclənməsi Ermənistanın daha da zəifləməsi ilə nəticələnəcək. Bundan əlavə, S.Adıgözəlli vurğuladı ki, Ermənistanın Baş Nazirinin özünə hər hansı bir etimad, etibar yoxdur: “Dünya dövlətləri Ermənistanın baş nazirinə etibar etmir, belə olduğu halda o nədən danışır?”
İradə SARIYEVA